Məhkəmə qərarları › İş №2-1(112)-12689/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12689/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12689/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanda qeydiyyatda olan), üçüncü şəxs X3 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X6 və övladları X11, X8 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 07 iyun 1987-ci il təvəllüdlü Axundova (Mahmudova) Sevinc Əbilfəz qızının övladları 27 dekabr 2013-cü il təvəllüdlü X11 və 02 dekabr 2015-ci il təvəllüdlü X8 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus ünvan 3 ünvandan (yeni qaydalarla: AZ 1124, ünvan 4 M5, m2) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 8 (yeni qaydalarla: AZ 1124, ünvan 4 M5, m2) daşınmaz əmlakın reyestrində **********44-05101- 093092 nömrə ilə qeydiyyata alınmaqla iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının oğlu X14 16 mart 2013-cü il tarixdə iş üzrə üçüncü şəxs olan X6 ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 27 dekabr 2013-cü il tarixdə Zəhra, 02 dekabr 2015-ci il tarixdə Zeynəb dünyaya gəlmişlər. Nikaha daxil olduqdan sonra Emin Mahmudov həyat yoldaşı X6 və övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş binada yerləşən mənzildə yaşamışlar. Lakin həmin mənzilin mülkiyyət sənədləri olmadığından X6 övladları Zəhra və Zeynəb ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 8 üvnanında formal olaraq yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Münasibətləri pozulduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(001)-11758/2016 saylı qətnaməsi ilə X6 ilə X14 arasında bağlanmış nikah pozulmuş və uşaqların anaları X1 yanında saxlanılmaları qət edilmişdir. Nikah pozulduqdan sonra iş üzrə üçüncü şəxs X6 övladları X11 və X8 ilə birlikdə ünvan 5 ünvanında yaşamış və hazırda da, həmin ünvanda yaşayır. X9, X2 və X17 (qonşular) tərəfindən tərtib edilərək notariat qaydada təsdiq edilmiş 30 iyul 2022-ci il tarixli, **********489 nömrəli Aktdan görünür ki, Mahmudova (Axundova) Sevinc Əbilfəz qızı ünvan 6 ünvanında yaşamır. Onlar 1 gün belə həmin ünvanda yaşamamış və hazırda ünvan 5 ünvanında yaşayırlar. İddiaçı öz mənzili üzərində sərəncam hüququnu həyata keçirə bilmir, bu isə nəticədə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Beləliklə, 08 sentyabr 2022-ci il tarixdə tərəfimdən Binəqədi Rayon Polis İdarəsinin Qeyd olunan şəxslərin mənzildə qeydiyyatda olmaları onu mülkiyyət hüquqlarından suni məhrum edir və yaşadığı mənzil üzərində sərəncam vermək hüququnu sərbəst surətdə həyata keçirə bilmir. Qeyd olunan şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaları üçün Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 və övladları X11, X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Axundova (Mahmudova) Sevinc Əbilfəz qızı verdiyi izahatında iddia tələbinə etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 37 saylı mənzil (yeni qaydalarla: AZ 1124, ünvan 4 M5, m2) İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, X6 və X8 ünvan 8 ünvanında qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən verilmişxx.xx.2022-ci il tarixli, 059-38211M-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılmaları barədə müraciətinə baxılmış və ona “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktublarında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, ev 3 ünvanda yerləşən 37 saylı mənzilin İddiaçı adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu, iş üzrə üçüncü şəxslərin həmin mənzilə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. - Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X6, X11 və X4 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, ev 3 ünvanında yerləşən 37 saylı mənzildə qeydiyyatdadırlar, lakin yaşamırlar. - Elektron məhkəmə informasiya sisteminin qohumluq məlumatları bölməsindən üçüncü şəxslər xx.xx.2013-cü il təvəllüdlü X11 ilə xx.xx.2015-ci il təvəllüdlü X4 X3 övladları olduqları müəyyən edilir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(001)- 11758/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Binəqədi rayon Qeydiyyat Şöbəsində iddiaçı X5 ilə cavabdeh X14 arasında 16 mart 2013cü il tarixdə 344 saylı akt qeydi icra edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 27 dekabr 2013-cü ildə doğulmuş X11 və 02 oktyabr 2015-ci ildə doğulmuş X4 anaları X1 yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 manat sabit pul məbləğində alimentin X10 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Nikahın pozulması haqqında 07 noyabr 2017-ci il tarixli, Az-İ №277681 nömrəli şəhadətnamənin surətindən görünür ki, X14 ilə X5 arasında olan nikah ləğv edilmiş, bu barədə 461 № ilə xx.xx.2017-ci il tarixdə akt qeydi aparılmışdır. - X9, X2 və X17 (qonşular) tərəfindən tərtib edilərək notariat qaydada təsdiq edilmiş 30 iyul 2022-ci il tarixli, **********489 nömrəli aktdan görünür ki, Mahmudova (Axundova) Sevinc Əbilfəz qızı ünvan 6 ünvanında yaşamır. İşin faktiki hallarından görünür ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Üçüncü şəxslərdən X6 iddiaçının keçmiş gəlini, X11 və X8 isə nəvələridir. Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Sevinc Axundova ilə iddiaçının oğlu arasında 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş və uşaqlar analarının himayəsində saxlanılmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə yanaşı, həmçinin üçüncü şəxs Sevinc Axundovanın izahatından da müəyyən edilmişdir ki, o övladları ilə birgə mübahisəli mənzildə yaşamamış və hazırda da valideynlərinə məxsus ünvan 5 ünvanında yaşayır. İddiaçı hazırda mülkiyyətində olan mənzildə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxslərinin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ünvan 2-nin mülkiyyətçisidir. Hazırkı mübahisə üzrə üçüncü şəxslər Axundova (Mahmudova) Sevinc Əbilfəz qızı və övladları X11, X8 iddiaçıya məxsus mənzildə heç vaxt yaşamamış, həmin mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat müvafiq reyestrdə aşkar edilmir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Axundova (Mahmudova) Sevinc Əbilfəz qızının iddiaçının oğlu ilə nikahına xitam verilmiş və iddiaçının nəvələri- iş üzrə üçüncü şəxslər Zəhra və Zeynəb analarının himayəsində saxlanılmışdır. Göründüyü kimi, rayon məhkəməsinin sözügedən qətnaməsi ilə uşaqların ananın himayəsində saxlanılması qət edilməklə onların yaşayış yerlərinin analarının yaşayış yeri olması müəyyən edilmişdir. Hazırkı halda isə Axundova (Mahmudova) Sevinc Əbilfəz qızı bildirdiyi kimi iddiaçıya məxsus mənzildə deyil, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 3, 37-də yaşayır. Odur ki, məhkəmə iddiaçının iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, cavabdeh inzibati orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmə hesab edir ki, iddiaçının iş üzrə üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslıdır. Odur ki, təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxslər 07 iyun 1987-ci il təvəllüdlü Axundova (Mahmudova) Sevinc Əbilfəz qızının, övladları 27 dekabr 2013-cü il təvəllüdlü X11 və 02 dekabr 2015-ci il təvəllüdlü X8 ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 3 ünvandan (yeni qaydalarla: AZ 1124, ünvan 4 M5, m2) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar