Məhkəmə qərarları › İş №2-1(112)-12700/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12700/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12700/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özəlləşdirilmənin ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 12 saylı mağazanın anbarının özəlləşdirilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın etibarsız hesab edilməsi, hərrac nəticəsində bağlanmış əqdlərin mübahisəli sayılaraq etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinin bərpa olunması və yeni hərrac prosedurunun qanunvericiliyə uyğun olaraq təkrar həyata keçirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X4 tərəfindən 2005-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın anbarın özəlləşdirilməsi üçün müraciət edilmişdir. Uzun illər ərzində bu əmlak ailələri tərəfindən idarə olunmuş və istifadə edilmişdir. 2024-cü il 27 mart tarixli Əmlak Məsələləri Dövlət Xidmətindən aldığı cavab məktubuna əsasən məlum olmuşdur ki, qeyd edilən əmlak 2003-cü il tarixli dövlət proqramına uyğun olaraq sonradan hərraca çıxarılmış və 2017-ci ildə digər bir şəxs tərəfindən özgəninkiləşdirilmişdir. Halbuki, bu əmlakın özgəninkiləşdirilməsi zamanı onun və digər varislərin də, hüququ nəzərə alınmamış, məlumat verilməmiş və obyekt qanunsuz olaraq üçüncü şəxsə satışı həyata keçirilmlişdir. Bu isə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 6, 15 və 30-cu maddələrinin, həm də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331 və 336-cı maddələinin tələblərinin pozulması deməkdir. Əmlakın hərraca çıxarılması ilə bağlı verilmiş inzibait əqrarın və bu qərarın nəticəsində bağlanmış əqdin qanunsuz, qeyri şəffaf və mübahisəli olması səbəbilə etibarsız hesab edilməsini və ləğv edilməsini xahiş edir. Bildirir ki, mərhum əri ölmədən öncə anbarın özəlləşdirilməsinə dair ödənişlər etmiş və bunu təsdiq edən sənədlər toplusun iş materiallarına əlavə edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə və Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “Binəqədi rayonu, Binəqədi şossesi, 199 E ünvanında 12 nömrəli mağazanın anbarının hərrac vasitəsilə özəlləşdirilməsi üzrə xx.xx.2019, xx.xx.2017, xx.xx.2017-ci il tarixli hərracın və onun nəticələrinin etibarsız (qanunsuz) hesab edilərək ləğv edilməsi və həmin anbar üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-3780/2017 nömrəli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 199 E ünvanında 12 saylı mağazanın anbarının hərrac vasitəsi ilə özəlləşdirilməsi üzrə xx.xx.2026; xx.xx.2017; xx.xx.2017-ci il tarixli hərracın və onun nəticələrinin etibarsız (qanunsuz) hesab edilərək 28 mart 2017-ci il tarixli hərrac protokolunun ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3336 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, X1 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin anbar üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsinə dair” iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə mülki məhkəmə icraatında baxılaraq artıq bir dəfə hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qeyd edilməlidir ki, hazırki mübahisədə sözügedən məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, işin hallarından kənara çıxan hər hansı bir yeni hal müəyyən edilməmişdir. Buna baxmayaraq, iddiaçı yenidən eyni faktiki və hüquqi hallara söykənən əsaslarla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər başqa məhkəmə icraatında artıq hüquqi qiymət verilərək bununla bağlı məhkəmə qərarı qəbul edildiyindən və sözügedən məhkəmə qərarı qanuni qüvvəsini aldığından Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflər arasında hətta mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı olmasa idi belə, iddiaçının mübahisələndirdiyi - 12 saylı mağazanın anbarının özəlləşdirilməsi (özəlləşdirilməyə çıxarılma) ilə bağlı qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarın qəbul edilməsindən 10 ilə yaxın vaxt keçmiş və iddiaçı bu barədə məlumatlı olmasına baxmayaraq sözügedən qərarı mübahisələndirməmişdir. Bu hal, iddiaçının özü tərəfindən iddia ərizəsində və işdə olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə bir daha təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamdan iddiaçının xx.xx.2024-cü il tarixdən məlumatlı olmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının qeyd edilən sərəncamdan qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan sərəncam ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da, göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən sərəncamın ləğvi ilə bağlı məhkəməyə 30 gündən çox müddət keçdikdən sonra müraciət etməsinin üzürlü səbəbləri ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar