Məhkəmə qərarları › İş №2-1(112)-12692/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12692/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12692/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, üçücün şəxs "xxxx" MTK, “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-dan (bundan sonra – üçüncü şəxs və ya MTK) ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 8-ci binasında, 8-ci blok, 7-ci mərtəbə 4 №-li 2 otaqlı, dəyəri 122295 manat olan mənzili almışdır. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı mənzilin dəyərini tam şəkildə MTK-nın hesabına ödəmişdir. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, “...Qaydaların 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 8-ci binasında 8-ci blok, 7-ci mərtəbə 4 №-li 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı Şərifzadə filialı) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qaydalar üzrə ƏDV məbləğinin geri qaytarılması birbaşa Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin öhdəliyidir. MTK bildirir ki, ƏDV daxil 122295 manat məbləğin 18655,16 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi Dövlət Vergi Xidmətinə ödənilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Fərman xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, portalın istifadəyə verilməsi xx.xx.2022-ci il tarixdə mümkün olmuşdur. Ona görə də, müraciət etmək üçün müddətlər xx.xx.2022-ci il tarixdən nəzərə alınır. İddiaçı isə həmin vaxtdan Qaydalarda nəzərdə tutulmuş 90 günlük müddəti ötürmüşdür. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, MTK mütəmadi olaraq vergi orqanına əlavə dəyər vergisi bəyannaməsi üzrə hesabat təqdim edir və vaxtlı-vaxtında vergiləri ödəyirlər. Qaydalar qüvvəyə minəndən sonra texniki səbəbdən birmüddət belə problemlər oldu, lakin hazırda bu probem aradan qaldırılıb. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı mənzilin alqı-satqısı ilə bağlı ödədiyi pul məbləği üzrə ƏDV-nin geri qaytarılması üçün müvəkkil banka məlumat vermək öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddiadır. İddianın göstərilən qaydada qaldırılması, Qaydaların tələblərinə uyğundur. Belə ki, Qaydaların 2.0.6-cı bəndinə əsasən müvəkkil bank - ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır. Qaydaların 2.0.4-cü bəndinə görə, operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir; Qaydaların 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Qaydaların 6.2-ci maddəsinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Qaydaların tələblərindən göründüyü kimi, ƏDV məbləğinin qaytarılması ilə bağlı cavabdeh tərəfindən müvəkkil banka məlumatın ötürülməsi nəzərdə tutulmuşdur ki, bu iddia cavabdehin üzərinə inzibati akt qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli hərəkətin edilməsi öhdəliyinin qoyulmasına dair öhdəliyin icrası haqqında iddiadır İPM, maddə 2.2.3). Cavabdeh ƏDV-in geri qyatarılması ilə bağlı müvəkkil banka müraciət etməkdən imtina edir ki, bu imtina iddiaçıya ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının cavabdehə müraciəti və hazırkı iddianı qaldırmaqda hüquqi marağı aldığı mənzilə görə ödədiyi ƏDV məbləğinin geri qaytarılmasına yönəlmişdir. Ona görə, hazırkı qaydada tələbin irəli sürülməsi, iddiaçının inzibati orqana müraciətinə uyğundur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən dəyəri 122295 manat olan mənzilin dəyərini nağd qaydada pul ödəyərək almışdır. İddiaçı hazırda həmin mənzillə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Məhkəmə qeyd edir ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin əsaslılığı həmin qanuni əsasın dispozisiya şərtləri əsasında yoxlanılmalıdır. Tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, bu hal, iddiaçının təqsiri uctabından olmamaqla ƏDV məbləğinin geri qaytarılmasın imtina üçün əsas deyildir. Hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. Həmçinin üçüncü şəxs tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsindən müəyyən edilir ki, MTK 2022-ci ilin oktyabr ayı üzrə (hazırkı iş üzrə alqı-satqı müqaviləsi bağlanan dövr) cavabdehə hesabat təqdim etmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsi üçün iddia tələbinin qanuni əsası kimi müəyyən edilmiş dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır. Cavabdeh imtina qərarında göstərməsə də, nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının ƏDV məbləğinin geri qaytarılması üçün müəyyən edilmiş 90 günlük müddəti ötürdüyünü qeyd edərək iddia tələbinə etiraz etmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Qaydaların 6.1-ci bəndinə görə (keçid müddəları), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə ödəmiş, ƏDVnin qaytarılması ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, cavabdehin də bildirdiyi kimi, müraciət edilməsi ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmişdir. Ona görə də, 90 günlük müraciət müddəti də portalın istifadəyə verildiyi vaxtdan hesablanmalıdır. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək 90 günlük müddəti ötürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehin hərəkətlərini qanunsuz hesab edir, lakin ƏDV məbləğinin geri qaytarılması ilə bağlı vaxtında müraciət edə bilməməsinin səbəblərini iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərə bilməmişdir. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi 1.01.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, göstərilən müddət iddia müddəti deyil, hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar