Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1267/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cаvаbdеhin nümayəndəsi Hüseynov Rasim Əfsər oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq sektorunun müdiri vəzifəsində işləyir) iştirаkı ilə, iddiaçı Hədisova Şəbnəm Zumrat qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı yeni diplom sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Hədisova Şəbnəm Zumrat qızı məhkəmədə cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə qarşı iddia qaldıraraq İddiaçı Zumrat qızına yeni diplom sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən Balakən rayonu Talalar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir.2004-cü ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olmuşdur və 17 iyun 2008-ci ildə “ibtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir.Dövlət İxtisas Komissiyasının 17 iyun 2008-ci il tarixli qərarı ilə iddiaçıya ibtidai sinif müəllimi ixtisası verilmiş, 20 iyul 2008-ci ildə 29376 nömrə ilə qeydiyyata alınmaqla BB-İİ №080222 nömrəli diplom verilmişdir. Eyni zamanda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun 30 noyabr 2006-cı il tarixli, 321 nömrəli arayışına əsasən iddiaçının Kollecin “ibtidai təhsil” ixtisası kursunun M-011601-4qa qrupunun qiyabi şöbəsində ödənişli əsaslarla oxuduğu qeyd edilmişdir.2020-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün sənədlərini Balakən rayon Təhsil Şöbəsinə təqdim etdikdə məlum olmuşdur ki, iddiaçıya təqdim edilən “ibtidai təhsil” ixtisası üzrə BB-İİ № 080222 nömrəli diplom Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci tərəfindən verilməmişdir. Bundan sonra vəkil sorğusuna cavab olaraq həmin Kollecdən alınmış 20.05.2020-ci il tarixli, 1/1785 saylı məktubda qeyd edilmişdir ki, iddiaçı Hədisova Şəbnəm Zumrat qızı Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil almamış və ona “İbtidai təhsil” ixtisasını bitirməsi haqqında qeyd olunan diplom blankı (BB-İİ № 080222, № 29376) verilməmişdir. Bundan sonra sənədin alınması ilə bağlı Təhsil Nazirliyinə müraciət edilmiş, Təhsil Nazirliyi araşdırma aparmış və iddiaçıya 02 mart 2021-ci il tarixli məktubla iddiaçının adına yazılmış BB-İİ №080222 nömrəli diplom blankının hüquqi əsasının olmadığı qeyd edilmişdir. Diplomun dövlət qeydiyyatına alınmaması iddiaçının təqsirindən olmamış və iddiaçının səlahiyyətlərinə aid olmamışdır.Həmin səlahiyyətlər cavabdehə aid olmuşdur. İddiaçı 2004cü ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olduğundan və 17 iyun 2008-ci ildə “ibtidai təhsil” ixtisası üzrə tam kursu bitirdiyindən iddiaçının təhsili qanunidir. Lakin cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təqdim etdiyi iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının adına yazılmış BB-080222 nömrəli diplom blankının hüquqi əsası yoxdur. İddiaçı həmin kollecdə təhsil almamış və ona “ibtidai təhsil” ixtisasını bitirməsi haqqında diplom blankı verilməmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş 23.11.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın tələblərinə əsasən təhsil sənədi bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir, yəni məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. İddiaçı orta ixtisas təhsil müəssisəsinə TQDK-nın təşkil etdiyi test imtahanları ilə qəbul olunmamış və ona görə də onun adına diplom blankı yazılmamışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı hissədə iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Hüseynov iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 02.03.2021-ci il tarixli, H-1604/31-24 nömrəli məktubuna əsasən iddiaçı Hədisova Şəbnəm Zumrat qızının adına yazılmış BB-İİ 080222 nömrəli diplom blankının hüquqi əsas yoxdur. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 20.05.2020-ci il tarixli məktubuna əsasən iddiaçı Hədisova Şəbnəm Zümrat qızı həmin kollecdə təhsil almamış və ona ibtidai təhsil ixtisasını bitirməsi haqqında qeyd olunan diplom blankı (BB-İİ №080222, qeyd.№ 29376) verilməmişdir. BB-İİ 080222 nömrəli diplomun notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecini 2008-ci ildə “ibtidai təhsil” ixtisası üzrə bitirmiş və ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. 134 nömrəli tələbə biletinin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı 2006-cı ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olmuşdur. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 30.11.2006-cı il tarixli, 321 nömrəli arayışının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən arayış iddiaçıya onun həmin kollecin “ibtidai təhsil” ixtisasının dördüncü kursunun M-011601-4qa qrupunun qiyabi şöbəsində ödənişli əsaslarla oxumağı haqqında verilmişdir. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 20 avqust 2021-ci il tarixli, 1/2001 nömrəli məktubuna əsasən iddiaçı həmin kollecdə təhsil almamış və ona “ibtidai təhsil” ixtisasını bitirməsi haqqında qeyd olunan diplom blankı (BB-İİ № 080330, qeyd. №30123) verilməmişdir. Azərbaycan Respublikası X3 məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı PHŞ/3-2-2022-32 nömrəli, 14.01.2022-ci il tarixli məktubuna əsasən iddiaçı 2004-cü ildə ali və orta ixtisas təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında iştirak etməmiş, heç bir təhsil müəssisəsinə qəbul olunmamış və barəsində Dövlət İmtahan Mərkəzi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı 2004-cü ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olduğunu, 2008-ci ilə qədər orada orta ixtisas təhsili aldığını, 2008-ci ildə həmin kolleci “ibtidai təhsil” ixtisası üzrə bitirdiyini, ona ibtidai sinif müəllimi ixtisası verildiyini, bu barədə ona diplom verildiyini göstərərək cavabdeh tərəfindən iddiaçıya həmin diplomun hüquqi əsasının olmaması bildirildiyi üçün ona Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecini 2008-ci ildə “ibtidai təhsil” ixtisası üzrə bitirməsi barədə diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.5-ci bəndinə əsasən cavabdeh təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) təmin edir, 8.26-ci bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının 1-ci bəndinə əsasən bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyir. Həmin qaydanın 2.5-ci bəndinə əsasən məzunlara nümunədə göstərilən formada diploma əlavə verilir (5 və 6 nömrəli əlavələr). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Birinci səhifənin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, sonuncu səhifənin sol tərəfində möhür yeri saxlanılır. Daha sonra səhifələrdə mətn əlavənin nümunəsində göstərilən formada yerləşdirilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən orta ixtisas təhsili pilləsinin diplomlarının nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (təhsil müəssisələrinin ehtiyacları nəzərə alınmaqla) əsasında çap olunur. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və təhsil müəssisələrində ciddi hesabat sənədləri kimi saxlanılır. İddiaçının iddiası ilə bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçının Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində orta ixtisas təhsili aldığını iddia etdiyi (2006- 2008-ci illər) dövrdə Azərbaycan Respublikasında təhsillə bağlı məsələlər həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasının təhsil qanunu” ilə tənzimlənirdi. Həmin Qanunun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilirdi. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərirdi. Həmin Qanunun 7-i maddəsində göstərilirdi ki, Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X7 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Həmin Qanunun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanırlar. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Həmin Qanunun 21-ci maddəsinə göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir...Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. “Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” 16 may 2017-ci il 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilənə qədər (iddiaçının təhsil aldığını iddia etdiyi dövrdə) qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edilən Əsasnamənin 6-cı bəndinə əsasən Komissiyanın əsas vəzifələri aşağıdakılardır:.. 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; Həmin Əsasnamənin 7-ci bəndinə əsasən Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir; 7.2. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və təsdiq edir; 7.3. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını, o cümlədən ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını müəyyən edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında müvafiq qərarlar qəbul edir; 7.4. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planını elan edir və onun əsasında sənəd qəbulunu təşkil edir; 7.5. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodiki işləri aparır, proqram və texniki təminatı layihələşdirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; 7.5-1. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş 23.11.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış, 28.02.2019-cu ilə qədər qüvvədə olan “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilirdi, 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilirdi. Göründüyü kimi iddiaçının orta ixtisas təhsili aldığını iddia etdiyi dövrdə (2004-2008ci illərdə) qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən orta ixtisas tədris müəssisələrinə vətəndaşlar Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki X5) müəyyən etdiyi qaydada imtahan verməklə qəbul olunurdular və təhsil müəssisəsini bitirdikdən sonra isə onların adına təhsil sənədinin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verirdi. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydada imtahan verərək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olunmamışdır (bu hal məhkəmənin sorğusuna cavab olaraq X3 verdiyi məktub ilə təsdiq edilir), belə olan halda isə iddiaçı Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil də ala bilməzdi və onun adına da təbii ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankı Kollecə təqdim edilə bilməzdi. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının özünün təqdim etdiyi sənədlərdə (diplom, tələbə bileti, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 30.11.2006-cı il tarixli, 321 nömrəli arayışı) olan ziddiyyətlər də iddiaçının iddiasının tam əsassız olduğunu, həqiqətən də Kollecdə qanuni əsaslarla təhsil almadığını göstərir. Belə ki, iddiaçı özü kollecə 2004-cü ildə qəbul olunduğunu göstərsə də tələbə biletinin verilmə tarixi 2006-cı il göstərilmişdir. BB-İİ 080222 nömrəli diplomda iddiaçının kolleci 2008-ci ildə bitirdiyi göstərilsə də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci tərəfindən verilmiş sənəd kimi təqdim edilmiş 30.11.2006-cı il tarixli, 321 nömrəli arayışda iddiaçının 2006-cı ildə dördüncü kursda təhsil alması göstərilmişdir. Belə olan halda cavabdehin üzərinə iddiaçıya təhsil almadığı təhsil müəssisəsinin orta ixtisas təhsili haqqında diplomunun verilməsindən cavabdehin imtinası əsaslıdır və cavabdehin üzərinə belə bir öhdəlik qoyula bilməz. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Hədisova Şəbnəm Zumrat qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı İddiaçı Zumrat qızına yeni diplom sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin olunmamalıdır. İddiaçı Hədisova Şəbnəm Zumrat qızının cavabdeh Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə qarşı yeni diplom sənədinin verilməsi öhdəliyinin qoyulması hissəsində iddiası hazırki iş üzrə qəbul edilmiş 15.02.2022-ci il tarixli qərardadla mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Hədisova Şəbnəm Zumrat qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı İddiaçı Zumrat qızına yeni diplom sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1267/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1267/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver