Məhkəmə qərarları › İş №2-1(112)-12706/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12706/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12706/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin (AR Elm və Təhsil Nazirliyinin) nümayəndəsi X3, cavabdehin (Dövlət Sosial Müdafiə Fondunun) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «ödənilmiş təhsil haqqının və dəymiş mənəvi ziyana görə vəsaitin cavabdehlərdən tutulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «ödənilmiş təhsil haqqının və dəymiş mənəvi ziyana görə vəsaitin cavabdehlərdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 25 sentyabr 2020-ci il tarixdə 02/979 saylı əmrlə ödənişli əsasla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA Proqramının “biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. Onun təhsil haqqı 2.800 manat təşkil etmişdir. Bu ixtisasa qəbul olunduğu zaman təhsil haqqından 1.548 manat məbləğində ödəniş etmişdir. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli qərarına əsasən ödəniş edilən 1.548 manat müraciət əsasında ona geri qaytarılmışdır. Belə ki, Nazirlər Kabinetinin sözügedən qərarının 1-ci bəndi ilə Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri), eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilib. 2020-2021 təhsil ilinin yaz sessiyası zamanı Universitet tərəfindən iddiaçıdan heç bir ödəniş istənilməmiş, o, yaz sessiyasınının imtahanlarına buraxılmışdır. Bu da o anlama gəlir ki, iddiaçının Azərbaycan Respublikasının Konstitusiya ilə təmin olunan hüququ (Nazirlər Kabinetinin 138 qərarına əsasən) tanınır. O, 1-ci kursun yaz sessiyasının imtahanlarını vermiş, 2-ci kursa keçirilmişdir. Onun atası 21 mart 2003-cü il tarixdə vəfat etmişdir, anası isə ikinci dərəcə əlildir, bu səbəbdən Nazirlər Kabinetinin 138 nörməli qərarının meyarlarına əsasən o da həssas əhali qrupuna aid edilən ailə üzvü olan tələbə olduğundan, 2020/2021-ci tədris ilinin payız semestrinin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. Belə ki, qeyd edilən qərara əsasən tək valideyni İİ dərəcə əlilliyi olan şəxslər olan tələbələr də həssas əhali qrupuna aid edilmişdir. Lakin Nazirlər Kabinetinin 138 nömrəli qərarında həssas əhali qrupuna aid edilən ailə üzvü olan ödənişli əsaslarla əyani təhsil alan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün də təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin müəyyən edilməsinə baxmayaraq, Elm və Təhsil Nazirliyi onun (iddiaçının) adını müvafiq siyahıya daxil etmədiyindən, təhsil aldığı Universitet ondan 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqını ödəməyi tələb etmiş və təhsil haqqını ödəməyənədək ona magistr işinin müdafiəsinə qatılmağa icazə verməmişdir. Bu səbəbdən məcbur qalıb 2020/2021-ci tədris ilinin yaz semestri üçün 1.400 məbləğində təhsil haqqını ödəmişdir. Bu fakt Azərbaycan Dövlət və Sənaye Universitetinin 19 avqust 2022-ci il tarixli 08-94 saylı məktubunda da öz təsdiqini tapmışdır. Təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə ünvanlanmış müraciətə cavab olaraq Nazirlik onlayn qaydada məlumat vermişdir ki, həssas əhali qurupuna aid olmasına dair məlumat bazada aşkar edilməmişdir. İddiaçının anasınn ikinci dərəcə əlil olmasına dair məlumatı bazaya Dövlət Sosial Müdafiəsi Fondu daxil etməli idi. Görünən odur ki, DSMF müvafiq məlumatı vaxtında daxil etmədiyindən və bununla yanaşı DSMF Elm və Təhsil Nazirliyinin sorğusuna yanlış olaraq iddiaçının anasının əlil olmadığını bildirdiyindən nəticə olaraq Elm və Təhsil Nazirliyi onun adını təhsil haqqları dövlət büdcəsi hesabına ödənilməli olan tələbələrin siyahısına daxil etməmişdir. Bütün bu baş verənlər iddiaçıda və onun anasında ciddi sarsıntılar yaratmışdır. Hətta anası qeyd edilən məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin hüquq şöbəsində 15 iyul 2022-ci il tarixdə qəbulda olduqdan sonra onun səhhəti kəskin şəkildə pisləşmiş və bununla bağlı təcili yardım çağırılmış, daha sonra uzun müddət müalicə almalı olmuşdur. Göründüyü kimi, cavabdehlərin onların üzərində qoyulan vəzifələri yerinə yetirməmələri səbəbindən iddiaçı və anası uzun müddətdir ki, gərginlik və sarsıntı içərisində qalmışlar və bu sarsıntılar nəticəsində anasının səhhəti ağırlaşıb ki, bütün bu baş verənlər ona mənəvi zərər vurub. Odur ki, cavabdehlər ödədiyi təhsil haqqı ilə yanaşı ona vurulmuş mənəvi zərəri də ödəməlidirlər. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli qərarının 1-ci bəndində göstərilib ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri), eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: (1.1) ünvanlı dövlət sosial yardımı alanlar; (1.2) hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: (1.2.1) İ və İİ dərəcə əlilliyi olan şəxslər; (1.2.2) işsiz kimi qeydiyyatda olanlar; (1.2.3) yaşa görə əmək pensiyaçıları; (1.2.4) yaşa görə sosial müavinət alanlar. İşin faktiki hallarında qeyd edildiyi kimi, onun atası vəfat etdiyindən və anası ikinci dərəcə əlil olduğundan, iddiaçı da Nazirlər Kabinetinin 138 saylı qərarına əsasən həssas əhali kateqoriyasına daxildir və iddiaçının da 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərim dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Lakin Elm və Təhsil Nazirliyinin və DSMF-nin Nazirlər Kabinetinin 138 nömrəli qərarından irəli gələn vəzifələrini yerinə yetirməmələri səbəbindən, iddiaçının 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməmişdir. Odur ki, iddiaçının Univeristetə ödədiyi və dövlət vəsaiti hesabına ödənilməli olan 1.400 manat məbləğində vəsait cavabdehlər tərəfindən ona ödənilməlidir. Bundan başqa, baş verənlər nəticəsində işin faktiki hallarında qeyd edilən kimi iddiaçının məruz qaldığı mənəvi zərər də cavabdehlər tərəfindən ona ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusu, eləcə də vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Belə zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Baş verənlər nəticəsində ona vurulmuş mənəvi zərəri iddiaçı 5.000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə və İPM-in 33. 38, 73-cü maddələrinə əsaslanaraq, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımil) üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ödədiyi 1.400 manat məbləğində təhsil haqqının və ona vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Cavabdehlərin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X6 iddianın mümkün sayılmamasını məhkəmə xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İddiaçı iddiası mahiyyətcə iki tələbdən ibarətdir: təhsil haqqının cavabdehlərdən tutulması və dəymiş mənəvi zərərin ödənilməsi. Birinci tələb öhdəliyin icrası haqqında iddiaya, ikinci tələb isə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaya aiddir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı təhsil haqqı hazırkı cavabdehlərdən hər hansı birinə ödəmədiyindən, həmin təhsil haqqının qaytarılması üzrə səlahiyyətli qurum kimi hazırkı cavabdehlər çıxış edə bilməzlər. Həmin vəsait iddiaçının təhsil aldığı təhsil müəssisəsinə ödənildiyindən, onun qaytarılması da həmin müəssisədən tələb oluna bilər. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən həmin tələb üzrə cavabdeh düzgün seçilməmişdir. Həmçinin iddiaçı məhkəmədə öhdəliyin icrası haqqında bu iddianı qaldırılmamışdan əvvəl hazırkı cavabdehlərə bu barədə müraciət də ünvanlamamamışdır. İddiaçının ikinci tələbə gəldikdə isə, məhkəmə qeyd edir ki, dəymiş mənəvi ziyanın ödənilməsi barədə də ilkin olaraq cavabdeh inzibati orqanlara müraciəti zəruridir. Halbuki, belə müraciətlərin mövcudluğu məhkəmə icraatında müəyyən edilmir. Bu hal isə belə nəticə yaradır ki, iddiaçı və cavabdehlər arasında müvafiq tələb üzrə inzibati mübahisə yaranmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanlar tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar