Məhkəmə qərarları › İş №2-1(112)-12683/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12683/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12683/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın iddiaçının adına dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının atasının adına verilmiş cavabdehin 1545 saylı xx.xx.2000-ci il tarixli sərəncamının iddiaçının adına dəyişdirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 1545 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə atası X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən binanın qarşısında köşkün yenidən qurulmasına icazə verilməsi haqqında sərəncam verilmişdir. İddiaçının atası xx.xx.2018-ci ildə vəfat etmiş, vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Notariat kontorunun məktubundan görünür ki, mərhumun vərəsəsi iddiaçıdır. Bundan sonra iddiaçı sərəncamın öz adına dəyişdirilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müvafiq qanunvericilik normalarından müəyyən edilir ki, 01 avqust 2018-ci il tarixindən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. İddiaçı isə qəbul olunmasını arzu etdiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı əsl cavabdehə qarşı iddia tələbi irəli sürməmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin qeyd edilən sərəncamı icra edilmiş və müvafiq köşk sərəncamda göstərilən qaydalarla yenidən qurulmuşdur. Hazırda atası vəfat etmişdir. Onun həmin köşkdən istifadəsi zamanı müvafiq qurumlarla problemləri yaranır. Bu səbəbdən sərəncamın onun adına dəyişdirilməsini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Mübahisənin mümkünlük məsələsinə qiymət verilməsi üçün öncə mübahisənin mahiyyətinə nəzər yetirmək zəruridir. Belə ki, iddiaçı cavabdeh tərəfindən onun mərhum atasının adına verilmiş 1545 saylı xx.xx.2000-ci il tarixli sərəncamın öz adına dəyişdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İşin hallarından müəyyən edilir ki, cavabdehin 1545 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ünvan 1 binanın 108-ci mənzilində yaşayan X2 (iddiaçının atası) məxsus olan köşkün yan və qabaq hissəsinin əlavə olunmuş cizgi əsasında yüngül konstruksiyalı elementlərlə yenidən qurulmasına icazə verilmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilir ki, 1545 saylı xx.xx.2000-ci il tarixli sərəncam icra edilmiş və köşk sərəncamda nəzərdə tutulmuş qaydada yenidən qurulmuşdur. Belə olan halda həmin sərəncamın yenidən iddiaçının adına verilməsi hər hansı hüquqi nəticə yaratmır və ümumiyyətlə praktiki olaraq belə bir sərəncamın verilməsi mümkün deyildir. Qeyd edilməlidir ki, inzibati mübahisələrə dair işlər üzrə verilən iddialarda yuxarıda da qeyd edildiyi kimi iddiaçı öz hüquqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın təmin edilməsi iddiaçının inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi, faktiki xarakterli hərəkət və hərəkətsizlik nəticəsində pozulmuş hüquqlarının bərpasına səbəb olmalı, yəni hər hansı hüquqi nəticə yaratmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla düzgün hüquqi müdafiə üsulu seçməmişdir. Sözügedən sərəncamın iddiaçının adına dəyişdirilməsi heç bir hüquqi nəticə yaratmır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın iddiaçının adına dəyişdirilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar