Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12680/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 İdris oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, HEM000094 nömrəli bakalavr diplomunun və ali təhsilə aid kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, HEM000094 nömrəli bakalavr diplomunun və ali təhsilə aid kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı vəsatətdə qeyd etmişdir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı xx.xx.2023cü il tarixdə müvafiq xarici kvalifikasiyanın tanınması üçün inzibati orqana Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra-Qaydalar)na əsasən müraciət etmişdir. Həmin Qaydaların 2.2-ci bəndində “Tanınmaya dair müraciət elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər” qeyd olunmuşdur. Sözügedən Qaydalara uyğun olaraq ərizəçinin inzibati işi üzrə icraat aparılmış və həmin qaydaların 3.10.1-ci və 4.1.4-cü bəndinə əsasən, ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməyərək NA00021297 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Qeyd olunan Qərar barəsində ərizəçinin müraciətində göstərdiyi elektron poçt ünvanına (Elektron ünvan ) qəbul edilmiş Qərar barəsində məlumat göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli Qərardan ən gec xx.xx.2024-cü il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə ilk dəfə xx.xx.2025-ci il tarixində məhkəmyə müraciət etmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2024-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş, məsələyə münasibət bildirməsi, zəruri hesab etdiyi təqdirdə buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.2, 33, 35.1, 38.2). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərardan daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə maraqlarına uyğun qərarın qəbul edilməsi üçün məhkəməyə müraciət etməmiş və iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya qanunvericiliyin yuxarıda qeyd olunan normaları izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və iddiaçıya İPM-in 13-cü maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. Hüquqi yardım göstərilməklə dinlənilmə hüququ təmin edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, HEM000094 nömrəli bakalavr diplomunun və ali təhsilə aid kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(112)-12680/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12680/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver