Məhkəmə qərarları › İş №2-1(112)-1271/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1271/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1271/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə uyğun olaraq iddiaçıya yeni abunə kodu verilməklə sayğacın quraşdırılması öhdəliyininin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin qaz ilə təmin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun həmin ev üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı iddia tələbi ilə eyni ərizəsi ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, hal-hazırda həmin ünvanda yerləşən əmlak ilə bağlı borc məbləği mövcuddur. yerləşir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh qismində çıxış edən Cavabdeh inzibati orqan hesab olunmasa belə (səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunması, habelə həmin müəssisəsinin bazarda inhisarçı statusa malik olmaması), hazırki mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mübahisəyə baxılması inzibati məhkəmə tərəfindən həyata keçirilir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. Qeyd olunan qərarın hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Cavabdeh təbii qaz təchizatı sahəsində inhisar subyekti olduğundan, həmçinin tərəflər arasında müqavilə münasibətləri olmadığından, iddiaçı doğru olaraq Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddiaçının müraciətinə baxılarkən cavabdeh müraciətin təmin olunmaması üçün bir hala istinad etmişdir: -İddiaçının hal-hazırda mülkiyyətində olan yaşayış sahəsində quraşdırılmış sayğacın zədələnməsi nəticəsində itirilmiş təbii qazın həcminə görə borcun mövcud olmasıdır. Hazırki mübahisə üzrə iddiaçının sayğacın quraşdırılması arzuladığı əmlakın onun mülkiyyətində olub-olmaması, mülkiyyətində olduğu təqdirdə Cavabdeh İB tərəfindən ödənilməsi tələb olunan borc məbləğinin mövcudluğu abonent kodunun iddiaçının adına dəyişdirilməsinə və yeni sayğacın quraşdırılmasına maneə yaradıb-yaratmadığı müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, bu istiqamətdə qiymətləndirmə aparılmazdan əvvəl ümumiyyətlə istehlakçı və qaz paylayıcısı arasında alqı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması mexanizminə nəzər yetirilməlidir ki, bu istiqamətdə dəyərlindirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun:

11. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.(6-cı bənd)

13. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (8-ci bənd) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydalarının: 1.2 qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, qaz paylayıcısı ilə istehlakçı arasında münasibətlər məhz qazın alqı-satqısı müqaviləsi bağlandığı anda yaranır. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Nəzərə alınmalıdır ki, qaz sayğacının quraşdırılması, qaz xəttinin çəkilməsi və bu istiqamətdə hər hansı bir hərəkətlərin görülməsi istehlakçının və əhalinin təhlükəsizlik baxımından qanunvericilikdə müəyyən edilmiş normalar əsasında həyata keçirilir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının hazırki iddia tələbi ilə sayğacın quraşdırılmasını arzuladığı əmlak (ünvan 2) onun xüsusi mülkiyyətindədir. İddiaçının həmin əmlaka dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınması qüvvədə olan mülki əqd (alqı-satqı müqaviləsi) əsasında həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan haqq müqabilində imtina edərək onun iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Başqa sözlə desək, iddiaçı əmlaka dair yuxarda göstərilən hüquqlara yalnız köhnə mülkiyyətçi ilə alqı-satqı müqaviləsi bağlandığı andan etibarən malik olmuşdur. İndi isə iddiaçı mülkiyyət hüquqları olduğu əmlaka dair təbii qazdan istifadə etmək üçün alqı-satqı müqaviləsinin və bu müqavilənin bağlanması ilə meydana gələn hüquqlardan istifadə etmək arzusundadır. Buna baxmayaraq, Cavabdeh İB qeyd edilən ünvanın qazla təchizatını həyata keçirməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda yaşayış sahəsinin mülkiyyətçisi olsa da, həmin ünvana dair cavabdehə ödənilməmiş borc məbləği olduğundan, iddiaçı ilə təbii qazın alqı-satqısına dair müqavilənin bağlanması, abonent kodunun onun adına dəyişdirilməsi və müvafiq olaraq qaz sayğacının quraşdırılması hazırki mərhələdə mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası formal xarakter daşıyır və iddiaçının təbii qazdan istifadə etmək hüququnun məhdudlaşdırılmasına səbəb olur. Belə ki, ünvana dair borcun olub-olmaması hazırki mübahisənin araşdırılmalı olan predmeti deyil. Çünki, cavabdeh özü də qəbul edir ki, ünvana dair yaranmış borc istehlakçı qismində çıxış edən Qreçkina İrinaya məxsusdur. Nəzərə alınmalıdır ki, həmin borc məbləği Cavabdeh İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2021-ci il tarixli aktına əsasən sayğaca baxış keçirildiyi zaman plastmas qapağının üst hissəsində olan zavod plomblar və hesablama mexanizminin aşkar edilməməsi nəticəsində yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə mənzilin alqı-satqısı barədə müqavilə xx.xx.2021-ci il tarixdə bağlandığı halda, mənzildə quraşdırılmış sayğacın zədələnməsini nəticəsində yaranmış borc xx.xx.2021-ci il tarixə təsadüf edir. Bu hal öz növbəsində borcun mövcud olduğu vaxtda iddiaçının həmin mənzilə dair hər hansı hüququnun olmadığını göstərir. Məhkəmə, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun, eyni zamanda kommunal xərclərinin ödənilməsinin hüquqi əhəmiyyətinə münasibətdə aşağıdakiların qeyd edilməsini zəruri hesab edir. AR MM-nin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə AR MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Bəhs edilən qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq edərək Məhkəmə hesab edir ki, Cavabdeh İB-nə ödənilməli olan borc məbləği iddiaçı ilə mənzilin alqı-satqısı həyata keçirilməzdən əvvəl yarandığından, iddiaçının həmin borca görə hər hansı bir məsuliyyəti olmamışdır. İddiaçı təbii qazdan istifadəyə görə kommunal xərclərə, eyni zamanda sayğacın istifadəsi nəticəsində yaranmış zərərə görə yalnız o zaman məsuliyyət daşıya bilər ki, əgər xərclər (borclar) onun yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan sonraki dövrlər üçün təsadüf etsin. Hazırki iş üzrə isə borcun iddiaçının yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan deyil, daha əvvəlki dövrə təsadüf etdiyi müəyyən olunmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh öz fəaliyyətində formallığa yol verərək iddiaçının yaranmış borca hər hansı aidiyyətinin olmamasını nəzərə almamış, əksinə Qreçkina İrinaya aid borcun olmasını iddiaçının məsuliyyət sferasına aid edərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir ki, buda öz növbəsində iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə xüsusi ilə qeyd edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən itirilmiş təbii qaza görə müəyyən edilən borcun hal-hazırda məhkəmə qaydasında mübahisələndirildiyini vurğulamışdır. Nəzərə alınmalıdır ki, borcun mübahisələndirilməsi, bununla bağlı məhkəmə çəkişməsinin olması hazırki mərhələdə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki, məhkəmə çəkişməsinin davam edibetməməsindən, başqa sözlə desək borcun silinib-silinməməsindən və ya ödənilibödənilməməsindən asılı olmayaraq həmin borc iddiaçıya aid olmadığından, onun üçün əlavə məsuliyyət yaratmamalıdır. Ümumiyyətlə, həmin borcun mübahisələndirilməsi ilə bağlı məhkəmə mübahisəsinin yekunlaşması gözlənilərsə, bu zaman iddiaçının mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlak üzərində hüquqlarının tam şəkildə reallaşdırılması prosesi ləngiyər və onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olar. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsasları hazırki iddia tələbinin təmin edilməməsi hallarını istisna edir. Eyni zamanda nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1879/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında hazırki məhkəmənin mövqeyini nümayiş etdirmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. ünvan 2 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə uyğun olaraq İddiaçı yeni abunə kodu verilməklə sayğacın quraşdırılması öhdəliyininin Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar