Məhkəmə qərarları › İş №2-1(112)-12691/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12691/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12691/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “LPetrol MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı əmlaklara dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “LPetrol MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.11.2021ci il tarixli, **********07 nömrəli məktub ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtinanın əsassız hesab edilməsi, icarə hüququ əsasında iddiaçının sahibliyində olan 38.9852 ha torpaq sahəsində yerləşən və onun vəsaiti hesabına inşa edilmiş 82 ədəd daşınmaz əmlakın (təqdim olunmuş siyahı üzrə) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, neft məhsullarının təchizatı sahəsində fəaliyyət göstərən İddiaçı (İddiaçı MMC, VOEN: **********, qeydiyyat tarixi 27.05.2021) fəaliyyətinin təmin edilməsi məqsədilə 07.06.2021-ci il tarixli məktubla "xxxx" B.M-yə müraciət edərək, "xxxx" B.M-yə aid olan Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanında yerləşən 38,9852 hektar torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlaklarla birlikdə icarəyə verilməsini xahiş etmişdir. 30.06.2021-ci il tarixdə "xxxx" B.M ilə İddiaçı MMC arasında “İcarə müqaviləsi” bağlanmış və müqaviləyə əsasən Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanında yerləşən, siyahısı müqaviləyə əlavə edilmiş daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi (38.9852 hektar) ilə birlikdə icarəyə götürənin istifadəsinə verilmişdir. İcarə Müqaviləsinin 4.7-ci bəndinə əsasən “İcarəçi bu müqavilənin 1.3-cü bəndində qeyd olunan torpaq sahəsində qanunvericiliklə müəyyən olunmuş tikinti-quraşdırma işləri apara bilər”. “İcarə müqaviləsinin” 4.7-ci bəndinə əsasən İddiaçı MMC qeyd olunan ərazidə 82 ədəd tiklili inşa etmişdir. İddiaçı MMC tərəfindən qeyd edilən ərazidə 82 ədəd tiklili inşa edərək onların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (İdarə) müraciət etmişdir. İdarə tərəfindən 24.11.2021-ci il tarixli, **********07 nömrəli məktub ilə qeyd edilən 82 əmlak üzərində mülkiyyət hüququ İddiaçı MMC-nin adına daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli **********07 nömrəli imtina əsassız hesab edilməli və mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İddiaçı MMC icarə əsasında götürdüyü torpaq sahəsi üzərində icarəyəverənin və üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd olmayan, eləcə də, müqaviləyə əsasən icarəyəverənin razılığı ilə müvafiq tikililər aparmış və onun xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını səlahiyyətli qurumdan xahiş etsə də, həmin hüququn qeydə alınmasından imtina edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən, ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********07 saylı, 24.11.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********07 nömrəli, 24.11.2021-ci il tarixli imtina məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanında yerləşən əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, 23.11.2021-ci il tarixli müraciətə baxılaraq bildirilmişdir ki, əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 01/20 saylı, 18.08.2011-ci il tarixli “Azneft” İstehsalat Birliyi ilə bağlı arxiv çıxarışından görünür ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin “torpaq sahəsinin ayrılmasına dair” 16.05.1962-ci il tarixli, 27 nömrəli iclas protokolunun 919-cu bəndinə əsasən 26 Bakı Komissarı adına rayonun mədən ərazisinin sərhədləri müəyyən edilmişdir. Hazırki mübahisənin predmeti olan əmlakların yerləşdiyi ərazinin də, həmin sərhədlərin hüdudlarına daxil olduğu müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, "xxxx" B.M tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edilərək, “Azfen B.M”-nin istehsalat bazasına bitişik olan “Bibi-Heybət” NQÇİ-nə məxsus, bataqlıq və neft tullantılarının yığılıb qalmış və hal-hazırda istifadə edilməyən ərazisinin əlavədəki sxemə uyğun “Azfen B.M”–nin istifadəsinə verilməsi məsələsinin həll edilməsi xahiş edilmiş, öz növbəsində “Bibi-Heybət” NQÇİ tərəfindən "xxxx" Birgə müəssisəsinə 3.62 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. "xxxx" Birgə Müəssisənin müraciəti və “Bibi-Heybət” NQÇİ-nin razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanaraq, “Bibi-Heybət” NQÇİ-nin istifadəsiz ərazisinin 3.7 hektarının “Azfen B.M”-nin istifadəsinə verilməsini məqsədəuyğun hesab etdikləri bildirilərək, qüvvədə olan qanunlara uyğun müvafiq sərəncam verilməsi xahiş edilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 421 nömrəli, 11.06.2001-ci il tarixli “Torpaq sahəsinin istifadəyə verilməsi haqqında” sərəncamından görünür ki, sərəncamın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 29.05.2001-ci il tarixli, 01-26/228 nömrəli məktubu nəzərə alınaraq, Səbail rayonu “Bibi-heybətneft” NQÇİnin ərazisində yerləşən istifadədən çıxarılmış neft tullantıları ilə çirklənmiş sahəsindən "xxxx" B.M-nin istehsalat bazasını genişləndirmək üçün 6.22 ha torpaq sahəsi həmin şirkətin istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 23 noyabr 2015-ci il tarixli, SOCAR/15-10000/01/SM-07-000196 nömrəli sərəncamının surətindən görünür ki, "xxxx" Birgə Müəssisəsinin və “Azneft” İstehsalat Birliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, eləcə də, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il 244 yanvar tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 2.4-cü bəndini rəhbər tutaraq, qərara alınmışdır ki, “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin istifadəsində olan və cizgisi bu sərəncama əlavədə verilmiş 35.7652 ha torpaq sahəsinin istifadə hüquqları "xxxx" Birgə Müəssisəsinə ötürülsün, “Azneft” İstehsalat Birliyi və "xxxx" Birgə Müəssisəsi bu sərəncamın icrasından irəli gələn vəzifələri yerinə yetirsinlər. Sözügedən sərəncama əlavə şəklində torpaq sahəsinin cizgisi əlavə edilmişdir. İşdə olan icarəyə verən "xxxx" B.M ilə icarəçi İddiaçı MMC arasında bağlanılmış 30 iyun 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Müqavilənin 1.1-ci bəndinə (Müqavilənin predmetinə) əsasən bu Müqavilə ilə İcarəyə verən Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanında yerləşən və siyahısı bu Müqaviləyə əlavə Qoşma 1də verilmiş daşınmaz əmlakları İcarəçinin istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi əmlakı icarəyə qəbul edib təyinatı üzrə istifadə etməyi və icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Bu Müqavilənin qüvvədə olduğu müddətdə İcarəçi əmlakın yerləşdiyi və baş planı bu Müqaviləyə əlavə Qoşma 2-də verilmiş 38.9852 ha torpaq sahəsindən istifadə edir. Müqavilənin 4.7-ci bəndinə əsasən İcarəçi bu Müqavilənin 1.3-cü bəndində qeyd olunan torpaq sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tikinti-quraşdırma işləri apara bilər. Həmin Müqaviləyə əlavə 1 nömrəli qoşmada göstərilmişdir ki, "xxxx" B.M və İddiaçı MMC arasında imzalanmış 30 iyun 2021-ci il tarixli “İcarə müqaviləsi”nin 1.1-ci bəndinə əsasən, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanındakı 38.9852 ha torpaq sahəsində yerləşən və icarəçinin istifadəsinə verilən daşınmaz əmlaklar aşağıdakılardır: anbar sahəsi (684 kv.m), perefabrik ofis binası (127,5 kv.m), ofis binası (539.14 kv.m), supervayzer sahə ofisi (501.23 kv.m). Həmin Müqaviləyə əlavə 3 nömrəli qoşmada "xxxx" B.M ilə İddiaçı MMC ilə birgə təsdiq edilmiş 389852 kv.m torpaq sahəsində yerləşən tikililərin cizgisi təsdiq edilmişdir. Həmin cizgidə "xxxx" B.M tərəfindən İddiaçı MMC-nin istifadəsinə verilmiş daşınmaz əmlaklar və Müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC tərəfindən sözügedən torpaq sahəsində inşa edilmiş tikililər göstərilmişdir. İşdə olan topoqrafik plandan görünür ki, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasda topoqrafik planı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18.12.2008-ci il tarixdə təsdiq edilmişdir. Həmin topoqrafik xəritədə hazırda İddiaçı MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi də, öz əksini tapmışdır. İşdə olan layihədən görünür ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanındakı 38.9852 ha torpaq sahəsində yerləşən İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikililərin layihəsi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18 noyabr 2021-ci il tarxli, SOCAR**********30490075/S07196 nömrəli “Əmlakın rəsmiləşdirilməsinə münasibət bildirilməsi haqqında” məktubdan görünür ki, istifadədə olan torpaq sahəsində inşa edilən daşınmaz əmlakların rəsmiləşdirilməsinə dair 10.11.2021-ci il tarixli məktuba SOCAR-da müvafiq qaydada baxılaraq, bildirilmişdir ki, "xxxx" Birgə Müəssisəsi ilə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı MMC-nin istifadəsində olan, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanında yerləşən, 35.7652 torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququ dəyişdirilmədən, həmin torpaq sahəsində İddiaçı MMC-nin vəsaiti hesabına inşa edilmiş daşınmaz əmlaklar üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun rəsmiləşdirilməsinə SOCAR etiraz etmir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub buxtası 3 ünvanındakı 38.9852 ha torpaq sahəsində inşa edilmiş tikililərin siyahısı və ölçüləri (kv.m-lə) təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakların yerləşdiyi 35.7652 ha ölçüdə torpaq sahəsinə dair istifadə hüquqları SOCAR-ın razılığı əsasında (iş materiallarında olan sərəncama əsasən) "xxxx" Birgə Müəssisəsinə ötürülmüşdür. Sonuncu tərəfindən öz istifadəsində olan ümumilikdə 38.9852 ha torpaq sahəsinə dair iddiaçı ilə 30 iyun 2021-ci il tarixli icarə müqaviləsi bağlanılaraq, həmin torpaq sahəsi və müqaviləyə qoşma şəklində əlavə edilmiş siyahıda göstərilən torpaq sahəsi üzərindəki daşınmaz əmlaklar İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin Müqavilənin 4.7-ci bəndinə əsasən İddiaçı MMC-yə qeyd edilən torpaq sahəsində qanunvericilikə müəyyən edilmiş qaydada tikinti-quraşdırma işlərini aparması hüququ verilmişdir. İddiaçı həmin hüququndan istifadə edərək, istifadəsində olan torpaq sahəsində tikinti işləri apararaq, hazırki mübahisənin predmeti olan əmlakları inşa etmişdir. Həmin əmlakların siyahısı və layihəsi iddiaçı tərəfindən təqdim edilmişdir. Hazırda SOCAR tərəfindən İddiaçı MMC-nin vəsaiti hesabına inşa edilmiş daşınmaz əmlaklar üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun rəsmiləşdirilməsinə SOCAR etiraz etmir. Göründüyü kimi, işin yuxarıda göstərilən halları cavabdehin imtinasını əsassız edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -8.0.10.1. ikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İcarə hüququ əsasında İddiaçı MMC-nin sahibliyində olan 38.9852 ha torpaq sahəsində yerləşən və onun vəsaiti hesabına inşa edilmiş 82 ədəd daşınmaz əmlakın (təqdim olunmuş siyahı üzrə) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar