Məhkəmə qərarları › İş №2-1(112)-1267/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1267/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1267/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “sərəncamın etibarsız hesav edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 352 saylı 22 iyul 2014-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Günəşli, “d” yaşayış massivinin qərb hissəsində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 10 iyun 1996-cı il tarixli, 741 saylı sərəncamı əsasında Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 23 sentyabr 1998-ci il tarixli 1634 saylı və 29 oktyabr 1998-ci il tarixli 1877 saylı sərəncamları ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 154,37 kv.m. sahəsi olan tikinti inşa edilmişdir. 1998-ci ildən həmin tikili iddiaçı tərəfindən mağaza kimi istifadə edilmişdir. 22 iyul 2014-cü ildə Bakı şəhər İcra hakimiyyəti Başçısı 352 saylı sərəncamla Bakı şəhəri, Yeni Günəşli, “d” yaşayış massivinin 13 saylı binanın qərb hissəsində 0.4044 hektar torpaq sahəsini (iddiaçının inşa etdiyi tikili olan ərazi də daxil olmaqla) "xxxx" Mənzil Tikinti kooperativinə icarəyə vermiş, həmin ərazidə yuxarıda adı qeyd olunan MTK-ya çoxmərtəbəli binanın layihələşdirilməsinə və ərazidə olan tikililərin sökülməsinə icazə verilmişdir. 26 dekabr 2019-cu ildə (123 saylı) və 27 sentyabr 2019-cu ildə (92 saylı) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin ərazidə tikintiyə icazə verilmişdir. 2021-ci ilin əvvəlində iddiaçı azadlıqdan məhrum edildiyindən (19 mart 2021-ci ildə əhvlə azadlığa çıxmışdır) istifadə edilərək ona aid mağaza Bakı şəhər İcra hakimiyyəti Başçısının 22 iyul 2014-cü il tarixli 352 saylı sərəncamı əsasında sökülmüşdür.

3. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 352 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “D” yaşayış sahəsi, 13 saylı binanın qərb hissəsində "xxxx" Mənzil-Tikinti Kooperativinə icarə əsasında ayrılmış 0,4044 hektar torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 219 nömrəli Sərəncamı ilə həmin əraziyə bitişik 0,5106 hektar torpaq sahəsinin yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş, eləcə də aidiyyəti qurumların rəyi və razılığına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixli 123 nömrəli və xx.xx.2019-cu il tarixli 92 nömrəli “Tikintiyə icazə” sənədi verilmişdir. Həmçinin müraciətdə bildirirsiniz ki, əvvəllər Sizə məxsus olmuş qeyri-yaşayış tikilisi xəbəriniz olmadan "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən sökülərək yerində yaşayış binası inşa edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1637 nömrəli Sərəncamı əsasında Yeni Günəşli “D” yaşayış sahəsində təşkil olunmuş ticarət cərgəsində mağazanın təşkili üçün ilkin olaraq 20 m2 yer ayrılmasına icazə verilmiş və xx.xx.1998-ci il tarixli 1877 nömrəli Sərəncamın 1-ci bəndində dəyişiklik aparılaraq mağazanın sahəsinin 20 m2 artırılmasına və rekonstruksiya olunmasına icazə verilmiş və Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixində texniki pasport tərtib olunmuşdur. Göstərilənlərlə bağlı Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuş həmin texniki pasportda ümumi sahə kimi göstərilmiş 127,9 m2 sahənin "xxxx" Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş torpaq sahəsinin daxilində yeriəşib-yerləşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən aparılan araşdırmaların nəticəsi ilə bağlı bildiririk ki, yuxarıda qeyd olunan sərəncamlara əsasən ilkin ayrıc aktı, həmçinin son cizgi sənədində iddia etdiyiniz ərazidə hər hansı bir tikilinin mövcudluğu öz əksini tapmamışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aparılmış araşdırma zamanı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən daşınmaz əmlaka dair adınıza texniki pasportun mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair isə həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanunun 8.0.10-1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd qeyriyaşayış binası üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsas hesab edilir.

5. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1637 nömrəli, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən vətəndaş İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Bakı İHB-nın xx.xx.1996-cı il tarixli, 741 saylı sərəncamı ilə Yeni Günəşli “d” y/ş təşkil olunmuş ticarət mərkəzində mağazanın təşkili üçün 5x4 m ölçüdə yer ayrılmasına icazə verilmişdir.

6. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1877 nömrəli, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən vətəndaş İddiaçı suraxanı rayon İcra Hakimiyyəti Aparatına müraciət edərək əhaliyə daha keyfiyyətli ticarət xidməti göstərmək və mal ehtiyatlarını saxlamaq məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1637 saylı sərəncamı ilə ona Yeni Günəşli qəs. “d” y/sahəsində təşkil olunmuş ticarət mərkəzində tikintisinə icazə verilmiş mağazanın sahəsinin artırılmasına və rekonstruksiya olunmasına icazə verilməsi xahiş edilmişdir. Göstərilən sərəncamın 1-ci bəndində dəyişiklik aparılmış, mağazanın sahəsinin artırılmasına və rekonstruksiya olunmasına icazə verilmişdir. Mağazanın faktiki sahəsi 40 (qırx) kv.metr hesab edilmişdir.

7. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “d” yaşayış sahəsi, ticarət mərkəzinə dair İddiaçı adına 2000-ci il tarixli “Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin” Texniki pasportu tərtib edilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 352 nömrəli Sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, AK- 15 saylı müraciətini nəzərə alaraq, Suraxanı rayonu, Yeni Günəşli «D» yaşayış sahəsi, 13 saylı binanın qərb hissəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətə ayrılmışdır.

9. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilmişdirlər: 1.13. İddiaçı, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 7 may tarixli hökmü ilə məhkum edilmişdir.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, texniki pasportda qeyd olunmuş tikililər faktiki olaraq yerində mövcud deyil. Ərizəçinin nümayəndəsinin göstərdiyi ərazidə "xxxx" MTK-a məxsus iki ədəd 16 mərtəbəli çoxmənzilli yaşayış binası inşa olunaraq qeydiyyatdan keçmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia olunan sahənin aid “Google Earth” aerokosmik görüntüləri məhkəməyə göndərilmişdir.

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

14. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd olunmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 352 №-li Sərəncamı əsasında müəyyən dövlət və qeyri-dövlət müəssisələri rəhbərlərinin birgə hərəkətləri nəticəsində Korrupsiya və qulluq mənafeyi əleyhinə cinayətlər törədilmişdir və sonda iddiaçının da hüquqları kobudcasına pozulmuşdur. Sözügedən Sərəncamla "xxxx" MMC-yə yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün, icarə adı altında ayrılmış torpaq sahəsi, 1998-ci il də 16 il ondan öncə Suraxanı Rayon icra Hakimiyyəti Başçısının məlum sərəncamları ilə mağaza tikmək üçün iddiaçı üçün ayrılmışdır (Sözügedən sərəncamlar sorğu əsasında götrülmüşdür, hal-hazırda hüquqi qüvvəsindədir və Milli Dövlət Arxivinin arxivində saxlanılır.) İddiaçı sərəncamın etibarsız hesab edilməsi ilə bağlı qaldırdığı və icraatda olan iddia ilə bağlı məhkəməyə yaxından köməklik göstərmək, Sərəncamın həqiqətən əsassız və qanunsuz olduğunu sübut etmək məqsədi ilə qanunvericiliyin və Sərəncamın müvafiq bəndlərinin tələblərini rəhbər tutub Sərəncamda adı keçən Bakı Şəhər icra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "xxxx"in müdiriyyətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə aidiyyəti sorğular göndərmişdir. Məlum olmuşdur ki, Sərəncamda Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "xxxx"in müdriyyəti ilə sifarişçi —"xxxx" MMC arasında torpağın icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmasına tapşırıq verilsə də, "xxxx"in müdriyyəti ilə "xxxx" MMC arasında heç bir icarə Müqaviləsi bağlanmamışdır və "xxxx" MMC tərəfindən onların hesabına icarə haqqına dair bir manat olsun belə vəsait-pul ödənilməmişdir. "xxxx"in müdirinin sorğudan rəsmi surətdə imtina etməsi faktı da dediklərinin həqiqət olduğuna sübutdur. Bundan başqa məlum olmuşdur ki, Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "xxxx"in müdriyyəti ilə sifarişçi- Ana-Kür MMC arasında torpağın icarəyə verilməsinə dair bağlanmış icarə Müqaviləsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınması ilə bağlı sifarişçiyə tapşırıq verilsədə, "xxxx" MMC tərəfindən müqavilə ƏMDK-nə təqdim edilmədiyi üçün qeydiyyata alınmamışdır və MMC-nin torpaq sahəsi üzərində icarə hüququ tanınmamışdır və bu barədə MMC-yə çıxarış verilməmişdir. Açıq aşkar görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 352 №-li Sərəncamı əsasında dövlət və qeyri dövlət müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qanuna zidd hərəkətlər olunmuşdur. İnsanların hüquqları pozulmaqla yanaşı cinayət törədilmişdir. Çünki "xxxx" ilə "xxxx" MMC arasında İcarə müqaviləsi bağlanmamışdır. Bağlanmışdırsa belə icarə haqqı ödənilməmişdir. "xxxx" MMC tərəfindən "xxxx"ə icarə müqaviləsi əsasında vəsait köçrülmüşdürsə belə, görünür "xxxx" tərəfindən (icarə haqqı) küllü miqdarda vəsait mənimsənilmişdir. "xxxx" MMC-nin torpaq üzərində icarə hüququ tanınmadan, İcarə Müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyata alınmadan, bir manat olsun belə torpağa icarə haqqı ödənilmədən, "xxxx" MMC-tərəfindən qanunsuz yüksək mərtəbəli yaşayış Binasının tikilməsi, qanunsuz mənzillərin satışını həyata keçirməsi, küllü miqdarda qanunsuz qazanc əldə etmələri və beləcə də vergidən yayınması, habelə Sərəncamın bütün tələblərinin pozulması, Sənəncamın etibarsız hesab edilməsi üçün əsasdır. Bundan başqa, bu kimi qanunsuzluqlara aidiyyəti qurumların göz yumması korrupsiya amilinin göstəricisidir. Hal-hazırda "xxxx" MMC məhkəməyə təqdim etmək üçün, Bakı Şəhəri İcra Hakimiyyəti nəzdində fəaliyyət gösrərən "xxxx"in müdriyyətini, iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərini maddi nemətlərin, maraqlarını təmin etmək müqabilində ələ almaqla, geriyə-arxa tarixə saxtalaşdırmaqla sənədlər-sübutlar toplamaqla məşğuldur. Əgər sözügedən Sərəncamın tələbinə əsasən "xxxx"lə "xxxx" MMC arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmamışdırsa, İcarə müqaviləsi ƏMDK-də qeydiyyata alınmamışdırsa, ƏMDK-i tərəfindən torpaq sahəsinə olan İcarə Hüququ tanınmamışdırsa və Çıxarış verilməmişdirsə, MMC tərəfindən torpağa dair Bakı Şəhəri icra Hakimiyyətinə və yaxud da Bakı Şəhəri İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən "xxxx"ə icarə haqqı ödənilməmişdirsə, bir sözlə sözügedən Sərəncamın icrasına nəzarət edən Bakı Şəhəri icıa Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən Sərəncamın icrası ilə bağlı baş verən qanunsuzluqlara göz yumulmuşdursa, bunun da nəticəsində "xxxx" MMC tərəfindən yüksək mərtəbəli yaşayış binası tikilmiş, qanunsuz olaraq sənədləşdirilmişdirsə, mənzillərin və qeyri yaayıs sahəsinin satışından əldə edilən küllü miqdarda pul vəsait MMC-nin vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq leqallaşdırılmış və mənimsənilmişdirsə bu Sərəncamın əsassız və qanunsuz olması yanaşı, korrupsiya amilinin göstəricisidir. İddiaçı yuxanda qeyd olunanlarla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 352 №-li Sərəncamı əsasında baş vermiş Korrupsiya cinayətlərinin və qulluq mənafeyi əleyhinə olan digər qanunpozuntuları barədə xüsusi qərar qəbul edilib Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir.

15. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmir. II. İddianın növü və mümkünlüyü

17. İddia tələbi inzibati aktın (cavabdeh Bakı şəhəri Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 352 nömrəli sərəncamının) etibarsız hesab edilməsi ilə bağlı olduğu üçün iddianın növü müəyyən etmə və ya tanınma haqqında iddiadır.

18. İPM-in 2.2.5-ci maddəsinə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

21. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

22. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

25. “X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Məhkəmə hazırki iş üzrə araşdırmanı X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

27. Məhkəmə işin faktiki hallarını araşdırarkən müəyyən edir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1637 nömrəli, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Bakı İHB-nın xx.xx.1996-cı il tarixli, 741 saylı sərəncamı ilə Yeni Günəşli “d” yaşayış sahəsində təşkil olunmuş ticarət mərkəzində mağazanın təşkili üçün 5x4 m ölçüdə yer ayrılmış, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1877 nömrəli, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən Bakı İHB-nın xx.xx.1996-cı il tarixli, 741 saylı sərəncamının 1-ci bəndində dəyişiklik aparılaraq mağazanın sahəsinin artırılmasına və rekonstruksiya olunmasına icazə verilmiş və İddiaçı ayrılmış mağazanın faktiki sahəsi 40 (qırx) kv.metr hesab edilmişdir. İş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.

28. Məhkəmə qeyd edir ki, sərəncamla birlikdə götürülməklə hazırkı işdə iddiaçının adına tərtib edilmiş 2000-ci il tarixli “Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin” Texniki pasport iddiaçının qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X1 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

29. Məhkəmə müəyyən edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 352 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli «D» yaşayış sahəsi, 13 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmışdır.

30. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş ortofotoları tədqiq edərək müəyyən etmişdir ki, İddiaçı məxsus 40 kv.metr torpaq sahəsi üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında ayrılmış torpaq sahəsinin (ərazidə inşa edilmiş hündürmərtəbəli tikililərin altında olmasa da) ayrıc aktı daxilində yerləşir.

31. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından ona ayrılmış torpaq sahəsinə mübahisələndirilən sərəncamla həyata keçirilmiş müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir.

32. Məhkəmə qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçımə məxsus torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçıya ayrılmış torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədə bu prizmadan qiymət verilməlidir.

33. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə ("xxxx" Məhdud məsuliyyətli Cəmiyyətinə) icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir.

34. Məhkəmənin qənaətinə görə qeyd edilənlər mübahisələndirilən inzibati akın iddiaçının hüquqi marağına toxunan hissədə etibarsız (qanunsuz) olduğu qənaətinə gəlmək üçün yetərlidir.

35. Belə ki, “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

36. İddiaçı həmin torpaq sahəsində 154,37 kv.m. sahəsi olan tikinti inşa edildiyini bildirsə də, hüquqmüəyyənedici sənədlə ona məhz 40 kv.m. torpaq sahəsinin məxsusluğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, sərəncam qeyd edilən hissədə iddiaçının hüquqi marağına toxunur.

37. Odur ki, iddia qismən təmin edilməlidir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt (xx.xx.2014-cü il tarixli, 352 nömrəli Sərəncamı) İddiaçı məxsus torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

38. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarmadığından iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xüsusi qərardad qəbul edilməsi barədə” vəsatət təmin edilməməlidir.

39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 352 nömrəli Sərəncamı İddiaçı ayrılmış Bakı şəhəri, Yeni Günəşli “d” yaşayış massivinin qərb hissəsində yerləşən 40 kv.metr torpaq sahəsinə münasibətdə etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar