Məhkəmə qərarları › İş №2-1(112)-1264/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1264/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1264/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-xx.xx.1988-ci illərdə işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsinin və pensiya hüququnun yarandığı xx.xx.2024-cü ildən ödənilməyən məbləğin hesablanaraq ödənilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçının Amasiya rayon Partiya Komitəsində xx.xx.1985-xx.xx.1988-ci illərdə işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsinin və pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixindən etibarən ödənilməyən məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-xx.xx.1988-ci illərdə Ermənistan Kommunist Partiyası SSR Amasiya rayon Partiya Komitəsində instruktor vəzifəsində işləmişdir. Daha sonra dövlət qulluqçusu kimi 19 il Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində işlədikdən sonra 2024-cü ilin yanvarından pensiyaya çıxmışdır. Lakin pensiya təyin edilərkən onun 1985-1988-ci illərdə Amasiya rayon Partiya Komitəsində instruktor vəzifəsində işlədiyi müddət nəzərə alınmamışdır. İddiaçının bununla bağlı xx.xx.2024-cü il tarixli yazılı şikayətinə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın direktorunun müavini Fuad Zeynalovun xx.xx.2024-cü il tarixdə göndərdiyi cavab məktubunda bildirilir ki, dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda Ermənistanda mövcud olmuş vəzifələrin uyğulaşdırılması nəzərdə tutulmamışdır. Bu əsassız cavabdan iddiaçı narazı qalaraq, məsələyə aydınlıq gətirilməsi üçün müvafiq sənədlərlə birgə X4 yazılı müraciət etmişdir. DİM-in Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilovun imzası ilə aldığı cavabda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2002-ci il tarixli, 665 nömrəli fərmanı ilə təsdiq olunmuş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Odur ki, iddiaçının 1985- 1988-ci illərdə Ermənistan Kommunist Partiyasının Amasiya rayon Partiya Komitəsində işlədiyi müddət dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmalı, iddiaçıya pensiya təyin edilərkən 19 il yox, 23 il dövlət qulluqçusu kimi pensiya hesablanmalı idi. X7 Mərkəzinin verdiyi müsbət rəy Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, N.X2 müraciəti nəticəsində xx.xx.2024-cü il tarixli qərarla ona 3180,83 manat pensiya təyinatı apanlmışdır.İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, müvafiq dövrün dövlət qulluğu stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024- ci il tarixli cavab məktubu ilə müraciətin müsbət həllinin mümkün olmaması bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. İnzibati iş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubuna əsasən iddiaçının 1985-1988ci illərdə Ermənistan Kommunist Partiyasının Amasiya rayon Partiya Komitəsində işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasi Dövlət İmtahan Mərkəzinin iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubuna əsasən iddiaçının 1985-1988-ci illərdə Ermənistan Kommunist Partiyasının Amasiya rayon Komitəsində instruktor vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikasının X4 ünvanladığı müraciətinə baxılmışdır. Məktubda göstərilir: “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundə göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır”. Eyni zamanda iddiaçıya 1985-1988-ci illərdə Ermənistan Kommunist Partiyasının Amasiya rayon Komitəsində instruktor vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, yuxanda adıçəkilən Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.Müvafiq uyğunlaşdırılma aparıldığından 1985-1988-ci illərdə Ermənistan Kommunist partiyasının Amasiya rayon Komitəsində instruktor vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. İddiaçıya aid pensiya işində olan sığorta stajının hesablanması cədvəlinə əsasən iddiaçıya pensiya təyin edilən zaman xx.xx.1992-ci ilə qədər 13 il 2 ay 14 gün, xx.xx.1992ci ildən xx.xx.2006-cı ilə qədər 14 il, xx.xx.2006-cı ilə qədər cəmi 27 il 2 ay 14 gün, xx.xx.2006-cı ildən pensiya təyin edilənə qədər 27 il 2 ay 14 gün sığorta stajı hesablanmışdır. İddiaçının əmək kitabşasına əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-cı ilə qədər Ermənistanın Amasiya rayonunun Güllibulaq orta məktəbində müəllim işləmiş, xx.xx.1980cı ildə Amasiya rayon X3 İttifaqı Rayon Komitəsinin katibi seçilmişdir, xx.xx.1981-ci ildə həmin təşkilatda İİ katib seçilmişdir, xx.xx.1985-ci ildə işdən azad edilmişdir, Amasiya rayon Partiya Komitəsində xx.xx.1985-xx.xx.1988-ci illərdə təlimatçı (instruktor) işləmişdir, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Azərbaycan Qaçqınlar Cəmiyyətində təlimatçı, baş təlimatçı, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər Azərbaycan SSR X1 və Hüquq İnstitutunda kiçik elmi işçi, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə qədər Milli Münasibətlər İnstitutunda kiçik elmi işçi, elmi işçi, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilə qədər Azərbaycan MBE A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi işləmişdir.

İV. Məhkəmənin mövqeyi

9.Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X5, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatı, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi (2-ci kateqoriya dövlət orqanları);8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X6, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: ... 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 11.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:..20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);.

12. xx.xx.2007-dək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində deyilirdi: 5.1. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. 5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il. oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3. Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; 6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla; 13.Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydası”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”na əsasən aparılır.

14. Göründüyü kimi iddiaçı xx.xx.1985-xx.xx.1988-ci illərdə Amasiya rayon Partiya Komitəsində təlimatçı (instruktor) işləmişdir, həmin təşkilat partiya orqanı olmaqla həmin partiya orqanında iş Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”na əsasən dövlət qulluğu hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydası”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Lakin cavabdeh qeyd edilən halları və qanunvericilik tələblərini nəzərə almamış, iddiaçının Amasiya rayon Partiya Komitəsində xx.xx.1985-xx.xx.1988-ci illərdə işlədiyi dövrün dövlət qulluğu stajına daxil etməmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur. 15.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 16.Hal-hazırda iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamışdır və iddiaçının dövlət qulluqçusu kimi pensiya almaq hüququnu pozmuşdur.Belə ki, inzibati orqan olan cavabdeh iddiaçının əmək kitabçasında göstərilən Amasiya rayon Partiya Komitəsində xx.xx.1985-xx.xx.1988-ci illərdə işlədiyi dövrü dövlət qulluğu stajına daxil etmək əvəzinə formal mülahizələrlə həmin dövrün dövlət qulluğu kimi nəzərə almaqdan intina etmişdir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçının Amasiya rayon Partiya Komitəsində xx.xx.1985xx.xx.1988-ci illərdə işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixindən etibarən ödənilməyən məbləğin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. 19.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Amasiya rayon Partiya Komitəsində xx.xx.1985-xx.xx.1988-ci illərdə işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2024cü il tarixindən etibarən ödənilməyən məbləğin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar