Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1268/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zaqatala rayon X4 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zaqatala rayon X4 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə qərarın ləğv edilməsi və cavabdehin üzərinə xx xxx 2005-ci il təvəllüdlü İddiaçı sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uşaqlıqdan İV dərəcəli iki tərəfli eşitmə zəifliyi və nitq pozğunluğu xəstəliklərindən əziyyət çəkir, sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi üçün əsas olduğundan, bu məqsədi ilə aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılmış tibbi-sosial ekspert komissiyasına müraciət edilmişdir. Müraciətləri əsasında araşdırma aparan tibbisosial ekspert komissiyası əsassız və qanunsuz olaraq 08 dekabr 2020-ci il tarixli qərarla qrup əlliyin təyin olunmasından imtina etmişdir. İmtina üçün əsas isə komissiya öz qərarında belə qeyd etmişdir: "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin" Qeyd olunanlardan da göründüyü kimi, hazırki rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 18.03.2020-ci il tarixli 0256003AAKB7 saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki Diaqnozun mətni: İki tərəfli neyrosensor ağır eşitmə 3-4 dərəcə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Göndəriş mütəxəssis həkimlərin rəyi ilə tam əhatə olunmayıb” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin xəstəxananın 20.11.2020-ci il tarixli 0256003AAKVT saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki xarici qulaq keçəcəyi geniş və qurudur.hər iki qulaqda təbil pərdəsi tamdır.AD=AS=0 metrdir.ikitərəfli İV dərəcəli neyrosensor ağır eşitmə nitq pozğunluğu iləı, eşitmənin iki trəəfli itirlməsi ilə əlaqədar olaarq qüsurlu nitq,nitq pozğunluğu; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22.09.2021-ci il tarixli 2-1(112)-7509/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 40/2022 saylı (ekspertizanın başlanma tarixi 05 yanvar 2021-ci il, başa çatma tarixi 25 yanvar 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Zaqatala rayon X4 hüquqi şəxsi tərəfindən 18.03.2020-ci il tarixli 0256003AAKB7 saylı və 20.11.2020-ci il tarixli, 0256003AAKVT saylı göndərişlərlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışlarda göstərilmiş diaqnozla aparılmış kliniki və inustrumental müayinələrin nəticələri arasında müəyyən edilmiş göndərişlər natamam doldurulmuşdur. Həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən 27.01.2022-ci il tarixdə 3.1.26 meyarı ilə 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq təyinatı verilmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə (teleqram) müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin olunduğu üçün iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında caavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, iddiaçının əyani müayinəsi həyata keçirilmişdir və 22.12.2021-ci il tarixli **********3 saylı protokol ilə iddiaçının sağlamlıq vəziyyətinin 18 yaşa kimi əlilliyin təyini üçün əsas olması müəyyən edilmişdir. İddiaçının iddia tələbi tərəflərindən təmin olunduğundan iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya Agentliyinin 16.07.2021-ci il tarixli **********7 saylı əmri ilə yaradılmış 2 nömrəli komissiyasının iclasının 22 dekabr 2021-ci il tarixli **********3 nömrəli Protokolunun surətindən müəyyən olunur ki, Gündəlikdə Bakı İnzibati Məhkəməsinin **********7- 2-1(112)-7496/2021; **********2, **********0, **********0, 2-1(112)-5908/2021, 2-1(112)-6644/2021, 2-1(112)-7705/2021, **********7, **********, 2-1(112)-7669/2021, **********, 2-1(112)-11629/2021, 2-1(112)-7509/2021 nömrəli məktublarına əsasən əlillik vəziyyətləri yenidən yoxlanılaraq qərara alınmışdır: Protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 6 nəfərə əlillik dərəcəsi təyin edilməsi, 9 nəfərə isə DƏƏTE edilməsi və bu barədə qərar qəbul edilərək əlillik alt sisteminə daxil edilməsi; əlilliyin qiymətləndirilməsinə dair məlumatlar Agentlik tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi və gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi qərara alınmışdır. 22 dekabr 2021-ci il tarixli **********3 nömrəli Protokol əlavə olunmuş əyani müayinədən keçən şəxslərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zaqatala rayon X4 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1268/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1268/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver