Məhkəmə qərarları › İş №2-1(112)-12666/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12666/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12666/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx"MMC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinə xx.xx.2023-cü il tarixdə dəqiqləşmə vermişdir. İddia tələbinə dəqiqləşmə iddia tələbi “cavabdehin ƏDV üzrə 31 mart 2023-cü il tarixli və mənfəət vergisi üzrə 05 iyul 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarların ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə 31 mart 2023-cü il tarixli qərardan verilmiş iddia üzrə iddia müddətinin bərpa edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclərini azaldaraq 2800 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır.Buna səbəb kimi isə "xxxx" MMC arasında əməliyyatların riskli olması göstərilmişdir. İddiaçı həmin qərarı əsassız hesab edərək qeyd edir ki, iddiaçı və üçüncü şəxs arasında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən elektron qaimə ilə ofis və dəftərxana ləvazimatları iddiaçıya təhvil verilmişdir. Həmin malların dəyəri də ödənilmişdir. İddiaçının 2022-ci ilin noyabr ayında MMC-nin riskli vergi ödəyicisi olması barədə məlumatı olmamış, bu barədə vergi orqanının internet saytında da məlumat yerləşdirilməmişdir. Təxminən bir ay sonra rəsmi olaraq xəbərdarlıq daxil olmuşdur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 14000 manat təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma aşkar edilmişdir. Üçüncü şəxs iddiaçıya 16520 manat dəyərində mallar təqdim etdiyi halda baza məlumatlarına əsasən təqdim edilmiş mallar onun idxalında və alışında müəyyən edilmədiyindən riskli vergi ödəyicisi hesab edilmişdir. Tərəflər izahatları: İddiaçı və üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəbərdarlıq barədə qeyddə göstərilmişdir ki, "xxxx" MMC 20 dekabr 2022-ci il tarixli qərarla riskli vergi ödəyicisi hesab edildiyindən həmin ödəyicidən əldə etdiyiniz elektron qaimə-faktura riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd hesab edildiyindən əvəzləşdirməyə əsas yaratmır. Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair elektron saytdan çıxarışdan görünür ki, "xxxx" MMC 20 dekabr 2022-ci il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, üçüncü şəxs riskli vergi ödəyicisi hesab edilmişdir. Qərara əlavə edilmiş əməliyyatlarla bağlı siyahıdan görünür ki, iddiaçı və üçüncü şəxs arasında alış-satışa dair e-qaimə fakturaların seriyası EBCJ, nömrəsi 799983 kimi tarixi isə 24 noyabr 2022-ci il kimi göstərilmişdir. 14 fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya noyabr 2022-ci il üzrə əlavə dəyər vergisi hesablanmışdır. 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, 2022-ci il üzrə 2800 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsasən əmtəəsiz əməliyyatların aparılması ilə əlaqədar olmuşdur. Cavabdehin 04 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxsin e-qaimə-faktura məlumatlarına əsasən 16520 manat dəyərində mallar müəssisənin alışında və idxalında müəyyən edilmədiyi halda iddiaçıya təqdim edilmişdir. Bu səbəbdən də riskli vergi ödəyicisi həmin müəssisə hesab edilmişdir. İddiaçı isə riskli vergi ödəyicisi siyahısında deyildir. Eyni zamanda, əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan riskli hesab edildiyindən əvəzləşdirmə üçün əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2520,0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2520,0 manat kənarlaşma yaranmışdır. Alqı-satqı müaviləsindən görünür ki, iddiaçı tərəfindən üçüncü şəxsdən dəftərxana ləvamizatlarının alqı-satqına dair tərəflər arasında müavilə bağlanılmış, qiymətlərin razılaşma protokolu müqaviləyə əlavə edilmişdir. 06 fevral 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əməliyyatların riskli olmamasını cavabdehin diqqətinə çatdırmışdır. 02 mart 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əməliyyatların riskli olmamasını cavabdehin diqqətinə çatdırmışdır. 03 may 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əməliyyatların riskli olmamasını cavabdehin diqqətinə çatdırmışdır. Bu zaman iddiaçı dəfələrlə məktub göndərilməsinə baxmayaraq cavab təqdim edilməməsinə də istinad etmişdir. 05 iyun 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı təkrararən əməliyyatların riskli olmaması, pul vəsaitinin üçüncü şəxsə köçürülməsinə istinad edərək həmin halların nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, VM-nin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarın ləğv edilməsi ilə bağlı mübahisələndirmə növündə hazırkı iddia üzrə AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktların mahiyyətindən isə aydın olur ki, həmin inzibati mübahisə iddiaçı tərəfindən riskli vergi ödəyicisi hesab edilmə barədə qərar qəbul edilmiş digər vergi ödəyicisi arasında aparılmış əməliyyatların xüsusiyyətləri ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, üçüncü şəxs riskli vergi ödəyicisi hesab edilmişdir ki, ümumiyyətlə iddiaçıya həmin şəxs tərəfindən təqdim edildiyi göstərilən mallar onun alışında və ya idxalında mövcud olmamışdır. Qərarların mahiyyətindən aydın olur ki, cavabdehin hazırkı növ işlər üzrə mövqeyi onunla bağlıdır ki, mallar üçüncü şəxslər tərəfindən alınmamış, idxal edilməmişdirsə, məntiqi nəticə etıbarı ilə həmin malların satışı da mümkün deyildir. İddiaçı isə alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu və digər aidiyyəti sənədləri təqdim etməklə malın faktiki olaraq alınaraq dəyərinin ödənildiyinə istinad etməklə cavabdeh tərəfindən qəbul edilmiş vergi hesablanması barədə qərarların əsassız olmasına istinad edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktların qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilmir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, alışı və idxalının mövcud olmadığı qeyd edilən mallar faktiki olaraq müqavilə əsasında iddiaçı tərəfindən alınmışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin və iddiaçının nümayəndələrinin izahatından da göründüyü kimi tərəflər arasında ödənişlərin edilməməsinə, ümumiyyətlə bağlanılmış müqaviləyə münasibətdə hər hansı mülki mübahisə mövcud olmamaqla müqavilədə və razılaşma protokolunda nəzərdə tutulan məhsullar e-qaimə-fakturalar nəzərə alınmaqla iddiaçıya təqdim edilmiş, dəyəri ödənilmişdir. Digər tərəfdən istər ƏDV, istərsə də mənfəət vergisi 2022-ci ilin noyabr ayı üzrədir ki, bağlanılmış müqavilə və digər aidiyyəti sənədlərdən görünür ki, əməliyyatlar 2022-ci ilin noyabr ayı üzrə baş vermişdir. Lakin, vergi ödəyicisi barəsində riskli vergi ödəyicisi hesab edilmə barədə qərar 2022-ci ilin dekabr ayı üzrə, yəni əməliyyatlardan sonrakı tarixədir. Doğrudur ki, riskli vergi ödəyicisi hesab edilmə barədə qərar inzibati akt olmaqla müəyyən hüquqi nəticələrin yaranmasına səbəb olsa da, həmin qərardan əvvəlki tarixə iddiaçıya münasibətdə hər hansı hüquqi nəticənin mövcud olmasından məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Belə ki, riskli vergi ödəyicisi olma barədə qərar dekabr 2022-ci il tarixdə qəbul edilmişdir ki, iddiaçı tərəfindən üçüncü şəxsin riskli vergi ödəyicisi hesab edilməsi istər məntiqi, istərsə də fiziki qanunauyğunluq baxımından mümkün deyildir. Qərar qəbul edilməli, internet informasiya sistemində buna dair məlumatlar yerləşdirilməli, həmin riskli vergi ödəyicisi barəsində əməliyyatlar aparılan zaman bildiriş digər şəxslərə ötürülməlidir ki, aparılmış əməliyyatlar barəsində məhdudiyyətlərin tətbiqi mümkün olsun. Qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, xərclərin həmin əməliyyat üzrə nəzərə alınmaması və bu barədə əlavə dəyər vergisi və mənfəət vergisinin iddiaçıya münasibətdə əlavə məbləğdə hesablanmasına dair vergi orqanının mövqeyi qanunsuz və əsassız olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, əməliyyatlar əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2496/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Ali Məhkəmənin 2-1(102)-1651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. . İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Analoji mövqe 2-1(102)-1234/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarda da təkrarlanmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdehin İddiaçı MMC barəsində qəbul etdiyi ƏDV üzrə 31 mart 2023-cü il tarixli və mənfəət vergisi üzrə 05 iyul 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar