Məhkəmə qərarları › İş №2-1(112)-12668/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12668/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12668/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının nümayəndəsinin (vəkili) ərizəsi əsasında iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-9709/2023 №-li "əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət xüsusi rütbəli şəxs kimi xidmətdə olmuşdur və xx.xx.2005-ci ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Daha sonra pensiyada olduğu müddətdə və hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. İddiaçı tərəfindən əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətdə qeyd edilənlərin icrasından xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-135499/2023 saylı məktubla imtina etmişdir. İmtinanın səbəbi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə istinad edilmişdir. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad edilmişdir. Hazırki vəziyyətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi qüvvədən düşmüşdür. Bu əsasdan hesab edir ki, iddiaçının şəxsi hesabında mövcud olan pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır. Cavabdeh inzibati orqan bu qənaətə gələrkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi cavabdeh inzibati orqan 29.2-ci maddəyə istinad etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, 29-cu maddə Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. 29.2-ci maddədə istinad olunan 29.1-ci maddə isə yalnız ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi məsələsini tənzimləyir. Yəni sadə dildə desək il ərzində ölkə üzrə orta aylıq əmək haqqı artırıldıqda vətəndaşların pensiyası həmin artım tempinə uyğun olaraq indeksləşdirilməlidir. Hazırkı halda isə vətəndaş pensiyasının 29.2-ci maddə ilə deyil 37.3.1-ci maddəsi ilə yenidən hesablanmasını tələb edir. Cavabdeh inzibati orqan isə ən ali məhkəmə hakimiyyəti orqanı olan Konstitusiya Məhkəməsinin qərarını icra etməkdən yayınır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır.

4. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtinada qeyd edilmişdir ki, “Sizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 10 aprel 2005-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyanız həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Mərkəzi Filiala əmək pensiyanızın yenidən hesablanması ilə bağlı 24 fevral 2023cü il tarixində müraciət etmisiniz. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1186,70 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-281,56 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz-797,26 manat. -maddi yardım-107,88 manat. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildiririk ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində 19902,77 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, işdən azad olunduğunuz tarixədək (24 iyun 2022-ci il) topladığınız sığorta kapitalınız sonrakı il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 19902,77 manat “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (19902,77:72 (144-72)=276,43 manat) aya bölünərək əmək pensiyanızın sığorta hissəsinin (281,56 manat) üzərinə əlavə olunmaqla pensiyanızın sığorta hissəsi 557,99 (281,56+276,43) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənizin məbləği (797,26 manat) həmin artım qədər (276,43manat) azaldılıb. Nəticədə, əmək pensiyanızın sığorta hissəsi 557,99 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği 520,83 (797,26-276,43) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-107,88 manat təşkil edir. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olunduğunuz 15 aprel 2023-cü il tarixinə 174,10 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinə əsasən 72 aya bölünməklə (174,10:72 (144 ay-72 ay)=2,42 manat) həmin tarixədək əmək pensiyanızın (1186,70 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 1189.12 (1186,70+2,42) manat müəyyən edilib.”

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun təqdim edilərək bildirilmişdir ki, iddiaçıya 10 aprel 2005-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1186,70 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-281,56 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-797,26 manat. -maddi yardım-107,88 manat. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 19902,77 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının işdən azad olunduğu tarixədək (24 iyun 2022-ci il) topladı sığorta kapitalı sonrakı il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 19902,77 manat “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (19902,77:72 (144-72)=276,43 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (281,56 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 557,99 (281,56+276,43) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq İddiaçı münasibətdə qulluq stajına görə əlavənin məbləği (797,26 manat) həmin artım qədər (276,43 manat) azaldılıb. Nəticədə, onun əmək pensiyasının sığorta hissəsi 557,99 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 520,83 (797,26-276,43) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə- 107,88 manat təşkil edir. Göründüyü kimi, iddiaçının müvafiq pensiya sığorta kapitalı 24 iyun 2022-ci il tarixdə işdən çıxmağı ilə əlaqədar qanunvericiliyin həmin tarixdə qüvvədə olan müddəalarına əsasən istifadə olunub. Buna görə də həmin pensiya sığorta kapitalına görə əmək pensiyasının Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sonuncu dəfə işdən azad olunduğu 15 aprel 2023-cü il tarixinə 355,01 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinə əsasən 72 aya bölünməklə (355,01:72 (144 ay-72 ay)=4,93 manat) həmin tarixədək əmək pensiyasının (1186,70 manat) üzərinə əlavə edilərək pensiya məbləği 1191,63 (1186,70+4,93) manat müəyyən edilib. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edilir ki, İddiaçı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi təmin edilməməlidir.

6. İddiaçıya hərbi qulluqçu kimi xx.xx.2005-ci il tarixində yaşa görə pensiya təyin edilmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.2005-xx.xx.2006, xx.xx.2006-xx.xx.2017, xx.xx.2007-16.07.07, xx.xx.2008xx.xx.2010, xx.xx.2012-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2019-xx.xx.2022, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

7. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

10. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-9709/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 1186,70 manat, hesablamadan sonra (1186,70+2,42) 1189,12 manat məbləğində müəyyən olunmuşdur.

11. Məhkəmə qeyd edir ki, həmin qərara əsasən, pensiyanın hesablanması iddiaçının hüquqi marağına uyğun olmayan fərqli qaydada, yəni pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla hesablandığından, nəticədə onun marağına uyğun olmadığından iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

12. İddianın növü qərarın ləğvi hissəsində mübahisələndirmə, pensiyanın yenidən hesablanması hissəsində öhdəliyin icrasına dair iddiadır.

13. Belə ki, İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);..

14. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

15. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

16. İPM-nin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

18. İddia tələbi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-9709/2023 nömrəli saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması ilə bağlıdır.

19. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: - Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

21. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - 29.2-ci maddə ləğv edilmiş; - 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra“, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmiş; - 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

22. Həmin Qanunun keçid müddəalarına əsasən müəyyən edilmişdir ki: 2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. 2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

23. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 29.2-ci maddəsinin redaksiyasına əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

24. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimidir: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

25. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 37.3.1-ci maddə aşağıdakı yeni redaksiyada verilmişdir: - 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

26. Əvvəlki redaksiyaya əsasən: - 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;

27. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. xx.xx.2005-ci il tarixdən ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2005-xx.xx.2006, xx.xx.2006-xx.xx.2017, xx.xx.2007-16.07.07, xx.xx.2008-xx.xx.2010, xx.xx.2012xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2019-xx.xx.2022, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

28. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 19902,77 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.

29. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

30. Məhkəmə qeyd edir ki, cavabdehin imtina və etirazda qeyd etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” maddəsi “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 29.1-ci maddəsinin şərtləri nəzərə alınmadan yenidən hesablanmalıdır.

31. İddiaçının pensiya hüququ xx.xx.2005-ci il tarixdə yaranmışdır və müraciət etdiyi tarixədək 6 il və daha çox işlədiyi müəyyən edildiyindən həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.

32. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş Qanunun keçid müddəalarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilsə də, keçid müddəalarında (2.3-cü maddə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiqini (yəni qanunun retroaktiv olaraq tətbiqini) istisna etmişdir. Lakin iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixədək yarandığı üçün əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçıt oğlunun əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 9709/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar