Məhkəmə qərarları › İş №2-1(112)-12630/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12630/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12630/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində qoyulmuş müvəqqəti nəzarətin götürülməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 218 saylı BTK-nın 1027e saylı torpaq sahəsi üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsinə əsasən kreditə pul götürülmüşdür. Kredit müqaviləsi üzrə "xxxx" Firmasının 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz boru 7251,59 manat) məbləğində borcu yaranmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma ilə təbrikləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları üzrə) tələb hüququ xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli müqavilələr əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin "xxxx" Firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-100 saylı təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bunun əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" Firmasından 21.470,39 manat məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən "xxxx" QSC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-804/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1445/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının həmin qətnaməsindən "xxxx" QSC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-804/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanları və məhkəmə qərarlarını əsas tutaraq "xxxx" Firmasının və İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına borcu yoxdur. Bu əsaslara baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında iddiaçının ölkədən çıxışına qadağa qoyulmuşdur. İdarənin məktubu əsasında İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 218 saylı BTK-nın 1027e saylı torpaq sahəsinə müvəqqəti məhdudiyyət qoymuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-930/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə qoyulmuşdur.

3. Cavabdehin iddiaçının müraciətinə olan xx.xx.2023-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, “xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən mülkiyyətinizdə olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 218 saylı BTK-nın 1027e saylı bağ sahəsi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət İdarəyə daxil olmamışdır.”

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2023-cü i il tarixində İdarəyə müraciət etmişdir. Sərancamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 218 saylı BTK-nın 1027e saylı bağ sahəsi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********98 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır.

5. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

7. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 218 saylı BTKnın 1027e saylı bağ sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh bağ sahəsi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciətin idarəyə daxil olmaması səbəbindən imtina etmişdir.

14. İddiaçının torpaq sahəsi barəsində məhdudiyyətin qoyulmasının əsası barədə məlumat əldə edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu ünvanlansa da, həmin sorğu cavablandırılmamışdır.

15. Həmçinin iş materiallarında olan 2-1(112)-930/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçının digər iddiası üzrə (ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi) məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə dəfələrlə sorğular göndərilməsinə baxmayaraq inzibati orqan tərəfindən sorğular cavablandırılmamışdır.

16. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarından görünür ki, "xxxx" QSC "xxxx" firmasına və İddiaçı qarşı məhkəməyə 2020-ci il 8 dekabr tarixdə iddia ərizəsi ilə müraciət edərək 14.218,80 manat əsas borc, 7.251,59 manat faiz borcu olmaqla ümumilikdə 21.470,39 manat məbləğində vəsaitin və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən və İddiaçı tutularaq QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 may tarixli, 2-2(113)- 1445/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olma müddəti 1998-ci il 3 noyabr tarixdən 1999-cu il 3 noyabr tarixədək qəbul edilməlidir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsaslı olmuş, iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

17. Qətnamədən narazi qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2- 2(103)-804/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Qətnamədən narazi qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin apellyasiya məhkəməsində müəyyən edilmiş halları və sübutları əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad edilən xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-804/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. İddiaçının ərizəsində göstərilənlərə əsasən Daxili İşlər Nazirliyi tərəfindən bu məhdudiyyətin iddiaçının qanuni təmsilçisi olduğu “Kərim-O" firmasının "xxxx" ASC-yə (sonradan tələb hüququnun keçməsi ilə bağlı "xxxx" QSC-yə) olan kredit borcu ilə bağlı olduğu güman edilsə belə, iddiaçı həmin borcla əlaqdər başlanmış cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyindən, həmçinin iddia müddətinin keçməsi ilə bağlı borcun "xxxx" firmasından tutulması barədə "Aqrarkredit” ASC-nin iddia tələbinin təmin olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarları olduğundan bu hal iddiaçının bağ sahəsi üzərinə məhdudiyyətin qoyulması üçün əsas ola bilməz.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); 8.0-ci maddədə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır.

21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin: 249.1. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 49.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.

22. Hazırkı işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən cavabdeh tərəfindən həmin əmlak üzərinə məhdudiyyət qoyulmuşdur. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçının əldə etdiyi əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunur. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktub əsasında iddiaçının mülkiyyətində olan bağ sahəsi üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir.

23. Beləliklə, işin sadalanan halları ilə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan bağ sahəsi üzərinə məhdudiyyət (nəzarət) qoyulması müəyyən olunsa da, iddiaçının hər hansı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkumluğu, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ya ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilmir.

24. Odur ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır. İddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.

25. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 218 saylı BTK-nın 1027e saylı torpaq sahəsi üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyi İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar