Məhkəmə qərarları › İş №2-1(112)-1266/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1266/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1266/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən ona 57 yaşdan, pensiya hüququnun yarandığı 22.01.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və qərar çıxarılan günə kimi ötən ayların pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 22.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 22 avqust 1961-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. O, 01 sentyabr 1976-ci ildən 20 iyul 1979-cu ilə kimi Baki şəhəri 5 saylı Texniki Peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış (staj 2 il 10 ay 19 gün), 06 avqust 1979-cu ildən 11 aprel 1980-cı ilə kimi Bakı Quraşdırma İdarəsində elektrik qaynaqçısı peşəsində iləmiş (əmək stajı 8 ay 5 gün), 20 aprel 1980-cı ildən 21 iyun 1982-ci ilə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (xidmət müddəti 2 il 2 ay 1 gün). O, hərbi xidmətdən qayıdandan sonra 29 iyul 1982-ci ildən 11 yanvar 1983-cü ilə kimi Bakı Quraşdırma İdarəsində (əmək stajı 5 ay 14 gün), 01 fevral 1983-cü ildən 04 yanvar 1999-ci ilə kimi “Azneftkimquraşdırma” Trestinin Birinci Bakı Quraşdırma İdarəsində (həmin müəssisənin adı dəyişdirilməklə "xxxx" Səhmdar Firması və sonra "xxxx" X10 Cəmiyyəti adlandırılmışdır - əmək stajı 15 il 11 ay 27 gün), 05 yanvar 1999-cu ildən 31 mart 2002-ci ilə kimi “Consefe” LTD şirkətində (əmək stajı 3 il 2 ay 26 gün), 01 aprel 2002-ci ildən 13 iyun 2003-cü ilə kimi “SGB Denfolom” LTD şirkətində (əmək stajı 1 il 2 ay 2 gün), 05 may 2003-cü ildən 03 iyun 2011ci ilə kimi "xxxx" ASC-də (24.08.2006-cı il tarixdən ASC "xxxx" MMC adlandırılmışdır) elektrik qaynaqçısı peşəsində (əmək stajı 8 il 28 gün), 07 iyun 2011-ci ildən 20 iyun 2011ci ilə kimi "xxxx" şirkətində elektrik qaynaqçısı köməkçisi peşəsində (əmək stajı 13 gün), 23 iyun 2011-ci ildən 31 mart 2017-ci ilə kimi ”SDL Denholm Limited” şirkətinin filialında qaynaqçı (karbon-metal) - (əmək stajı 5 il 9 ay 7 gün), 01 aprel 2017-ci ildən 01 avqust 2018-ci ilə kimi "xxxx" MMC-də qaynaqçı (karbon-metal) - (əmək stajı 1 il 4 ay), 23 oktyabr 2018-ci ildən 13 may 2019-cu ilə kimi "xxxx" X10 Cəmiyyətində elektrik qaynaqçısı (əmək stajı 6 ay 17 gün), 04 noyabr 2020-ci ildən bu günə kimi “X1 Group” MMC-də elektrik qaz qaynaqçısı peşəsində (əmək stajı 7 aydan artıqdır) işləyir. Cavabdeh təşkilat “Coneyf’ LTD-nin və “SGB Denholm” LTD-nin məcburi dövlət sığorta haqlarını ödəməməsinə əsaslanaraq, bu səbəbdən 05.01.1999-31.03.2002-ci və 01.04.2002-13.06.2003-cü il tarixləri arasındakı dövrü ümumi və xüsusi iş stajının olmaması nəticəsinə gəlmişdir. Əmək kitabçasından göründüyü kimi, o, həmin müəssisələrdə işləmişdir. Bu səbəbdən cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməmişdən əvvəl qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan pensiya təyin etməkdən əsassız olaraq imtina etmişdir. Əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər hesab edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin» 2 nömrəli siyahısında (23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları) nəzərdə tutulmuşdur. Əmək kitabçasından göründüyü kimi, o, 42 ildən artıq stajının 35 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, Mərkəzi Filiala təqdim edilmiş 10 avqust 1979-cu il tarixli əmək kitabçasında iddiaçının 05.01.1999-31.03.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, 01.04.2002-13.06.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm" LTD-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) 05.01.1999-13.06.2003-cü il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 8 ay 4 gün (01.09.1976-30.07.1979-cu il, 06.08.1979- 11.04.1980-cı il, 20.04.1980-18.06.1982-ci il, 29.07.1982-11.01.1983-cü il, 01.02.1983- 04.01.1999-cu il və 14.06.2003-01.01.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan B seriyalı 135345 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-ci ildə Bakı şəhəri 5 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbin elektrik qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarında olan İddiaçı məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 20.04.1980-ci il tarixdən 21.06.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 16.05.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 10 avqust 1979-cu il tarixli əmək kitabçanızda 05.01.1999-31.03.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, 01.04.2002- 13.06.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm" LTD-də işlədiyiniz qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) 05.01.1999-13.06.2003-cü il tarixləri arasındakı dövrü Sizin iş stajınıza daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən Sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 8 ay 4 gün (01.09.1976- 30.07.1979-cu il, 06.08.1979-11.04.1980-ci il, 20.04.1980-18.06.1982-ci il, 29.07.1982- 11.01.1983-cü il, 01.02.1983-04.01.1999-cu il və 14.06.2003-01.01.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müracıət etmək hüququnuz vardır. İş materiallarında olan SDL Denholm Limited Şirkətinin filialının 27.01.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 23.06.2011-ci il tarixindən 31.03.2017ci il tarixinədək SDL Denholm Limited şirkətində TİG Qaynaqçısı (karbon-metal) vəzifəsində çalışıb. İş materiallarında olan SDL Nobel MMC-nin 27.01.2021-ci il tarixli 003/21 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 01.04.2017-ci il tarixindən 01.08.2018ci il tarixinədək SDL Nobel MMC şirkətində TİG Qaynaqçısı (karbon-metal) vəzifəsində çalışıb. İş materiallarında olan "xxxx" ATSC-nin 15.01.2021-ci il tarixli 387 nömrəli arxiv arayışının surətindən görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 01.02.1983-cü ildən 03.01.1999-cu ilə qədər “Azneftkimquraşdırma" trestinin Birinci Bakı Quraşdırma İdarəsində, zərərli iş şəraitində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir (ƏMR 21-K, 01.02.1983-cü il). 04.01.1999-cu il tarixində ƏQM-nin 36-cı maddəsinin “c” bəndinə əsasən, müddətin qurtarması ilə əlaqədar olaraq, X8 xitam verilməklə işdən azad edilmişdir (ƏMR 2-K, 04.01.1999-cu il). 23.10.2018-ci il tarixdən 12.05.2019-cu ilə qədər "xxxx" X10 Cəmiyyətində elektrik qaynaqçısı vəzifəsində işləmişdir (Əmr 34-K, 23.10.2018-ci il). 13.05.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, öz xahişi ilə Əmək Müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir (Əmr 17-K, 13.05.2019-cu il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən, zərərli iş şəraiti ilə əlaqədar ona güzəştli şərtlərlə pensiya hüququ verilir. “Azneftkimquraşdırma” trestinin 1 №-li Bakı Quraşdırma İdarəsi 18.03.1999-cu il tarixindən səhmdarların ümumi yığıncağının qərarına əsasən adı dəyişdirilərək "xxxx" X10 Cəmiyyətinə çevrilmişdir. (Protokol №1, 18.03.1999-cu il). Arayış T-2 formalı şəxsi vərəqə əsasında tərtib edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 29.01.2021-ci il tarixli 030L nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 05.05.2003-cü il tarixdən 03.06.2011-cü il tarixədək "xxxx" MMC-də qaynaqçı işində çalışmışdır. İş materiallarında olan SDL Denholm Limited Şirkətinin filialı tərəfindən ünvan 1 ünvanlanmış 12.10.2021-ci il tarixli məktubda qeyd edilir: 1961-ci il təvəllüdlü İddiaçı 01 aprel 2002-ci ildən 13 iyun 2003-cü ilədək və 23 iyun 2011-ci ildən 31 mart 2017-ci ilədək “SDL Denholm Limited” şirkətində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçı 01 aprel 2002-ci ildən 13 iyun 2003-cü ilədək müəssisədə işlədiyi “əl ilə qaynaq aparan elektrik qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın (23200000—19906) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və 13 iyun 2003-cü ildən 23 iyun 2011-ci ilədək işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 35-ci bəndində göstərilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir. İş materiallarında olan "xxxx" MMC-nin 12.10.2021-ci il tarixli 002/21 saylı arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı 01 aprel 2017-ci ildən 01 avqust 2018ci ilədək "xxxx" MMC-də “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində işləmişdir. İddiaçı müəssisədə işlədiyi “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndində göstərilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və bu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir. İş materiallarında olan "xxxx" ATSC tərəfindən ünvan 1 ünvanlanmış 15.12.2021-ci il tarixli 462 saylı məktubda qeyd edilir: 1961-ci il təvəllüdlü İddiaçı 01.02.1983-cü ildən 03.01.1999-cu ilə qədər “Azneftkimquraşdırma” trestinin Birinci Bakı Quraşdırma İdarəsində zərərli iş şəraitində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir (ƏMR 21-K, 01.02.1983-cü il). 04.01.1999-cu il tarixində ƏQM-nin 36-cı maddəsinin “c” bəndinə əsasən, müddətin qurtarması ilə əlaqədar olaraq, X8 xitam verilməklə işdən azad edilmişdir (ƏMR 2-K, 04.01.1999-cu il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı»nın XXXİİİ bölməsinin 23200000-19906 şifrəsinə əsasən İddiaçı işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. “Azneftkimquraşdırma” trestinin 1 №-li Bakı Quraşdırma İdarəsi 18.03.1999-cu il tarixindən səhmdarların ümumi yığıncağının qərarına əsasən adı dəyişdirilərək "xxxx" X10 Cəmiyyətinə çevrilmişdir (Protokol №1, 18.03.1999-cu il). Arayış T-2 formalı şəxsi vərəqə əsasında tərtib edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 17.12.2021-ci il tarixli 330L arayışından görünür ki, İddiaçı həqiqətən də "xxxx" MMC-də 05.05.2003-cü il tarixdən 03.06.2011-ci il tarixədək elektrik qaynaqçı işində işləmişdir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarın 2 saylı siyahının XXXİİİ bölməsinin 23200000-19906 sifrəsinə əsasən nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uygun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. 40 saylı şəhadətnaməyə əsasən, 24 avqust 2006-cı il tarixdən etibarən, "xxxx" ASC "xxxx" MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) adlandırılmışdır. Arayış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu təsdiq etmək üçün verilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 13.10.2021-ci il tarixli məktubda qeyd olunur: “KONSEYF” (Azərbaycan) LTD müəssisəsi və “SGB DENHOLM LTD ŞİRKƏTl”nin filialı barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində “SGB DENHOLM LTD ŞİRKƏTl”nin filialının 05.04.2002-ci il tarixdə 777 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin filial 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, reyestrdə "KONSEYF” (Azərbaycan) LTD müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1976-cı ildən 27.07.1979-cu ilədək Bakı şəhəri 5 saylı DPTM-də təhsil alımış, 06.08.1979-cu ildə “Azsantexmontaj” trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 11.04.1980-ci ildə Sovet Ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, 20.04.1980-ci ildən 21.06.1982-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 29.07.1982-ci ildə “Azsantexmontaj"’ trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 11.01.1983-cü ildə BMİ AzNKM köçürdülməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 01.02.1983-cü ildə “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində “Azsantexmontaj” BMİ-dən köçürülmə yolu ilə 3-cü dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı qəbul edilmiş, 02.01.1984-cü ildə 4-cü (dördüncü) dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.01.1987-ci ildə 5-ci dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.01.1988-ci ildə əmək haqqının ödənməsinin yeni tarif planlarının tətbiq edilməsi ilə əlaqədar olaraq (ETKC, 2,87) əl ilə qaynaqda 4-cü dərəcə elektrik qaynaqçısı təyin edilmiş, 01.01.1989-cu ildə əl ilə qaynaqda 5-ci dərəcə elektrik qaynaqçısı təyin edilmiş, "xxxx" 1 BMİ tresti Səhmdar Şirkətinin 09.09.91-ci il tarixli 1 saylı əmrə əsasən “AzNKM” adı "xxxx" Səhmdar Cəmiyyətinin filialı 1-BMQİ-nə dəyişdirilmişdir, 01.03.1992-ci ildə əl ilə qaynaqda 6-cı dərəcə elektrik qaynaqçısı təyin edilmiş, Azərbaycan Respublikası DƏK-nin 04.05.1998-ci il tarixli 736 nömrəli sərəncamına əsasən "xxxx" Səhmdar Firmasının 1 nömrəli BMQİ 1-ci Bakı Mexaniki Quraşdırma X10 Cəmiyyətinə çevrilmişdir, 04.01.1999-cu ildə müddətin qurtarması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir, 05.01.1999-cu ildə “Konseyf (Azərbaycan) LTD şirkətinin nümayəndəliyində qaynaqçı vəzifəsinə təyin edilmiş, 31.03.2002-ci ildə Şirkətin bağlanması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, 01.04.2002-ci ildə SGB Denholm LTD şirkətinin filialında qaynaqçı vəzifəsinə təyin edilmiş, 01.01.2003-cü ildə dupleks qaynaqçı vəzifəsinə təyin edilmiş, 13.06.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 05.05.2003-cü ildə "xxxx" ASC-də fərdi əmək müqaviləsi əsasında 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmiş, 40 saylı şəhadətnaməyə əsasən 24.08.2006-cı il tarixdən "xxxx" ASC "xxxx" MMC anlandırılmışdır, 03.06.2011-ci ildə işdən azad edilmiş, 07.06.2011-ci ildə "xxxx" Birgə Müəssisəsində qaynaqçı köməkçisi peşəsinə qəbul edilmiş, 20.06.2011-ci ildə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 23.06.2011-ci ildə ”SDL Denholm Limited” şirkətinin filialında qaynaqçı peşəsi üzrə işə qəbul edilmiş (karbonlu və aşağı legirli poladların arqon qaynağı), 31.03.2017-c ildə öz xahişi ilə işdən azad edilmiş, 01.04.2017-ci ildə “SDL Nobel MMC” şirkətinə TİG qaynaqçısı (karbon-metal) vəzifəsinə işə qəbul edilmiş, 01.08.2018-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 23.10.2018-ci ildə "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, 13.05.2019-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 04.11.2020-ci ildə “X2 Group” MMC-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmiş, 16.11.2021-ci ildə İN yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 15.11.2021-ci il tarixdə verilən **********938800 nömrəli çıxarışa əsasən "xxxx" Group MMC-nin adı dəyişilərək “Poladis» MMC adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İddiaçı 01.09.1976-cı ildən 20.07.1979-cu ilədək Bakı şəhəri 5 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İddiaçı 20.04.1980-ci ildən 21.06.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 06.08.1979-cu ildə “Azsantexmontaj” trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 11.04.1980-ci ildə Sovet Ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, 29.07.1982-ci ildə “Azsantexmontaj"’ trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 11.01.1983-cü ildə BMİ AzNKM köçürdülməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 01.02.1983-cü ildə “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində “Azsantexmontaj” BMİ-dən köçürülmə yolu ilə 3-cü dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı qəbul edilmiş, 02.01.1984-cü ildə 4-cü (dördüncü) dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.01.1987-ci ildə 5-ci dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.01.1988-ci ildə əmək haqqının ödənməsinin yeni tarif planlarının tətbiq edilməsi ilə əlaqədar olaraq (ETKC, 2,87) əl ilə qaynaqda 4-cü dərəcə elektrik qaynaqçısı təyin edilmiş, 01.01.1989-cu ildə əl ilə qaynaqda 5-ci dərəcə elektrik qaynaqçısı təyin edilmiş ("xxxx" 1 BMİ tresti Səhmdar Şirkətinin 09.09.91-ci il tarixli 1 saylı əmrə əsasən “AzNKM” adı "xxxx" Səhmdar Cəmiyyətinin filialı 1-BMQİ-nə dəyişdirilmişdir), 01.03.1992-ci ildə əl ilə qaynaqda 6-cı dərəcə elektrik qaynaqçısı təyin edilmiş (Azərbaycan Respublikası DƏK-nin 04.05.1998-ci il tarixli 736 nömrəli sərəncamına əsasən "xxxx" Səhmdar Firmasının 1 nömrəli BMQİ 1-ci Bakı Mexaniki Quraşdırma X10 Cəmiyyətinə çevrilmişdir), 04.01.1999-cu ildə müddətin qurtarması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş, 05.01.1999-cu ildə “Konseyf (Azərbaycan) LTD şirkətinin nümayəndəliyində qaynaqçı vəzifəsinə təyin edilmiş, 31.03.2002-ci ildə Şirkətin bağlanması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, 01.04.2002-ci ildə SGB Denholm LTD şirkətinin filialında qaynaqçı vəzifəsinə təyin edilmiş, 01.01.2003-cü ildə dupleks qaynaqçı vəzifəsinə təyin edilmiş, 13.06.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 05.05.2003-cü ildə "xxxx" ASC-də fərdi əmək müqaviləsi əsasında 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmiş (40 saylı şəhadətnaməyə əsasən 24.08.2006-cı il tarixdən "xxxx" ASC "xxxx" MMC anlandırılmışdır), 03.06.2011-ci ildə işdən azad edilmiş, 07.06.2011-ci ildə "xxxx" Birgə Müəssisəsində qaynaqçı köməkçisi peşəsinə qəbul edilmiş, 20.06.2011-ci ildə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 23.06.2011-ci ildə ”SDL Denholm Limited” şirkətinin filialında qaynaqçı peşəsi üzrə işə qəbul edilmiş (karbonlu və aşağı legirli poladların arqon qaynağı), 31.03.2017-c ildə öz xahişi ilə işdən azad edilmiş, 01.04.2017ci ildə “SDL Nobel MMC” şirkətinə TİG qaynaqçısı (karbon-metal) vəzifəsinə işə qəbul edilmiş, 01.08.2018-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 23.10.2018-ci ildə "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, 13.05.2019-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 04.11.2020-ci ildə “X2 Group” MMC-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmiş, 16.11.2021-ci ildə İN yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 15.11.2021-ci il tarixdə verilən **********938800 nömrəli çıxarışa əsasən "xxxx" Group MMC-nin adı dəyişilərək “Poladis» MMC adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Həqiqi hərbi xidmət keçdiyi və təhsil aldığı müddət də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 29 il 01 ay 13 gün ümumi sığorta stajına malikdir. Cavabdeh iddiaçının əmək kitabçasında 05.01.1999-31.03.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, 01.04.2002-13.06.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm" LTD-də işlədiyi dövrləri həmin müəssisələr Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının stajına hesablamamışdır. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 13.10.2021-ci il tarixli məktubda dövlət reyestrində “SGB DENHOLM LTD ŞİRKƏTl”nin filialının 05.04.2002-ci il tarixdə 777 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olduğu öz təsdiqini tapmışdır. İddiaçının 05.01.1999-31.03.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də olan stajı nəzərə alınmasa belə, iddiaçı ümumilikdə 25 il 10 ay 16 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 01.02.1983-cü ildən 04.01.1999-cu ilədək “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində (daha sonra "xxxx" Səhmdar Cəmiyyətinin filialı 1-BMQİ adlandırılmış, "xxxx" Səhmdar Firmasının 1 nömrəli BMQİ 1-ci Bakı Mexaniki Quraşdırma X10 Cəmiyyətinə çevrilmişdir), 01.04.2002-ci ildən 13.06.2003-cü ilədək SGB Denholm LTD şirkətinin filialında, 05.05.2003-cü ildən 03.06.2011-ci ilədək "xxxx" ASC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir (01.01.2006-cı ilədək 19 il 8 ay 5 gün). İddiaçının yalnız “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində iş stajı 15 ildən çoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - XXXİİİ bölmə - Ümumi peşələr, kod 23200000—19906 (əl ilə qaynaq aparan elektrik qaynaqçıları). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 22.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar