Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1264/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, hüquq sahibi X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən “1324” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli, **********12 nömrəli məktubla bildirmişdir ki, elektron kadastr məlumatına əsasən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1324 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti yoxdur. Həmçinin, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı daha sonra yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək, xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubla bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********12 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X8 adına olan Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1324 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2002-ci il tarixli 157 saylı protokol və 1 saylı Orderə müvafiq şəkildə anası X10 adına rəsmiləşdirilmiş 1324 saylı bağ sahəsinə dair bağ sahəsinin faktiki yerləşməsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla arayışın verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 9/333 saylı qərarına əsasən 96 saylı Bağ Tikinti Kooperativinin tərkibində Bakı şəhəri, Nardaran qəsəbəsində bağlar ərazisində yerləşən 1324 saylı bağ sahəsi onun babasının istifadəsinə verilmişdir. Bağ sahəsi həmin vaxtdan bu günədək faktiki olaraq onun ailəsinin istifadəsindədir. Bütün bu illər ərzində o, həmin bağ sahəsinin istifadə olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Babası rəhmətə gedəndən sonra bağ sahəsi xx.xx.2002-ci il tarixli 157 saylı protokol və 1 saylı Orderə müvafiq şəkildə anası X10 adına rəsmiləşdirilmişdir. Lakin anası da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra o, vərəsə kimi bağ sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istəmiş, bununla bağlı müvafiq ərizə ilə 12 saylı Notariat Ofisinə müraciət etmişdir. Notarius H.Hacıyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla o, anası X10 vərəsəsi kimi tanınmış və cavabdeh təşkilatdan Bakı şəhəri, Nardaran qəsəbəsində bağlar ərazisində yerləşən 1324 saylı bağ sahəsinə çıxarış verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktub ilə ona bildirmişdir ki, 96 saylı ВТК nəzdində Nardaran qəsəbəsində 1324 saylı bağ sahəsinin X10 adına keçirilməsi barədə məlumat, həmçinin onun 1 saylı orderinin surəti İdarənin arxivindədir. Həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. O, hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə ərizə ünvanlamış, xx.xx.2021-ci il tarixli **********12 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Lakin vətəndaş qanunvericiliyə uyğun olaraq bağ sahəsinin ayrılması üçün səlahiyyətli quruma müraciət etmiş, bağ sahəsi ayrılmışdır. Bu barədə qüvvədə olan qanunvericiliyə əsasən verilməli olan sənədlər cavabdehə təqdim edilmişdir. Bundan əlavə, AR Dövlət Arxivinin Bakı Filialından etdiyi müraciət əsasında 21 dekabr 2021-ci il tarixli BA-06200-2021 saylı məktubla bağ sahəsinin ayrılması ilə bağlı arxiv çıxarışı alınmışdır. Torpaq sahəsi ölçülərək mərzlənmiş şəkildə onun istifadəsinə təhvil verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, göstərilən faktiki bağ sahəsi sxematik xəritəyə uyğun olaraq 1189 və 1327 saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər XDS icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarından görünür ki, həmin qərarla 96 nömrəli bağ-tikinti kooperativinin 33 nəfərdən ibarət üzvlərinin siyahısı təsdiq edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan X2 adı siyahıda 26-cı sırada qeyd olunmuşdur. - Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Nardaran massivindəki 96 nömrəli kooperativinin 26 nömrəli xx.xx.1989-cu il tarixli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarına əsasən X3 96 nömrəli BTK tərkibində olan Nardaran bağ massivində 0,12 ha sahəsi olan 1324 nömrəli bağ sahəsi ayrılmışdır. -xx.xx.1992-ci il tarixdə X4 ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinin direktoruna müraciət edərək Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarına əsasən ona ayrılmış 96 nömrəli BTK tərkibində olan Nardaran bağ massivində 0,12 ha torpaq sahəsi olan 1324 nömrəli bağ sahəsinin oğlu X5 adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 96 nömrəli kooperativinin 1 nömrəli orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 65 nömrəli protokoluna əsasən X6 96 nömrəli BTKnın tərkibində olan Nardaran bağ massivində 0,12 ha sahəsi olan 1324 nömrəli bağ sahəsi ayrılmışdır. -xx.xx.2002-ci il tarixdə X13 Bağlar birliyinin direktoruna ərizə ilə müraciət edərək həyat yoldaşının vəfatı ilə əlaqədar olaraq Nardaran ərazisində yerləşən 1324 nömrəli bağın onun adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 96 nömrəli kooperativinin 1 nömrəli orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 157 nömrəli protokoluna əsasən X12 96 nömrəli BTKnın tərkibində olan Nardaran bağ massivində 0,12 ha torpaq sahəsi olan 1324 nömrəli bağ sahəsi ayrılmışdır. - ünvan 3 ünvanladığı 3931 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət daxil olmuş və o vərəsə kimi tanınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə Nardaran bağ massivi olmaqla dövlət mülkiyyətindədir. Yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, anası Aza Əliyevaya ayrılmış 0,12 ha sahəsi olan 1324 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun anasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən babasının bağçılıq tikinti kooperativinə üzv qəbul edilməsi barədə qərarı, ona bağ sahəsinin ayrılması barədə orderi, daha sonra həmin bağ sahəsinin atasına verilməsi barədə orderi və sonuncunun ölümü ilə bağlı həmin bağ sahəsinin anasına keçməsi barədə orderi təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1324 saylı bağ sahəsinin iddiaçının anasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********99 nömrəli məktubuna əsasən 96 saylı ВТК nəzdində Nardaran qəsəbəsində 1324 saylı bağ sahəsinin X10 adına keçirilməsi (xx.xx.2002-ci i tarixli, 157 protokol) barədə məlumat, həmçinin onun 1 saylı orderin surəti İdarənin arxivində mövcuddur. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar Bağlar təsərrüfatının inkişafı və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 3.1-ci maddəsinə əsasən, qanuni bağ sahələrinin bir hissəsini və ya bütünlüklə ailə üzvlərinin, yaxud qohumlarının adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bağlar təsərrüfatı birliyinin komissiyasında baxılır və müvafiq Protokol imzalanır. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: -Qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq edilmiş qaydada rəsmi razılıqları, -Qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli, -Bağ sahəsinin bir hissəsini və ya bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi, -Yaşayış yerindən 2№-li forma arayışı, -İş yerindən arayış, -Ailə üzvü olduğunu yaxud qohumluq əlaqələrini təsdiq edən sənədlərin surəti və ya kserosurəti. Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsi yaxın qohumlarının adına keçdikdə, bu məsələ protokolla rəsmiləşdirilir. İşdən görünür ki, 1324 saylı bağ sahəsinin Əli Əliyevin vəfatı ilə bağlı Aza Əliyevanın adına keçməsi xx.xx.2002-ci il tarixli 157 nömrəli protokolla rəsmiləşdirilmiş, nəticədə İddiaçı 1 saylı order verilmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideynlərinə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, bağ sahəsinin yerləşmə yerinə istinad etmişdir. Belə ki, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, yəni 1324 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti olmadığını, məhkəməyə təqdim etdiyi yazılı etirazında isə iddiaçının naturada istifadə etdiyi sahənin 1189 və 1327 saylı bağ sahələrinin ərazisinə uyğun gəldiyini bildirmişdir. Lakin cavabdeh daha sonra məhkəmə sorğusuna əsasən təqdim etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazinin koordinatları ilə Nardaran qəsəbəsi, 1189 saylı bağ sahəsi barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 503265 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündəki koordinatların üst-üstə düşmədiyini, vahid elektron kadastr baza məlumatına əsasən bağ sahəsinin 1139, 1327, 1328 saylı bağların bir hissələrinə uyğun gəldiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh özü də iddiaçının naturada göstərdiyi bağ sahəsinin hansı nömrəli bağa uyğun gəlməsi ilə bağlı ziddiyyətli fikirlər bildirmiş, sonda həmin bağın 1139, 1327, 1328 saylı bağların bir hissəsinə uyğun gəlməsini qeyd etmişdir. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1139, 1326, 1327, 1328 və 1329 saylı bağ sahələrinə dair sənəd, həmçinin 96 saylı BTK-ya məxsus bağların bölgü sxeminin İdarənin arxivində aşkar edilmədiyini bildirmişdir. Eyni zamanda işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən bağ sahəsi mişar daşla hasarlanaraq sərhədlənmişdir. Sahədə “A” – yaşayış evi, B – sanitar qovşağı vardır. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr, faktiki ölçüsü 1548 kv.metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, torpaq sahəsi faktiki olaraq hasar daxili 0,1548 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir (digər bağların ərazisidir). Torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti barədə vahid elektron kadastr bazasında məlumat yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının babasına və atasına bağ sahəsi ayrılarkən qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, iddiaçının babasına 1989-cu ildə bağ sahəsi ayrılaraq naturada təhvil verilmiş, o, daha sonra isə onun ailə üzvləri bağ sahəsindən həmin tarixdən etibarən fasiləsiz istifadə etmişlər. Həmin bağ sahəsinin təqdim edilmiş orderdə göstərilən bağın nömrəsinə uyğun olub olmamasının müəyyənləşdirilməsi isə iddiaçının və bağın əvvəlki sahiblərinin bilməli olduğu hal olmamış və torpaq ayıran müvafiq səlahiyyətli qurumun məsuliyyətində olmuşdur. O da qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyətinin iyul 1992-ci il tarixli 941 saylı sərəncamı ilə Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin, heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilməsi və həmin vətəndaşlardan bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisəli bağ sahəsi iddiaçının valideynləri tərəfindən 1989-cu ildən etibarən itifadə olunmuş, yuxarıda göstərilən normalara əsasən həmin bağa dair verilmiş orderlər etibarsız sayılmamış, əksinə hər dəfə addan-ada keçirilmə barədə qərar qəbul edilməklə 1324 saylı bağ sahəsinin həmin şəxslərin istifadəsində olması öz təsbitini tapmışdır. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq nömrəyə istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə anası Aza Əliyevanın yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 0,12 ha sahəsi olan 1324 saylı bağ sahəsinə (faktiki yerləşmə vəziyyətinə uyğun) mülkiyyət hüququnun vəfat etmiş X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1264/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1264/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver