Məhkəmə qərarları › İş №2-1(112)-12648/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12648/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12648/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019cu il tarixli 017 nörməli istismara icazə sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 21 ünvanda yaşayış binası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev № 21-in mansard sahəsindən (Xətai prospekti tərəfə) 233 m2-lik, 3 otaqlı mansard sahəsinin əldə edilməsi ilə bağlı 7.05.2021-ci il tarixli müqavilə imzalanmışdır. İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev № 21-in mansard sahəsindən (arxa tərəfə) 218 m2-lik, 3 otaqlı mansard sahəsinin əldə edilməsi ilə bağlı 7.05.2021-ci il tarixli müqavilə imzalanmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativi 202/165 №-li, 7 may 2021-ci il tarixli Maliyyə arayışına əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai ev № 21-in mansard sahəsindən xx.xx.2021-ci il müqaviləyə əsasən 218 m2 mansard sahəsini almışdır və həmin müqaviləyə uyğun olaraq dəyəri tam ödənilmişdir. "xxxx" MTK-ya heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativi 202/167 №-li, 7 may 2021-ci il tarixli Maliyyə arayışına əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai ev № 21-in mansard sahəsindən xx.xx.2021-ci il müqaviləyə əsasən 233 m2 mansard sahəsini almışdır və həmin müqaviləyə uyğun olaraq dəyəri tam ödənilmişdir. "xxxx" MTK-ya heç bir borcu yoxdur. İddiaçı həmin mənzillər üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2024cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...idarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman mansard mərtəbənin ünvan 1 ünvanda inşa edilmiş 112 mənzilli yaşayış binasına dair Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 1 saylı Bakı İdarəsinə elektron qaydada göndərilmiş 017 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində texniki mərtəbə kimi nəzərdə tutulduğu, qeyd olunan mərtəbədə faktiki olaraq 5 (beş) ədəd mənzilin düzəldildiyi, 5 (beş) ədəd mənzilin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, bununla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx/xx-02438 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar ünvan 2 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin rəyi tərtib edilərkən, binanın 18-ci mərtəbəsinin üzərindəki sahənin mənzillərə bölünməsi barədə məlumat təsdiq edilmədiyindən, qeyd olunan yaşayış sahələri binaya dair tərtib edilmiş rəydə öz əksini tapmadığı bildirilmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 3 ünvanında yerləşən yaşayış binasının mansard hissəsində yerləşən 3 otaqlı 233 kv.m-dən və 3 otaqlı 218 kv.m-dən mənzillər üzərində mülkiyyət hüquqlarını qeydiyyata alaraq çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, mənzillərin dəyərini tam ödəyərək almış və bunun ilə bağlı ona müqavilə və maliyyə arayışları verilmişdir. Bundan sonra həmin yaşayış binası istismara tam hazır olduğundan dövlət qurumları tərəfindn istismara hazırlıq aktı verilmiş və binada əmlak mülkiyyətçilərinə rəhbəri olduqları idarə tərəfindən mülkiyyət hüquqularının dövlət qeydiyyatına almması ilə bağlı Çıxarışlar verilməyə başlanmışdır. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev № 21-in mansard sahəsindən (Xətai prospekti tərəfə) 233 m2-lik, 3 otaqlı mansard sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev № 21-in mansard sahəsindən (arxa tərəfə) 218 m2lik, 3 otaqlı mansard sahəsinin alınması ilə bağlı 7.05.2021-ci il tarixli müqavilələr imzalanmış, mənzillərin dəyəri tam ödənilmişdir. İddiaçı həmin müqavilələr əsasında mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan mansard mərtəbənin ünvan 1 ünvanda inşa edilmiş 112 mənzilli yaşayış binasına dair Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 1 saylı Bakı İdarəsinə elektron qaydada göndərilmiş 017 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində texniki mərtəbə kimi nəzərdə tutulduğu, qeyd olunan mərtəbədə faktiki olaraq 5 (beş) ədəd mənzilin düzəldildiyi, 5 (beş) ədəd mənzilin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığını və ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin rəyi tərtib edilərkən, binanın 18-ci mərtəbəsinin üzərindəki sahənin mənzillərə bölünməsi barədə məlumat təsdiq edilmədiyindən, qeyd olunan yaşayış sahələri binaya dair tərtib edilmiş rəydə öz əksini tapmadığını əsas gətirilməklə tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İddiaçının MTK ilə bağladığı müqavilələr əsasında iki ədəd daşınmaz əmlak əldə etməsi və həmin mənzillərin pay haqqını tam olaraq ödəməsi, nəticə etibarı ilə iddiaçının həmin mənzillərə dair hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçının hüquqmüəyyənedici sənədlərə malik olmasını cavabdeh də mübahisələndirmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Hazırda mübahisə, iddiaçı tərəfindən həmin mənzillərin mansard mərtəbəsi kimi, cavabdeh tərəfindən isə texinki mərtəbə kimi qiymətləndirilməsindən yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin və cavabdehin imtinasının əsaslılığın yoxlanılması üçün iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakların fatkiki olaraq mansard, yaxud texniki mərtəbə kimi nəzərdə tutulması və istifadə edilməsi müəyyən edilməlidir. İddia predmetini təşkil edən daşınmaz əmlakların texniki mərtəbə deyil, mansard mərtəbəsi kimi nəzərdə tutulması və istifadə olunması iş materiallarında olan mötəbər sənədlərlə təsdini tapır: 1) Tərəflər arasında bağlanmış müqavilələr; İddiaçı ilə MTK arasında bağlanmış müqavilələrdə alınmış sahələr texniki mərtəbə deyil, manasrd kimi qeyd edilmişdir; 2) Azərbaycan Respublikası FHN Tikintidə Təhüləkisliyə Nəzarət X2 Qrupunun xx.xx.2011-ci il tarixli, 177 №li rəyi; Həmin rəydən görünür ki, ünvan 4 ünvanında 1 girişli 18 mərtəbəli (+mansarda, 1-ci mərtəbəsi 2 səviyyəli, zirzəmi mərtəbəsi – yeraltı qaraj) yaşayış binası (sifarişçi "xxxx" MMC) yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq tələblərini ödəməsi barədə rəy verilmişdir. Həmin rəydən görünür ki, binanın 18 mərtəbəsindən əlavə mansard mərtəbəsi də nəzərdə tutulmuşdur; 3) Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" MMCnin rəhbərinə ünvanladığı xx.xx.2009-cu il tarixli, 18/4-447 № li məktubu; Həmin məktubun məzmunundan müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 529 saylı sərəncamı, 11156 saylı inşaat pasportu, memarlıq-planlaşdırmasının eskiz həlli xx.xx.2003-cü il tarixli, 18/04-288 saylı işçi layihəsinin memarlıq hissəsi, xx.xx.2004-cü il tarixli, 18/04-619 saylı məktublarla razılaşdırılmış Nərimanov rayonu, Xətai pr., 777-ci məhəllədə inşa edilmiş yaşayış binasənən 1-ci mərtəbəsinin 2-ci səviyyənin (antresol) təşkil edilməsi, 2-ci mərtəbədə yaşayış sahəsinin qeyri-yaşayışla əvəzlənməsi, mərtəbələrdə edilmiş dəyişikliklər və əlavə mansard mərtəbəsinin tikintisi ilə əlaqədar təqdim edilmiş layihə sənlədlərinə baxılaraq razılaşdırılmışdır; 4) İş materiallarında olan iddia predmetini təşkil edən daşınmaz əmlakların fotoşəkilləri; Təqdim edilən fotoşəkillərdən qeyd edilən yaşayış sahələrinin hündürlüyü, ölçüsü, layihələndirilməsi həmin sahələrin texniki mərtəbə deyil, mansard mərtəbəsi kimi nəzərdə tutulduğu və istifadə edildiyi açıq-aydın görünür; 5) Yaşayış binasının təsdiq edilmiş eskiz layihəsi. Qeyd edilən layihədə mansard mərtəbəsinin planı layihələndirilmiş və təsdiq edilmişdir. Göründüyü kimi, istinad edilən sübutlarla müəyyən edilir ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınması tələb olunan sahələr texniki mərtəbə deyil, mansard sahəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə görə, mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Məhkəmə qeyd edir ki, mansard sahəsi ilə texniki mərtəbənin fərqləndirilməsi üçün aşağıdakı meyarlar nəzərə alınmalıdır.

1. Təyinat və Funksionallıq Mansard mərtəbəsi: • Yaşayış və ya ofis kimi istifadə üçün nəzərdə tutulur. • Çox vaxt dekorativ və komfortlu yaşayış sahəsi kimi planlaşdırılır. • Hündürlüyü və tavan forması yaşayış standartlarına cavab verməlidir. Texniki mərtəbə: • Texniki avadanlıqların (istilik, su təchizatı, ventilyasiya, elektrik naqilləri və s.) yerləşdirilməsi üçün nəzərdə tutulur. • Yaşayış üçün istifadə edilmir və adətən minimal interyerə malikdir.

2. Memarlıq və Dizayn Mansard mərtəbəsi: • Adətən çardaq və ya yamaclı dam altında yerləşir. • Damın forması otaqların ölçülərini və dizaynını müəyyən edir. • Pəncərələr (tez-tez mansard tipli) əlavə olunur ki, işıqlandırma və havalandırma təmin edilir.

Texniki mərtəbə: • Çox vaxt düz və standart dam konstruksiyasına malik olur. • İşıqlandırma və ya estetik elementlərə xüsusi diqqət yetirilmir. • Dizayn funksional məqsədlər üçün sadə saxlanılır.

3. Qanunvericilik və Tələblər Mansard mərtəbəsi: • Yaşayış sahəsi kimi planlaşdırıldıqda, yanğın təhlükəsizliyi, istilik izolyasiyası və digər tikinti normalarına cavab verməlidir. • Hündürlük standartlarına uyğun olmalıdır (ən az 2,5 m).

Texniki mərtəbə: • Xüsusi yaşayış normalarına uyğun tələblər tətbiq edilmir. • Əsas tələblər yalnız texniki avadanlıqların təhlükəsiz və effektiv işləməsinə yönəlib.

4. İstifadə perspektivləri Mansard mərtəbəsi: • Əmlak dəyərini artırır və yaşayış sahəsini genişləndirir.

Texniki mərtəbə: • Əmlak dəyərinə birbaşa təsir etmir. • Bütün binanın texniki vəziyyətinin təmin olunmasına xidmət edir.

5. İstismar Şəraiti Mansard mərtəbəsi: • Daha yaxşı istilik və səs izolyasiyasına malik olur, çünki yaşayış sahəsi üçün nəzərdə tutulur.

• Texniki mərtəbə: • Nisbətən soyuq və ya isti ola bilər, çünki istifadə məqsədi yaşayış deyil. Qeyd edilən meyarlar nəzərə alındıqda iş materiallarında olan fotoşəkillər və digər sübutlar tədqiq edilərkən iddia tələbinin premdetini təşkil edən daşınmaz əmlakların texniki mərtəbə deyil, yaşayış sahəsi olması öz təsdini tapır. Qanunvercilikdə isə, mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsi). Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış binasının mansard hissəsində yerləşən 3 otaqlı 233 kv.m və 3 otaqlı 218 kv.m olan mənzillər üzərində mülkiyyət hüquqlarını qeydiyyata alaraq çıxarışların verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar