Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12672/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışmışdır. xx.xx.2008-ci il tarixdə həmin baş idarənin rəisi öz ərizəsi ilə təqaüdə çıxmış və İddiaçı həmin tarixdən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını yerinə yetirmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək tutduğu vəzifənin yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavininin tarif (vəzifə) maaşı məbləğində əmək haqqı almışdır. İddiaçı Azərbaycan Respublikası ədliyyə naziri Fərid Əhmədovun xx.xx.2024-cü il tarixli, 248-K nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilərək onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı arasında son haqq hesabın hesablanması zamanı İddiaçı hüquqları pozulmuşdur. Belə ki, İddiaçı əmək haqqı natamam ödənmişdir. Ona yalnızca Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavininin tarif (vəzifə) maaşı məbləğində əmək haqqı ödənilmişdir. Lakin İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavininin tarif (vəzifə) maaşından əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməli idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə görə boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. İddiaçı son haqq hesabın düzgün hesablanmaması ilə bağlı 15 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etsə də, müraciətlə bağlı hər hansı məlumat verilməyib.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir: İşin faktiki halları: İddiaçı sabiq ədliyyə qulluqçusu İddiaçı 1998-ci ildən ədliyyə orqanlarında çalışmışdır. O, xx.xx.2006-cı il tarixdə Nazirliyin Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdən həmin baş idarənin rəisinin pensiyaya çıxması ilə əlaqədar baş idarədə ən yüksək vəzifəli şəxs olmuş, xx.xx.2014-cü il tarixdə baş idarənin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunaraq, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Nazirliyə müraciət edərək, baş idarənin rəis müavini işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək baş idarənin vakant olan rəisi vəzifəsini icra etməsinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61 -ci maddəsinə əsasən müvafiq ödənişin verilməsini xahiş etmişdir. Məsələ Nazirlikdə araşdırılmış və müraciətin təmininin mümkün olmaması barədə ona xx.xx.2024-cü il tarixdə cavab verilmişdir. 1) İddia prosessual-hüquqi cəhətdən qeyri-mümkün iddiadır. İddia qeyri-mümkün sayılmalıdır. Belə ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014- cü il tarixədək Qanunvericilik baş idarəsinin rəis müavini kimi baş idarənin rəisi vəzifəsini icra etməsi səbəbindən ona əlavələrin ödənilməsi tələbi üzrə iddia qaldırılması üçün qanunla müəyyən edilən prosessual müddəti ötürmüşdür. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, işdən çıxdığı zaman onunla aparılan son haqqhesab aparılarkən hüquqları pozularaq yuxarıda qeyd olunan dövr üzrə əlavələr verilməmiş, yalnız rəis müavini vəzifəsinin əmək haqqısı ödənilmişdir. Bununla İddiaçı son haqq-hesabın aparılması zamanı hüquqlarının pozulması vaxtını 2024-cü ilə təsadüf etməsi təəssüratını yaratmağa cəhd edir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Maddədən göründüyü kimi, əlavə əmək haqqı son haqq-hesab aparılarkən deyil, aylıq ödənilməlidir və İddiaçı də mübahisə etdiyi dövrdə əmək haqqı ödənilən dövrdə ödənilməli idi. Bilindiyi kimi, mövcud qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən edir. Bununla bağlı qeyd edirik ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.2.3, 34.1 və 35.1-ci maddələri). inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) da öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-in 34.1-ci maddəsi, ikinci cümlə), həmin növ iddianın mümkünlük şərtləri bu iddia növü üçün də eynilik təşkil edir. İddia ərizəsi, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı mübahisə etdiyi əmək haqqı məbləğlərinin 2008-2014-cü illərdə ona ödənilmədiyini bilirdi, başqa sözlə, hüquqlarının irəli sürdüyü pozulmasından həmin dövrdə tam məlumatlı olmuşdur. Belə ki, iddiaçı ixtisasca hüquqşünasdır, Qanunvericilik baş idarəsinin əməkdaşı, daha sonra uzun illər rəhbər vəzifəli şəxsi (rəis müavini və rəisi) olmuşdur ki, bu hal da onun qanunvericilik sahəsində kifayət qədər savadının və təcrübəsinin olmasına dəlalət edir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı). Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşürülən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-ində də nəzərdə tutulmuşdu (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1 -ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər). Adıçəkilən Məcəllənin “Məhkəməyə şikayət verilməsi üçün müddətlər” adlı 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Şikayət vermək üçün üzrlü səbəbə görə buraxılmış müddət məhkəmə tərəfindən bərpa edilə bilər. Göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə məhkəməyə müraciət etmə müddətləri nəzərdə tutulmuş, MPM-lər bu müddəti “şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən” və “şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən” 1 ay olaraq müəyyən etmişdir. Bu baxımdan, mübahisə açan tərəf MPM-lərin verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011- ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İPM-in bu məsələlərlə əlaqədar keçid müddəaları nəzərdə tutmaması da diqqətə alınarsa, iddiaçının artıq ötürdüyü bu bir aylıq prosessual müddətin İPM-lə bərpa olunmadığı sabit olar. Başqa sözlə, xx.xx.2011 -ci il tarixədək MPM-lə mübahisələndirilmə imkanına malik olan, lakin mübahisələndirilməyən hüquqi faktlar bu tarixdən sonra mübahisə edilə bilməz. İPM-in əsas alındığı alman prosessual hüququna görə də mövcud olan tələbin uzun müddət qaldırılmaması maraqlı şəxsin həmin məsələ ilə bağlı hüquqi marağını itirməsinə dəlalət edir və bu da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Bu mənada, yalnız mübahisələndirmə və məcburetmə haqqında iddiaların qaldırılması üçün prosessual müddət müəyyən edən qanunvericinin İPM-in 36.3-cü maddəsində iddiaçıdan həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmasını tələb etməsi də bu kontekstdə dəyərləndirilməlidir. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub- pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib- edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. iş materiallarından göründüyü kimi, iddiaçının 2008-ci ilin avqust ayından aparılan tikinti işləri barədə xəbərdar olması məhkəmələr tətərəfindən müəyyən edilmişdir. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli tikinti işləri ilə bağlı 2008-ci ilin avqust ayından 2011-ci ilin iyun ayına kimi iddiaçının çoxsaylı müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada cavablandırılmışdır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə xx.xx.2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, İddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü üçün, onun iddiası qeyri-mümkün sayılmalıdır. İddianın mümkün iddia olduğu fərz olunsa, o halda:
2. İddia maddi-hüquqi cəhətdən əsassız iddiadır. 2.1. İddia rədd edilməlidir. Belə ki, qeyd olunduğu kimi, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək nazirliyin Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində işləmişdir. Ədliyyə Nazirliyi üzrə xx.xx.2007-ci il tarixli əmrlə təsdiq edilmiş Qanunvericilik baş idarəsinin Əsasnaməsində baş idarənin fəaliyyət istiqamətləri, eləcə də baş idarənin rəis müavininin vəzifələri dəqiqliklə təsbit olunmuşdur. Qanunvericilik baş idarəsinin rəis müavininin həmin Əsasnamədə qeyd olunan vəzifələri aşağıdakılardır: - Baş idarənin rəisi vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini yerinə yetirir; - ona tapşırılmış sahədə işin düzgün təşkil və icraolunmasını təmin edir; xidməti fəaliyyətlə bağlı nazirliyin rəhbərliyinin və Baş idarənin rəisinin tapşırıqlarını yerinə yetirir. Əsasnamədən əldə olan hüquqi nəticəyə görə, baş idarənin rəis müavini vəzifəsini icra edən şəxsin öz üzərinə götürdüyü öhdəliklərdən - vəzifələrdən biri də baş idarənin rəisi öz vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini yerinə yetirməsi olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsi tərəflərin razılığı ilə şəxsin özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, digər müvafiq peşələr (vəzifələr) üzrə işə və ya müvəqqəti işə çıxmayan işçini əvəz etməsini nəzərdə tutmuşdur. Lakin iddiaçının mübahisələndiriyi məsələdə bu hal həm öz əmək funksiyalarını, həm də əvəz etdiyi boş vəzifə üzrə digər işçini əvəz etməsi halı kimi qiymətləndirilə bilməz və bu normanın təsiri altına düşmür. Belə ki, rəis vəzifəsini müvafiq əmrləşmə olmadan, habelə Əmək Məcəlləsində qeyd olunduğu kimi “tərəflərin razılığı”na ehtiyac olmadan hər hansı səbəbdən icra etmək rəis müavinin əsas vəzifələrindən biri olmuşdur. Bununla belə, güman olunsa ki, İddiaçı barəsində Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən əmr olmuşdur, həmin normanın 3-cü bəndində təsbit olunduğu kimi boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilinərdi. 2.2. İddiaçı iddiasının qanuni əsası kimi Əmək Məcəlləsinin 61-ci maddəsinə istinad etmişdir. Həmin Məcəllənin normalarını mübahisənin maddi-hüquqi əsası kimi qəbul etdikdə, iddia, iddia müddəti keçdiyi üçün, əsassız sayılmalıdır. Belə ki, adıçəkilən Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi, İddiaçı hətta ən gec tarix olan 2014-cü ildən 10 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu məqamda nəzərə alınmalıdır ki, qanunvericilik texnikası baxımından Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi özündən əvvəl gələn iki hissədə istinad olunan “hüququn pozulmasının aşkar edildiyi gün”ün tətbiqi məsələlərini tənzimləyir. Digər tərəfdən, əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilən “... əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verilməsini və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilməsini və bu barədə işçinin məlumatlandırılmasını” şərtləndirmir və işçi növbəti ayın əmək haqqını aldıqda ödənilməyən hissədən məlumatlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (Maddə 372.1), hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (Maddə 372.2), bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir (Maddə 373.5), məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Maddə 375.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001- ci il tarixli Qərarına görə, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasımtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.” Plenumun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021 -ci il tarixli Qərarına görə isə, "... Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur.” Yekunda əlavə məlumat üçün bildiririk ki, İddiaçı işdən azad edildiyi zaman aparılmış müvafiq son hesablaşma zamanı işdən azad edildiyi ayda faktiki işlənilən günlərin əmək haqqısı, habelə istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərə alınmaqla iddiaçıya ödənilmişdir. Göstərilənlərə əsasən İddiaçı Ədliyyə Nazirliyinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiasının 1) qeyri-mümkün sayılması; 2) iddia məhkəmə tərəfindən mümkün sayıldıqda, əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 248-K nömrəli Əmrinə əsasən Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri İddiaçı xx.xx.2024-cü il tarixdən 2024-cü ilin hesabına 36 təqvim günü müddətində növbəti əmək məzuniyyəti verilmişdir. İddiaçı məzuniyyət müddətinin qurtardığı xx.xx.2024-cü il tarixdən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə müvafiq olaraq öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, İddiaçı mübahisələndirilən dövr ərzində digər şəxsin vəzifəsini icra etməsinə görə əlavə əmək haqqı almadığını yalnız 2024-cü ildə son haqq hesab zamanı müəyyən etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
İİ. İddianın növü və mümkünlüyü
7. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay üçün hesablanmaqla əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsini tələb etmişdir.
10. İddia tələbi xx.xx.2011-ci il tarixdən (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi tarixdən) xx.xx.2014-cü il tarixədək olan hissədə mümkündür.
İV. Məhkəmənin mövqeyi
11. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə nazinin xx.xx.2007ci il tarixli 8-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi haqqında” Əsasnamənin 20.8-ci maddəsinə əsasən Baş idarənin rəisi vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini yerinə yetirmək Baş idarənin rəis müavininin vəzifələrinə aid edilmişdir. Odur ki, qeyd edilən vəzifənin həyata keçirilməsi bilavasitə Baş idarənin rəs müavini kimi onun vəzifələrinə aid edilmişdir və iddiaçı həmin Baş idarənin rəis müavini və daha sonra rəisi olduğundan qeyd edilən Əsasnamənin müddaəları ona bəlli olmuşdur. Bu səbəbdən rəsmiləşmə aparılmamaqla müvafiq əmr verilmədiyindən həmin əlavənin ödənilməsi üçün (hüquqi) əsas mövcud olmamışdır (yaranmamışdır).
12. Digər tərəfdən məhkəmə qeyd edir ki, müvafiq tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddətlər də ötürülmüşdür.
13. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. 3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. ...Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində mövcud olmuş pul tələbinə dair əmək mübahisəsi ilə bağlıdır və iddia tələbi xx.xx.2011-ci il tarixdən (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi tarixdən) xx.xx.2014-cü il tarixədək pul tələbinə dair hissədə mümkündür.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
17. Məhkəmə nəzərə alır ki, Əmək Məcəlləsinin tələblərinə əsasən pul tələbləri ilə əlaqədar bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə İddiaçı isə hüquqlarının pozulduğunu iddia etdiyi sonuncu tarixdən (xx.xx.2014-cü il tarixdən) təqribən 10 il sonra məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında bildirmişdir ki, İddiaçı mübahisələndirilən dövr ərzində digər şəxsin vəzifəsini icra etməsinə görə əlavə əmək haqq almamışdır. Dəfələrlə şifahi qaydada rəhbərliyə müraciət etmiş, ona həmin fərqin ödəniləcəyi bildirilmiş, lakin həmin fərq ona ödənilməmiş, o da son haqq-hesab zamanı ödəniləcəyinə ümid etmişdir. Lakin 2024-cü ildə son haqq-hesab zamanı fərq məbləğinin ödənilmədiyini müəyyən etmişdir. Odur ki, hüquqlarının pozulması məhz son haqqhesabın aparılması zamanı baş vermiş və müddətlərin axımı həmin vaxtdan nəzərə alınmalıdır. Odur ki, hesab edir ki, iddia müddəti ötürülməmişdir.
19. İddiaçı hüquqlarının pozulması anı kimi son haqq-hesabın aparılması vaxtını nəzərə alınmalı olduğunu bildirsə də, məhkəmə həmin dəlili qəbul etmir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
20. Hüququn pozulması anı şəxsin qanunla təmin edilmiş hüquqlarının pozulduğu konkret vaxtı və ya hadisəni nəzərdə tutur. İddiaçının qanunla təmin edilmiş hüquqlarının pozulduğu konkret vaxt isə (münasibətlər davam edən xarakter daşıdığı üçün) onun əmək hüquqlarının pozulduğunu iddia etdiyi ən geci 2014-cü ildir. İddiaçı, sabiq ədliyyə qulluqçusu İddiaçı 1998-ci ildən ədliyyə orqanlarında çalışmışdır. O, xx.xx.2006-cı il tarixdə Nazirliyin Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdən həmin baş idarənin rəisinin pensiyaya çıxması ilə əlaqədar baş idarədə ən yüksək vəzifəli şəxs olmuş, xx.xx.2014-cü il tarixdə baş idarənin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
21. Məhkəmə qeyd edir ki, iddia müddətinin ötürülməsinin əsaslandırılması üçün inandırıcı və təkzibolunmaz səbəblər olmalıdır. Lakin iddiaçının mübahisələndirilən dövr ərzində xidməti vəzifəsi (Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin ən yüksək vəzifəli şəxsi olması) nəzərə alınaraq əmək hüquqlarının pozulmasını həmin dövrdə aşkar etməməsi və ya hüquqlarının pozulmasını bilməməsi ehtimal oluna bilməz.
22. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi İddiaçı Şirməmmməd oğluna xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva