Məhkəmə qərarları › İş №2-1(112)-1266/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1266/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1266/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1999-cu tarixdən xx.xx.2011-ci tarixədək Bakı Kanalizasiya İB-nin Hövsan aerasiya stansiyasında nasos qurğularının maşinisti, xx.xx.2011-ci tarixdən xx.xx.2013-cü tarixədək Bakı Sukanal İdarəsinin Hövsan aerasiya stansiyasında təmirçi çilingər, xx.xx.2013-cü tarixdən bu günə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı sularının axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. İddiaçı ümumi iş stajı 35 ildən artıq, o cümlədən xx.xx.1999-cu il tarixindən bu günə kimi 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması əmək kitabçası və iş yerlərindən verilmiş arayışlarla təsdiq olunur. xx.xx.1999-cu tarixdən hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin təqdim etdiyi 4 mart 2024-cü il tarixli 01 nömrəli arayışında xx.xx.1999-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Kanalizasiya İB-nin Hövsan aerasiya stansiyasında nasos qurğularının maşinisti, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmirçi çilingər, xx.xx.2013-cü il tarixindən bu günədək işlədiyiniz sahə və vəzifələr sözügedən arayışda istinad olunan, sahə və vəzifələrə aid deyil. İddiaçı qeyd etmişdir ki, 1981-ci il tarixli ИТ-İ ******* №-li əmək kitabçasında güzəştli iş stajı 12 il 6 aydan artıq olması təsdiq olunur. İşlədiyi müəssisələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı peşələr ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (29) fəhlələr yarımbəndində (a) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və Ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı M.X4 təqdim etdiyi "Azərsu” ASC-nin xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışda xx.xx.1999-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Kanalizasiya İB-nin Hövsan aerasiya stansiyasında nasos quruluşunun maşinisti, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmirçi çilingər, xx.xx.2013-cü il tarixdən bugünədək sözügedən müəsisənin Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə və vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı mövcud olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı güzəştli iş stajı mövcud olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur. -xx.xx.1981-ci il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək “Bakı Kanalizasiya” İB-nin nəzdindəki Hövsan X2 zərərsizləşdrilməsi Sexində, xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin Hövsan X2 zərərsizləşdirilməsi Sexində “nasos qurğuları maşinisti”, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı Sukanal İdarəsinin Hövsan aerasiya stansiyasının 15 saylı nasos stansiyasında “təmirçi çilingər”, xx.xx.2013cü il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin 11 saylı X1 “təmirçi çilingər” vəzifələrində işləmiş, xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin Xətai rayon Sukanal Departamentində “qəza-bərpa işləri üzrə çilingər” vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyəti ilə məşğul olur. -AR "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixdə verilmiş 01 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1999-xx.xx.2011-ci il tarixə kimi Bakı Kanalizasiya İB-nin Hövsan aerasiya stansiyasında nasos qurğularının maşinisti (Əmr 19- K, xx.xx.1999-cu il), xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi Bakı Sukanal İdarəsinin Hövsan Aerasiya stansiyasında təmirçi çilingər, xx.xx.2013-cü il tarixindən xx.xx.2024-cü il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində qəza bərpa işləri üzrə çilingər işləyir. Bu ixtisas AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nın 35-ci bəndinə əsasən (Ümumi peşələr) güzəştli sayılır (Yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri 2290000a-18447) (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri-2900000.) Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 25 il, 7 ay, 19 gündür. -“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Xətai Rayon Sukanal İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna uyğun olaraq təqdim edilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1999-xx.xx.2011-ci il tarixə kimi Bakı Kanalizasiya İB-nin Hövsan aerasiya stansiyasında nasos qurğularının maşinisti (Əmr 19-K, xx.xx.1999-cu il), xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi Bakı Sukanal İdarəsinin Hövsan Aerasiya stansiyasında təmirçi çilingər, xx.xx.2013-cü il tarixindən xx.xx.2024-cü il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2024-cü il tarixdən bu günə kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində qəza bərpa işləri üzrə çilingər peşəsində işləyir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən işçi əmək fuksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün 12% miqdarında əmək haqqına əlavə müəyyən edilmişdir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, M Nəsirovun ümumi iş stajı 40 il 7 ay 6 gün (xx.xx.2006-cı il tarixədək 23 il 7 ay 6 gün (xx.xx.1980-xx.xx.1981-cı il, xx.xx.1982-xx.xx.1984-ci il (hərbi xidmət dövrü), 01.08 1984-xx.xx.1998-ci il. xx.xx.1999- 01,10.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il) təşkil edir. Əlavə olaraq bildirilir ki, N Nəsirovun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2023-ci il tarixinə ona münasibətdə 57120,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 58644,24 manat təşkil edir. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmamasıdır. Cavabdeh hesab etmişdir ki, iddiaçının xx.xx.1999-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Kanalizasiya İB-nin Hövsan aerasiya stansiyasında nasos qurğularının maşinisti, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmirçi çilingər, xx.xx.2013-cü il tarixdən bugünədək sözügedən müəsisənin Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər vəzifələri güzəştli pensiya huququ verən peşələrə aid deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bənddə (ümumi peşələr) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları nəzərdə tutulmuşdur. İddiaçının iş yeri olan AR "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının xx.xx.1999-ci ildən hazıradək nasos qurğularının maşınisti, təmirçi-çilingər və qəza-bərpa işləri üzrə çilingər işlədiyi 25 il, 7 ay, 19 gün müddətində gördüyü işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bənddə (ümumi peşələr) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingərləri və ustaları vəzifəsinə uyğun gəldiyini qeyd edilmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Qeyd ediliməlidir ki, Xətai rayon Sukanal İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli məktuba da eyni arayış əlavə edilmiş və bununla həmin vəzifələrin güzəştli pensiya hüququ verən peşələr olduğu təsdiqlənmişdir. Oxşar işlər üzrə AR Ali Məhkəməsinin 2-1(102)-2150/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-966/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2-1(102)-1050/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin güzəştli pensiya hüququ verən vəzifə olması ilə bağlı analoji hüquqi mövqe sərgilənmişdir. Bununla yanaşı, müvafiq sorğu əsasında Xətai rayon Sukanal İdarəsi tərəfindən iddiaçının qəza-bərpa işləri üzrə çilingərlərin vəzifə təlimatı və iddiaçının əmək müqaviləsi də məhkəməyə təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərin təhlilinə əsasən hesab edir ki, iddiaçının işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinin “a” bəndinin (“fəhlələr”) “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” yarımbəndinə göstərilmiş vəzifəyə də uyğundur. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 162/2023 nömrəli, 2- 1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)- 88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)- 2532/2023 nömrəli qərarları). Göründüyü kimi, işəgötürən iddiaçının xx.xx.1999-cu ildən hazıradək işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Habelə iddiaçının əmək müqaviləsinə əsasən əmək fuksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün 12% miqdarında əmək haqqına əlavə müəyyən edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1984/2023 saylı, xx.xx.2023-cü il qərarında da şəxsin əmək fuksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün işəgötürən tərəfindən əmək haqqına əlavənin müəyyən edilməsi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün diqqətəlayiq məqam kimi nəzərə alınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının xx.xx.1999xx.xx.2023-cü il tarixləri arasında nasos qurğularının maşinisti, təmirçi çilingər və qəzabərpa işləri üzrə çilingər vəzifələrində işlədiyi dövrün güzəştli əmək pensiyası hüququ verən peşələr olması sübuta yetirilir. Odur ki, məhkəmə cavabdehin dəlillərini əsaslı saymır və mübahisəli əmək fəaliyyəti dövrünün onun güzəştli iş stajına daxil edilməli olması nəticəsinə gəlir. Bu halda isə iddiaçıya onun 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar