Məhkəmə qərarları › İş №2-1(112)-1268/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1268/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1268/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/105 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/105 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N.Z.Tağıyev adına NQŞİ-nin müdiriyyəti və HİK-nin xx.xx.2001-ci il tarixli, 210 saylı birgə qərarı ilə “Bahar” bağçılıq təsərrüfatından 2/105 saylı bağ sahəsi onun istifadəsinə verilmiş və hal-hazırda istifadəsində və sahibliyindədir. O cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/105 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin müraciəti təmin edilməsindən imtina edilmişdir. İmtina əsası kimi cavabdehin tərəfindən təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adının aşkar olunmaması, sənəd üzrə torpaq sahəsinin ölçüsünün 900.0 kv.m göstərilməsinə baxmayaraq faktiki ölçüsünün 450.0 kv.m olması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 2/105 saylı bağ sahəsi xx.xx.2001-ci ildə onun istifadəsinə verilmiş və hal-hazırda da onun istifadəsindədir.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. Həmçinin, sənəd üzrə torpaq sahəsinin ölçüsü 900.0 kv.m qeyd edilsə də, faktiki ölçüsü 450.0 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəfilərindən mümkün olmamış və iddiaçıya müvafiq cavab məktubları ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

5. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.

6. İddaçı tərəfindən məhkəməyə N.Z.Tağıyev adına NQŞİ-nin müdiriyyəti və HİK-nin xx.xx.2001-ci il tarixli, 210 saylı protokoldan çıxarışın və cavabdehin xx.xx.2023-cü il tarixli, **********43 nömrəli imtina məktubu təqdim edilmişdir. N.Z.Tağıyev adına NQŞİ-nin müdiriyyəti və HİK-nin xx.xx.2001-ci il tarixli, 210 saylı protokoldan çıxarışdan görünür ki, xx.xx.1986-cı il tarixli 9 saylı protokolla Ş.İslamova verilmiş 2/105 saylı bağ sahəsi onun adından çıxarılması, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 2/105 saylı bağ sahəsi İddiaçı adına sənədləşdirilməsi və İddiaçı adına mövcud qaydada üzvlük kitabçası açılması və rüsumların tutulması qərara alınmışdır.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********43 nömrəli məktubdan görünür ki, cavabdeh qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli **********19 nömrəli məltubla cavab verilmişdir.

8. Məhkəmənin müvafiq sorğularına əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, bağ sahəsinin sərhədləri hər tərəfdən m.daşı ilə hasarlanmışdır, bağ sahəsində hin köməkçi tikilisi var.

9. Məhkəmənin müvafiq sorğularına əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********44 nömrəli məktubundan görünür ki, “Bahar” bağçılıq-yoldaşlıq birliyinin nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 2/105 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd, eyni zamanda həmin bağ sahəsinin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

İV. Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

12. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

15. İddiaçıya 2/105 saylı bağ sahəsinin ayrılması faktı N.Z.Tağıyev adına NQŞİ-nin müdiriyyəti və HİK-nin xx.xx.2001-ci il tarixli, 210 saylı protokoldan çıxarışda göstərilənlərlə təsdiqlənir, belə ki, həmin protokoldan çıxarışdan görünür ki, xx.xx.1986-cı il tarixli 9 saylı protokolla Ş.İslamova verilmiş 2/105 saylı bağ sahəsi onun adından çıxarılması, adına yazılmış üzvlük kitabçası hüquqi qüvəsini itirmiş hesab edilməsi, 2/105 saylı bağ sahəsi İddiaçı adına sənədləşdirilməsi və İddiaçı adına mövcud qaydada üzvlük kitabçası açılması və rüsumların tutulması qərara alınmışdır.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 17.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Lakin cavabdeh “Bahar” bağcılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adının aşkar olmaması əsası ilə bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.

20. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Belə ki, H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyəti və HİK-nin xx.xx.1988-ci il tarixli 9 saylı protokolu ilə Ş.İsmayılova 2/105 saylı bağ sahəsi verilmiş, sonradan bu bağ sahəsi xx.xx.2001-ci il tarixli protokolla Ş.İsmayılovun adından çıxarılmış və onun adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmişdir. 2/105 saylı bağ sahəsi xx.xx.2001-ci il tarixli protokolla İddiaçı adına sənədləşdirilmiş və onun adına üzvlük kitabçası açılmışdır. Bunu iddiaçının məhkəməyə təqdim etdiyi H.Z.Tağıyev adına NQÇİnin və HİK-in müdiriyyətlətinin imzaları və idarələrin rəsmi möhürləri ilə təsdiq edilmiş protokoldan çıxarış təsdiq edir. Sözügedən protokolun (protokoldan çıxarışın) saxta olması cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün bu sübut məhkəmə tərəfindən mötəbər hesab olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respubikası Qanunun 19-cu maddəsində göstərilmişdir ki, “inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.” Cavabdehin etirazında qeyd etdiyi digər məsələ ilə bağlı, yəni “Bahar” bağcılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adının aşkar olmaması ilə bağlı məhkəmə bildirir ki, işdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının ilkin siyahısında olmamışdır. Lakin, cavabdeh nəzərə almamışdır ki, İdarənin arxivində saxlanılan siyahı iddiaçının bağçılıq yoldaşlığı üzvlüyünə qəbul edilməsindən əvvəl tərtib olunmuşdur. İddiaçının bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsindən sonraki dövr üzrə, yəni 2000-ci il tarixdən sonra bağçılıq yoldaşlığı üzvlərinin siyahısının yenilənməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun ziyanına şərh edilə bilməz. Əksinə, iddiaçının sonradan üzv kimi qəbul edilməsinə baxmayaraq ilkin siyahıda adının olması həmin sənədlərin mötəbərliyinə şübhə altına alınmasına səbəb ola bilərdi ki, hazırkı iş üzrə təqdim edilən sənədlərin mötəbərliyinə həmin faktiki və hüquqi əsasla da şübhə mövcud deyildir. İddiaçı öz növbəsində mübahisəli bağ sahəsinin ona ayrılmasını sübut edən protokolun (protokoldan çıxarışı) təsdiq olunmuş formasını (protokolu verən qurumların rəsmi imzası və möhürü olan) məhkəməyə təqdim edir və faktiki olaraq həmin ünvanda yaşamasını və həmin ünvana üçüncü şəxslərin iddialarının olmamasını sübut edir. Belə olan halda iddiaçının təqdim etdiyi sübutlar, bundan əlavə məhkəmə tərəfindən araşdırılan hallar ona əsas verir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə edilmiş imtinası yuxarıda göstərilən qanunvericilik normallarına zidd kimi qiymətləndirilməlidir.

21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;”

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/105 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

22. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rü4umu ödəməkdən azad olunurlar.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/105 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması vaə bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar