Məhkəmə qərarları › İş №2-1(112)-1270/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1270/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1270/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin ünvanda inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarna əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu və fərdi yaşayış evinin bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda inşa edildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) X6 iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0109 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Layihədən görünür ki, sifarişçi İddiaçı olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin layihəsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nəznində Təsərrüfat Hesablı Layihə Smeta Bürosu tərəfindən tərtib olunmuşdur. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını, cizgisini və əsas göstəricələri həmin sənəddə əks olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2888/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində inşa olunan fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı ekspert qarşısında qoyulmuş suallara aşağıdaki formada cavab verilmişdir:

1. Göstərilən torpaq sahəsi sənəd üzrə 0,0109 ha olsa da, faktiki olaraq 0,01511 ha təşkil edir. (0,00421 ha əlavə istifadə olunan sahə)

2. Göstərilən torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir.

3. İddiaçı xüsusi mülkiyyətində olan 0,0109 ha torpaq sahəsinin corafi koordinatlarını əks etdirən plan və ölçü sənədi ləğv edilmiş X5 Komitəsi tərəfindən X2 və X4 adına verilmiş JN-28067 saylı mülkiyyət hüququna dair şəhadətnaməsinə uyğun tərtib edilmişdir. Göstərilən torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir.

4. İddiaçı xüsusi mülkiyyətində olan 0,0109 ha torpaq sahəsinin coğrafi koordinatlarını əks etdirən plan və ölçü sənədi ləğv edilmiş X5 Komitəsi tərəfindən X3 və X4 adına verilmiş JN-28067 saylı mülkiyyət hüququna dair şəhadətnaməsinə uyğun tərtib edilmişdir.

5. Mövcud vəziyyətdə torpaq sahəsi cənub tərəfdən 0,00421 ha artıq olmaqla cəmi 0,01511 ha təşkil edir. Torpaq sahəsinin perimetrik ölçülərində fərqlər var. İnşa olunmuş yaşayış evinin bir hissəsi artıq torpaq sahəsinə düşür.

6. Mövcud vəziyyətdə torpaq sahəsi cənub tərəfdən 0,00421 ha artıq olmaqla cəmi 0,01511 ha təşkil edir. Torpaq sahəsinin perimetrik ölçülərində fərqlər var. İnşa olunmuş yaşayış evinin bir hissəsi artıq torpaq sahəsində düşür.

7. İddiaçı torpaq sahəsinə (2013-cü ildə alqı-satqı yolu ilə) sahib olduğu andan torpaq sahəsinin fiziki sərhədlərini dəyişməyib.

8. Fiziki sərhədlər daxilində yerləşən ümumi sahəsi 0,01511 ha torpaq sahəsində tikinti işləri aparılmır.

9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)- 2888/2014 nömrəl qərarına əsasən razılaşdırılmı layihə əsasında layihədə göstərilən yerdə yaşayış evi inşa olunmuşdur. Sonradan heç bir tikinti hasarlanma işləri aparılmamışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 1 əsas gətirir:

1. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə sahədən artıq olmuş və fərdi yaşayış evinin bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda inşa edilmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, doğrudur ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda yerləşmişdir. Cavabdeh bu halı əsas götürərək iddiaçının inşa olunan fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirməkdən imtina etmişdir. Halbuki, cavabdeh nəzərə almamışdır ki, iddiaçı tərəfindən fərdi yaşayş evi məhz 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2888/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş eskiz layihəsinə uyğun inşa edilmişdir. Həmin qərara nəzər yetirdikdə görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin layihəsi Bakı şəhəri Xəti Rayon İcra Hakimiyyətinin nəznində fəaliyyət göstərən Təsərrüfat hesablı Layihə Smeta Bürosu tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən də Məhkəmə, həmin fərdi yaşayış evi ilə bağlı layihənin təsdiq olunması öhdəliyini Xətai RİH üzərinə qoymuşdur. Göründüyü kimi məhkəmə inşa olunmuş fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi öhdəliyini Xətai RİH həvalə edərək, faktiki olaraq fərdi yaşayış evinin inşasına münasibətdə öz mövqeyini nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı fərdi yaşayış evi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-2888/2014 nömrəl qərarına əsasən razılaşdırılmı layihə əsasında layihədə göstərilən yerdə inşa olunduğundan, həmin fərdi yaşayış evinin bir hissəsinin sənəd üzrə olan torpaq sahəsindən kənarda inşa edilməsi onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. AR MPM-nin: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi istər qanuni qüvvəyə minmiş məhkəmə qərarının daşınmaz əmlakla bağlı hüquqların, eləcə də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas hesab edilən sənəd hesab edilməsi baxımından, istərsə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının bütün dövlət orqanları, şəxslər üçün məcburiliyi baxımından hazırkı iddia qanuni və əsaslı hesab edilməlidir. Faktiki olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2- 1(82)-2888/2014 nömrəl qərarı hal-hazırda qüvvədə olduğundan, iddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiqi, daha dəqiq desək fərdi yaşayış evinin məhz məhkəmə qərarı ilə təsdiq olunmuş lahiyə əsasında inşasından göstərilən əsas ilə imtina edilməs onun hüquqlarının pozulmasına səbəb olur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının tikilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş bütün zəruri sənədləri mövcuddur. Sadəcə inşa olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cəmi 0,00421 ha hissəsinin kənar olması barədə fərq vardır ki, burada isə mütənasiblik prinsipi nəzərə alınmalı, yəni torpaq sahəsinin ölçüsündə olan kənar hissə – 0,0421 ha iddiaçıya cavabdeh tərəfindən iddiaçının xahişinin icra edilməsindən imtina edilməsi üçün ölçü baxımından böyük fərq təşkil etmir. Digər tərəfdən, hər hansı bir inzibati orqan sözügedən məsələni mübahisələndirmir, həmçinin hər hansı bir şəxs, o cümlədən fərdi yaşayış evinin ətrafında yaşayan sakinlər tərəfindən fərdi yaşayış evi ilə bağlı heç bir şikayət yoxdu. Göründüyü kimi mütənasiblik prinsipindən yanaşaraq məhkəmə hesab edir ki, fərdi yaşayış evinin onun mülkiyyət hüquqları qeydiyyata alındığı torpaq sahəsindən bir qədər kənarda yerləşməsi hazırki vəziyyətdə iddiaçının ziyanına şərh edilmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 628/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “26. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçının tikilmiş qaraja dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş bütün zəruri sənədləri mövcuddur. Sadəcə qarajın ölçüsündə onun cəmi 7.1 kv.metr artıq olması barədə fərq vardır ki, burada isə mütənasiblik prinsipi nəzərə alınmalı, yəni qarajın ölçüsündə olan artıq hissə – 7.1 kv.metr iddiaçıya cavabdeh tərəfindən iddiaçının xahişinin icra edilməsindən imtina edilməsi üçün ölçü baxımından böyük fərq təşkil etmir.

27. Digər tərəfdən, hər hansı bir inzibati orqan sözügedən məsələni mübahisələndirmir, həmçinin hər hansı bir şəxs, o cümlədən qarajın ətrafında yaşayan sakinlər tərəfindən qarajla bağlı heç bir şikayət yoxdur” Göründüyü kimi kassasiya instansiya məhkəməsi oxşar mövqeyidən çıxış edərək mütənasiblik prinsipi ilə yanaşma əsasında vətəndaşın qarajın ölçüsündə olan artıq hissə – 7.1 kv.metr müsbət mövqeyi nümayiş etdirmişdir ki, bu yanaşma hazırki iş üzrə də tətbiq olunur. Bundan başqa qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Prosessual xərclər ilə bağlı nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, 50 manat ekspertiza xərci mövcud olmuşdur. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunduğundan, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehdən tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0,0109 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi avabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar