Məhkəmə qərarları › İş №2-1(112)-12713/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12713/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12713/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 iyul 2024-cü il tarixli, İQ-54/1 nömrəli qərarının ləğv edilməsi və qaçqın statusu verilməsi haqqında vəsatət təmin edilərək "Qaçqın vəsiqəsi"nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Pakistan İslam Respublikasının Syed Nagar kəndində anadan olmuşdur, milliyətcə pəncablı, dini etiqadına görə müsəlmandır (şiə). İddiaçı orta məktəbi bitirdikdən sonra 2005-2007-ci illərdə "Government Degree" adlı kollecdə bakalavr, 2009-2010-cu illərdə isə həmin kollecdə bədən tərbiyəsi ixtisası üzrə magistr pilləsində təhsil almış, 2010-2024-cü illərdə "X5" adlı özəl məktəbdə urdu dili ixtisası üzrə müəllim olaraq işləmişdir. İddiaçı evlidir, 3 övladı var, atası 2019-cu ildə qətlə yetirilib, anası, 2 bacısı və 1 qardaşı, eləcə də arvadı və övladları hazırda Pakistanda yaşayırlar. İddiaçının Azərbaycan dövlətinə sığınmağına əsas odur ki, atası yaşadığı məntəqədəki şiələr arasında böyük nüfuza malik olduğundan şiə məclislərinin təşkilində böyük rol oynayıb, iddiaçı da daima atasını dəstəkləmiş, ona kömək etmişdir. Lakin sünnilər bundan narazı qalmış, dəfələrlə iddiaçı və atasını təhdid etmiş, 2019-cu ildə isə iddiaçının atasıı qətlə yetirilib. İddiaçı atasının qətlindən sonra həyatı üçün təhlükə olduğundan ailə üzvləri ilə birlikdə yaşadığı məntəqəni tərk edərək Sukkur şəhərinə getmiş, 11 iyun 2020-ci il tarixində təqiblə əlaqədar oranı da tərk edərək Qucranvalada yaşayan dayısının evinə getmişdir. Lakin orada da təhdidlər davam etdiyindən ölkəni tərk etmək məcburiyyətində qalmış və 14 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Yekun nəticə belədir ki, iddiaçının vətəndaşı olduğu Respublikada ailəsinin həyatı təhlükəsizliyinin təminatı nəinki inamsızdır, hətta aşkar təhdid edilmişdir, Pakistan hökuməti isə iddiaçının hüquqlarını müdafiə etmək iqtidarında deyil.

3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazında qeyd olunmuşdur ki, ə iddia ərizəsinə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçılar onlara qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxslərə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Ərizə-anket və müsahibələrdə ziddiyyətlər mövcud olmuş (qərarda bu ziddiyyətlərin nədən ibarət olduğu qeyd edilmişdir); 2. 4 ildən çox müddətdə öz ölkəsində yaşamağa davam etmişdir; 3. Hər hansı təqibə məruz qalması ilə bağlı polis və məhkəmə orqanlarına müraciət etməmişdir. Nəticədə, şəxslərin DMX-yə təqdim etdiyi xx.xx.2024-cü il tarixli vəsatətindən görünür ki, o, dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İQ 54/1 nömrəli Qərarında qeyd edilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 25 dekabr 1986-cı il təvəllüdlü İddiaçı (Pasport: № JV5974421) 27 may 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azerbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 81-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərinin Syed Nagar kəndində anadan olduğunu, milliyətcə pencablı, dini etiqadına görə müsəlman (şiə) olduğunu, orta məktəbi bitirdikdən sonra 2005-2007-ci illərdə “Government Degree’ adlı kollecdə bakalavr, 2009-2010-cu illərdə isə həmin kollecdə bədən tərbiyəsi ixtisası üzrə magistr pilləsində təhsil aldığını, 2010-2024-cü illərdə “X5" adlı özəl məktəbdə urdu dili ixtisası üzrə müəllim olaraq işlədiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi evli olduğunu, bu evlilikdən 3 övladının dünyaya gəldiyini, atasının 2019-cu ildə qətlə yetirildiyini, anasının, 2 bacı və 1 qardaşının, həmçinin həyat yoldaşının və övladlarının hazırda Pakistanda yaşadıqlarını söyləmişdir. Ərizəçi atasının yaşadığı məntəqədə şiələr arasında nüfuzlu şəxs olduğunu, onun şiə məclislərinin təşkilində böyük rol oynadığını, özünün isə daim atasına dəstək verdiyini, bu işdə atasına kömək etdiyini, lakin bundan sünnilərin narazı qaldıqlarını, bir neçə dəfə onları təhdid etdiklərini və 2019-cu ildə atasını qətlə yetirdiklərini söyləmişdir. O, atasının qətlindən sonra həyatı üçün təhlükə olacağından ehtiyat etdiyini, bu səbəbdən ailə üzvləri ilə birlikdə yaşadığı məntəqəni tərk edərək Sukkur şəhərinə getdiyini, 11 iyun 2020-ci il tarixindən etibarən isə oranı tərk edərək Qucranvalada yaşayan dayısının evinə getdiyini söyləmişdir, İddiaçı orada olduğu müddətdə telefon vasitəsilə təhdid olunduğunu, bu təhdidlərdən ehtiyat etdiyini, bu səbəbdən ölkəsini tərk edərək 14 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. O, hazırda Pakistana qayıda bilməməsinin səbəbini dini təriqətinə görə təqib olunmaqdan qorxması ilə əlaqələndirməyə çalışmışdır. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin söylədiklərində inandırıcılıqla bağlı bəzi uyğunsuzluqlar aşkar edilmiş, ona bu faktları dəqiqləşdirmək üçün imkan yaradılmış, lakin o, yaranmış uyğunsuzluqlara aydın izahatlar verə bilməmiş və bununla da onun söylədikləri doğru olaraq qəbul edilməmişdir. Belə ki, o. yaşadığı Syed Nagar kəndində olan sünnilər tərəfindən təhdid edildiyini bildirsə de, 2019-cu ildə atasının qətlindən sonra onun yaşadığı məntəqəni tərk etdiyi və bir daha həmin məntəqəyə geri qayıtmadığı məlum olmuşdur. Bundan başqa, o, atasının qətlindən sonra heyatı üçün təhlükə yarandığını bildirsə də, söylədiklərindən onun 4 ildən çox müddətdə öz ölkəsində yaşadığı və həmin müddətdə heç bir ciddi təhdid və ya təqibə məruz qalmadığı məlum olmuşdur. Həmçinin ötən 4 il ərzində ərizəçiyə qarşı hər hansı fiziki təzyiqlərin olmadığı, bu təhdidlərin yalnız telefon vasitəsilə həyata keçirildiyi məlum olmuşdur. Qeyd edilən faktları nəzərə alaraq, ərizəçinin ölkəsini tərk etməsinə səbəb olmuş hallarla bağlı söylədiklərinin həqiqətə uyğun olmadığı qənaətinə gəlinmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki. o. Pakistanda heç bir sosial qrupa qoşulmamış, milliyyətinə, irqi əlamətinə, siyasi əqidəsinə və dini etiqadına görə ciddi şəkildə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə Özü, nə də ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi "Qaçqın' statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azerbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər‘Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası’nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (‘Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 24 iyul 2024-cü il tarixli. 14 saylı protokolu). “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası*nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir.

5. İddiaçı barəsində tərtib olunmuş qaçqın statusunun verilməsi haqqında Vəsatət (Ərizə- Anket) iş materiallarına əlavə olunmuşdur.

6. Dövlət Miqrasiya Xidməti – Sərhədkeçmə məlumatlarına əsasən İddiaçı Heydər Əliyev Beynəlxalq Aeroportu DSBM vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Miqrasiya Xidməti – Sərhədkeçmə məlumatlarını məhkəməyə təqdim edərək izahatında bildirdi ki, İddiaçı artıq Azərbaycan Respublikasını tərk edib.

II. İddianın geri götürülmüş sayılması

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

10. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə hazırlıq icraatı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən növbəti tarixdə (xx.xx.2024-cü il tarixdə) də iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Odur ki, məhkəmə iddiaçı tərəfindən iş üzrə prosesual marağın ifadə olunduğunu müəyyən etmir.

11. Məhkəmə eyni zamanda nəzərə alır ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı məxsus sərhədkeçmə məlumatlarını məhkəməyə təqdim etmişdir. Sərhədkeçmə məlumatlarından aydın olur ki, İddiaçı Heydər Əliyev Beynəlxalq Aeroportu DSBM vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir.

12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

13. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

14. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

15. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

16. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

17. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

18. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar