Məhkəmə qərarları › İş №2-1(112)-12636/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12636/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12636/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona görə ödənilməli olan 11000 (on bir min) manat birdəfəlik sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının X2 xx.xx.1991-ci il tarixdə Kərkicahan qəsəbəsində ermənilərlə olan münaqişədə aldığı güllə yarsından şəhid olmuşdur (xx.xx.1991-ci il tarixli ölüm haqqında şəhadənamə). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 002037 nömrəli şəhid ailəsi vəsiqəsinə əsasən İddiaçı şəhid ailəsidir. Bu günə qədər nə cavabdeh, nə də vaxtilə Dövlət Kommersiya Sığorta Şirkəti X5 vərəsəsinə 11000 (on bir min) manat birdəfəlik ödəmənin verilməsini təmin etməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə müraciət edərək, 11000 (on bir min) manat birdəfəlik ödəmənin verilməsini xahiş etmişdir. Cavabdeh 23 avqust 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək göstərmişdir ki: “Birdəfəlik ödənişin verilməsi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən həyata keçirilir və qeyd edilən Fərmanda ödəmənin “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyi 1991-ci il 18 oktyabr tarixindən 1997-ci il 2 avqust tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. Sizin atanız X9 1991-ci il 30 sentyabr tarixində vəfat etdiyinə görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün onun vərəsəsinə (vərəsələrinə) Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır”. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin (Normativ hüquqi aktlar) Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.3-cü (Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) maddəsinin tələblərinə zidd olmuşdur. Odur ki, həmin imtina qanuni və əsaslı hesab oluna bilməz. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, ona 11000 manat məbləğində sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Nazirlik tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********2 nömrəli cavab məktubunda X9 xx.xx.1991-ci il tarixdə vəfat etdiyinə görə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün onun vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin nəzərdə tutulmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə əsasən Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci hissəsinə görə dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən son raya aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir. Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilib. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Əlavə olaraq bildirilir ki, Xocalı Rayon İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2007-ci il tarixli 2061 nömrəli arayışı ilə İddiaçı şəhid ailəsi statusu verilmişdir. Belə ki, sözü gedən birdəfəlik ödəmənin verilməsi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci il 18 oktyabr tarixdən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri üçün nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən İddiaçı mərhum X2nun xx.xx.1991-ci il tarixdə vəfat etdiyindən adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün 11000 manat birdəfəlik ödəmənin verilməsi mümkün olmamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Şəhid ailələri üçün nəzərdə tutulmuş 11.000 manat məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1978-ci il təvəllüdlü Həsənov X8 şəhəri ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İV-ЖГ № 261309 nömrəli, xx.xx.1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1991-ci ildə Kərkicahan qəsəbəsində güllə yarasından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 6 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 002037 nömrəli vəsiqəyə əsasən İddiaçı şəhid ailəsi üzvüdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla məhkəməyə göndərilmiş sənədlərdən görünür ki: - xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdə Xocalı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 53 nömrəsi ilə qeyd edilmişdir. X2, anası X6r. - Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 2061 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Xocalı rayon sakini, məcburi köçkün İddiaçı ondan ötəri ki, həqiqətən onun X2 30 sentyabr 1991-ci ildə erməni quldurlarının vurduğu güllə yarasından şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarına və rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən İddiaçı şəhid ailəsi statusu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 4830 nömrəli məktubunda bildirilmişdir ki, Xidmətin Nəsimi rayon idarəsinin müvafiq uçot sənədlərində 1939-cu il təvəllüdlü X5 xx.xx.1991-ci ildə həlak olması barədə məlumat olsa da, hərbi xidmətə çağırılması, xidmət keçməsi, habelə şəhid statusuna malik olması barədə heç bir məlumat yoxdur. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik idarəsindən göndərilmiş “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda mərhum T.İddiaçı adı keçmir. Bu səbəbdən T.İddiaçı adı 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli sığorta ödənişinin verilməsi haqqında məktubda bildirilmişdir ki, birdəfəlik ödənişin verilməsi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən həyata keçirilir və qeyd edilən Fərmanda ödəmənin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci il 18 oktyabr tarixindən 1997-ci il 2 avqust tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. Sizin atanız X9 1991-ci il 30 sentyabr tarixində vəfat etdiyinə görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün onun vərəsəsinə (vərəsələrinə) Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın mümkünlüyünü qiymətləndirir. Hazırkı iş üzrə iddiaçı X2nun şəhid olması ilə əlaqədar 11000 (on bir min) manat birdəfəlik ödəmənin cavabdeh tərəfindən verilməsini mübahisələndirir. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının preambulasında göstərilmişdir ki, “Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzilməişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə” adı çəkilən Fərman qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanın qəbul edilməsində məqsəd 1997-ci il avqustun 2-də qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsindən öncə həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların sosial sığorta ödənişi almamış vərəsələrinə müvafiq sığorta ödənişinin verilməsi ilə əlaqədar olmuşdur. Fərmana əsasən aşağıdakılar qərara alınmışdır: -1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin. -2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. -3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. -5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. -5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. -6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 6.1. birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; 6.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; 6.3. birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; 6.4. müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; 6.5. birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 6.6. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin. -8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər. Beləliklə, hazırkı iddia üzrə iddiaçının tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına görə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır. Qeyd edilən birdəfəlik ödəmənin yalnız o şəxslərə (vərəsələrə) ödənilməsi nəzərdə tutulmuşdur ki, hərbi qulluqçunun adı bilavasitə həmin Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş siyahıda qeyd edilmiş olsun. Adıçəkilən hərbi qulluqçların siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş siyahı 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular barəsində tərtib olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: -1.1-ci bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. -1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -4.1 Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının X2 30 sentyabr 1991-ci ildə Kərkicahan qəsəbəsində güllə yarasından vəfat etmiş, Xocalı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən İddiaçı şəhid ailəsi statusu verilmiş, eyni zamanda ona şəhid ailəsi üzvü olması barədə Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixli, 002037 nömrəli vəsiqə verilmişdir. Göründüyü kimi X7 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.4-cü bəndinə əsasən erməni təcavüzü nəticəsində şəhid olmuş mülki vətəndaş olmaqla ona şəhid statusu, oğlu İddiaçı isə şəhid ailəsi üzvü statusu Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sorğuya cavabında şəhid 1939-cu il təvəllüdlü X9 hərbi qulluqçu hesab edilmədiyi, sonuncunun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilmədiyi göstərilmişdir. Beləliklə, 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmələrin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş siyahıya daxil edildikdən və həmin siyahının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərildiyi halda həmin şəxslərin vərsələrinə verilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddiaçının atası şəhid X5 adı qeyd edilən siyahıya daxil edilərək birdəfəlik ödəmənin aparılması üçün cavabdeh ƏƏSM-nə göndərilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, ilk növbədə X5 adının müvafiq siyahıya daxil edilmədən və bu siyahı vərəsələrə ödəniş edilməsi üçün göndərilmədən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11000 manat birdəfəlik ödəmənin verilməsi məsələsinə baxıla bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə isə cavabdeh qismində qoyulmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmamışdır. Belə olan halda iddia cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin münasibətdə mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar