Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12634/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Xətai rayon İcra Hakimiyyətinə, Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialına qarşı “arxiv arayışının verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkətlərinin, 5-11/2- M-241-012/2012 saylı, xx.xx.2023-cü il tarixli və 3-48-2F/2-M-5214/2023 saylı, xx.xx.2023cü il tarixli inzibati aktlarının qanunsuz hesab edilməsi və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 33 nömrəli Sərəncamdan arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh inzibati orqanlar Xətai rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X2 adına Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 33 nömrəli Sərəncama əsasən Xətai rayonu 823-cü keçid 4 nömrəli binanın arxasında ticarət köşkünün tikilməsinə icazə və bu barədə icarə müqaviləsinin bağlanmasına sərəncam verilmişdir. İddiaçı bildirir ki, həmin sərəncam əsasında iddiaçının mərhum həyat yoldaşı tərəfindən1993-cü ilin əvvəllərində qeyd olunan ünvanda ticarət köşkü inşa edilmiş və hazıradək həmin köşk iddiaçının istifadəsindədir. xx.xx.2007-ci il tarixdə iddiaçının həyat yoldaşı X3 vəfat etmişdir. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra 40 saylı notariat ofisində vərəsəlik işi açılmış yoldaşının adında olan Bakı şəhəri, 823-ü keçid, 4 saylı evin 72 saylı, 3 otaqlı və 36.6 kv.metr yaşayış sahəsi olan mənzil qanun üzrə vərəsəlik qaydasında iddiaçının adına keçmişdir. Lakin iddiaçının mərhum həyat yoldaşının qanuni istifadəsində olmuş Xətai rayonu, 823-cü keçid 4 nömrəli binanın arxasında yerləşən ticarət köşkü və həmin köşkün altındakı torpaq sahəsinə münasibətdə istifadə hüququ miras olaraq iddiaçı tərəfindən qəbul edilməmişdir. Buna səbəb isə hazırkı iddia ərizəsinin predmetini təşkil edən sənədlərin olmaması olmuşdur. Buna görə də iddiaçı Xətai rayonu, 823-cü keçid, 4 nömrəli binanın arxasında yerləşən ticarət köşkünün tikintisinə icazə verilməsinə dair Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 33 nömrəli sərəncamdan arxiv arayışının verilməsinə dair eyni tarixdə hər iki cavabdehə - Xətai rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialına müraciət etmişdir. Lakin hər iki inzibati orqan iddiaçının tələb etdiyi arxiv arayışının verilməsindən əsassız olaraq imtina etmiş və bu barədə iddiaçının ünvanına 5-11/2-M-241-012/2012 saylı xx.xx.2023-cü il tarixli və 3-48-2F/2-M-5214/2023 saylı xx.xx.2023-cü il tarixli inzibati aktlar göndərilmişdir. İddiaçı hər iki cavabdeh orqanın qəbul etdiyi inzibati aktlardan şikayətçidir və həmin inzibati aktları qanunsuz hesab edir.
3. İddiaçının müraciətinə Bakı şəhəri Cavabdeh2 Başçısının Aparatının xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və müvafiq sənədlər verilmə tarixindən 5 il müddət keçdikdən sonra Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin Bakı Filialına təhvil verilir. İddiaçının aidiyyəti üzrə müraciət etməyi tövsiyə edilmişdir.
4. İddiaçının müraciətinə Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin Bakı Filialının xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2023-cü il tarixli, 33 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
5. AZ-İ № 253129 qeydiyyat nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X3 26 iyul 2007-ci il tarixdə ölmüşdür.
6. Reyestrdə 2V-113 nömrəsi ilə qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə qeyd olunur ki, xx.xx.2007 tarixdə ölmüş X3 vərəsəsi arvadı İddiaçı – Bakı, keçid 823, ev 4, mən. 72 (AZE 0*******, xx/xx/2011 -Xətai RPİ) və o miras əmlakdan ¾ hissədə pay almalıdır.
7. Reyestrdə 2V-114 nömrəsi ilə qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə qeyd olunur ki, xx.xx.2007 tarixdə ölmüş X3 vərəsəsi oğlu X4 – Bakı, keçid 823, ev 4, mən. 72 (AZE 08869263, xx/xx/2011 -Xətai RPİ) və o miras əmlakdan ¾ hissədə pay almalıdır.
8. Reyestrdə 3M-78 nömrəsi ilə qeyd olunan Miras payın bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunur ki, X4 xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakdan ona düşən ¼ hissə miras payını anası İddiaçı bağışlamışdır.
9. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
16. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının yekun məqsədi əmlaka dair hüquqların qeydə alınmasıdır. Odur ki, iddiaçı hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi əmlakın mərhum həyat yoldaşına məxsusluğu barədə arayışın verilməsinə dair iddia tələbi ilə müvafiq inzibati orqana - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətdir.
17. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 16.3, 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq,
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva