Məhkəmə qərarları › İş №2-1(112)-12652/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12652/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12652/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan müddəaların (maddə: 20.14.1) tələbi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuş, xx.xx.1993-cü il tarixdən həqiqi hərbi xidmətə daxil olmuş və xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən 37 il 4 ay 21 gün ümumi hərbi xidmət illəri mövcud olmuşdur. Hazırda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Məlum olduğu kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normalarına əsasən yaşına görə hərbi xidmətdən buraxılanlara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi miqdarında əlavə olunmaqla pensiya hesablanırdı. 2024-cü il yanvarın 1-dən sonra sözügedən norma dəyişdirilmiş və nəticədə ona təyin edilən pensiya məbləği 5% azalmış və sosial təminat hüququ məhdudlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, onun yaşa görə pensiyaya çıxmaq hüququ sözügedən müddəanın qanunvericilikdən çıxarılmasından əvvəl yarandığından hüququnun yarandığı tarixdə qüvvədə olan normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Qərarı ilə pensiya təminatı sahəsində formalaşdırmış olduğu hüquqi mövqeyə görə şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Ərizəyə əlavə edilmiş sənədlərlə sübut olunur ki, 2024-cü il yanvarın 1-nə qədər iddiaçının (xx.xx.2023-cü il tarixdə) 53 yaşı tamam olmuş və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən ona pensiya təyin edilərkən pensiya hüququnun yarandığı zaman (yəni xx.xx.2024-cü il tarixədək) qüvvədə olan normaların tələbinə uyğun şəkildə pensiya məbləği hesablanmalıdır. Bundan başqa qeyd edir ki, onun hüququ yarandığı tarixdə pensiya təyin edilsəydi təminat xərcliyinin 98,83 faizi məbləğində əmək pensiyası təyin ediləcəkdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona təyin edilmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən yenidən hesablanması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili ve daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 5.10-cu bəndinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərinı rəhbər tutur. İddiaçı sonuncu xidmət keçdiyi orqandan xx.xx.2024cü il tarixdə tərxis olunması ilə əlaqədar Mərkəzi Filiala təqdim edilən məlumat vərəqində onun xx.xx.2017-ci il tarixədək 30 il 10 ay 21 gün, xx.xx.2017-ci il tarixdən sonra 6 il 11 ay 3 olmaqla cəmi xidmət müddətinin 37 il 9 ay 24 gün olduğu göstərilmişdir. Belə olan halda iddiaçının əmək pensiyası aşağıdakı qaydada hesablanır: 1. xx.xx.2017-ci il tarixədək 30 il 10 ay 21 gün xidmət müddətinə münasibətdə- -25 il üçün təminat xərcliyinin 65 faizi; -5 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (5x3) təminat xərcliyinin 15 faizi. 2. xx.xx.2017-ci il tarixdən sonra 6 il 11 ay 3 gün müddəti üçün isə -6 il üçün hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -11 ay üçün təminat xərcliyinin 1,83 faizi. Göstərilənlərə əsasən, iddiaçıya Mərkəzi Filial tərəfindən 4 iyun 2024-cü il tarixdən təminat xərcliyinin (4048,30 manat) 93,83 (65+15+12+1,83) faizi-3798,52 manat məbləğində olmaqla qanunvericiliyin müddəalarına uyğun formada əmək pensiyası təyin edilərək ödənilir. Beləliklə, iddiaçının hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı "yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(112)-12652/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaısnda iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçıya cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7728/2024 nömrəli qərarı ilə cəmi xidmət illəri 37 il 09 ay, pensiya faizi 93.83 manat olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən hüququn yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı 53 yaşının xx.xx.2024-cü il tarixədək, yəni xx.xx.2023-cü il tarixdə tamam olduğunu, bununla da həmin vaxtdan hərbi qulluqçu kimi yaşa görə əmək pensiaysı hüququnun yarandığını nəzərə alaraq ona ƏPQ-nun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olan redaksiyası əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;(..). Qeyd edilməlidir ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddəsində “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmiş və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. (Qanun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir.) ƏMP-na 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi,” sözləri çıxarılmışdır. (Qanun xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Beləlilkə, iddiaçı ƏPQ-20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ona 37 il 09 ay 24 gün xidmət müddətindən xx.xx.2017-ci il tarixədək olan 30 il 10 ay 21 günlük dövr üzrə 20 il üçün yaşına görə hərbi xidmətdən buraxıldığına görə 55%+ xx.xx.2017-ci il tarixədək olan dövr üzrə qalan 10 il üçün hər ilə 3% olmaqla cəmi 30 % (bu zaman aylar nəzərə alınmır, belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin fazi dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması nəzərə alınmır, yalnız tam il hesaba alınır) + xx.xx.2017-ci il tarixdən sonrakı dövrə düşən qalan 6 il 11 ay 03 gün üçün hər tam ilə 2 % olmaqla 12% + xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 11 ay üçün 1/83 % (11x(2/12) olmaqla cəmi 98,83% məbləğində (85%+13.83%) təminat xərcliyindən pensiyasının hesablanmasını mübahisələndirir. Cavabdehin hesablamasına əsasən iddiaçının hərbi xidmətdən buraxıldığı xx.xx.2024-cü ilə olan xidmət müddəti 37 il 9 ay 24 gün olmaqla Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası aşağıdakı qaydada müəyyən edilməlidir: xx.xx.2017-ci il tarixinədək 30 il 10 ay 21 gün xidmət müddətinə münasibətdə yaşına görə hərbi xidmətdən buraxıldığı üçün 25 ilə görə təminat xərcliyinin 65 faizi+ qalan 5 il üçün hər ilə görə 3 faizi miqdarında olmaqla (5x3) 15 faiz+xx.xx.2017-ci il tarixindən sonra 6 il 11 ay 3 gün müddəti üçün isə-6 il üçün hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) 12 faiz+ 11 ay üçün 1,83 faiz (11x(2/12) olmaqla, cəmi pensiya faizi təminat xərcliyinin 93,83 (65+15+12+1,83) faizi məbləğində müəyyən edilmişdir. Beləliklə, işin mübahisələndirilən halı ƏPQ-nun 20.14.1-ci maddəsinə edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasının iddiaçının pensiya məbləğinin hesablanmasına tətbiq edilib-edilməməsi ilə bağlıdır. İddiaçı onun yaşa görə əmək pensiyası hüququnun hələ 53 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə yarandığını, həmin tarixdə isə qanunun sözügedən dəyişikliyin qəbul olunmadığını, hərbi xidmətdən buraxılaraq pensiya təyin edildiyi xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyanın tətbiqinin onun vəziyyətini ağırlaşdırdığını əsas gətirərək ona məhz xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş ƏPQ-nun 20.14.1-ci maddəsinin redaksiyası əsasında pensiyasının hesablanmasını mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyada 9.5-ci maddəsinə əsaəsn aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. -9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Qeyd edilən normaların göründüyü kimi hərbi qulluqçunun son xidmət yaşı həddinə çatması hələ onun hərbi qulluqçu kimi pensiya hüququnun yaranmasını ehtiva etmir. Yaşa görə hərbi qulluqçu üçün pensiya hüququnun yarandığı tarix məhz onun yaşına görə hərbi xidmətdən tərxis olunduğu gündür, hərbi qulluqçu yaşa görə pensiyasını hüququnu hərbi xidmətdən buraxıldığı gündən təmini tələb də bilər, onun üçün pensiya məbləği hərbi xidmətdən buraxıldıqdan sonra hərbi xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyindən hesablanmaqla təyin olunur. Başqa sözlə, hərbi qulluqçuya pensiya təyin edilməsi üçün hüquqi fakt onun müvafiq xidmət illərinə malik olmaqla hərbi xidmətədən buraxılmasıdır. İddiaçı üçün hərbi xidmətdən tərxis edilmə tarixi yaşa görə xidmətdən buraxıldığı xx.xx.2024-cü ildir. Həmin tarixə iddiaçının xidmət keçdiyi qurum tərəfindən cəmi xidmət müddəti 37 il 09 ay 24 gün olmaqla məlumat vərəqi tərtib edilərək cavabdehə göndərilmişdir. Cavabdeh iddiaçıya xidmətdən buraxıldıqdan sonra, yəni pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixə pensiya təyin edərkən qüvvədə olan maddi hüquq normasını, yəni Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan norması əsasında pensiya təyin etmişdir. Eyni zamanda inzibati orqan iddiaçıya pensiya faizinin hesablanması zamanı xx.xx.2017-ci il tarixədək olan təminatları da əlavə olaraq nəzərə almışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın istər qanunla hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsinin zəruriliyi baxımından, istərsə də bilavasitə ƏPQ-na dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanunun keçid müddəalarının tələbləri baxımından xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş norma əsasında pensiya təyin edilməsi mümkün hesab olunmur. Belə ki, 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunun Keçid müddəalarında (Maddə 5) aşağıdakılar qeyd edilmişdir: -5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. -5.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək təyin edilmiş əmək pensiyaları bu Qanuna əsasən yenidən hesablanmır. Maddə 6. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi keçid müddəalarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yeni dəyişikliyin qazanılmış hüquq konsepsiyasından çıxış edərək hüquqi vəziyyəti ağırlaşdırmamaq məqsədilə yalnız iki kateqoriya qrup şəxslərə tətbiq edilməməsi nəzərdə tutulmuşdur: -xx.xx.2024-cü il tarixədək 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, -xx.xx.2024-cü il tarixədək 20 il və daha çox xidmət etmiş, lakin 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxılan hərbi qulluqçulara. Hazırkı iş üzrə iddiaçı tərxis olunduğu xx.xx.2024-cü il tarixə 37 il 09 ay 24 gün, xx.xx.2024-cü ilə 37 il 03 ay xidmət müddəti olmaqla yuxarıda sadalanan şəxslər kateqoriyasına da aid deyildir. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya təyinatı zamanı iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar