Məhkəmə qərarları › İş №2-1(112)-12717/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12717/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12717/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən “39b” saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, təqdim olunmuş order surətdir və order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Təqdim olunmuş arxiv arayışında isə torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən sahənin yerləşdiyi ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamış, qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməmişdir. Həmçinin qeyd olunan sahəyə dair ayrıca cizgi idarənin arxiv əsaslarında mövcud deyil. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kvadrat metr “39b” saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin – “Vətəndaşlara bağ sahəsinin ayrılması barədə”- 04 avqust 1993-cü il tarixli, 1496 nömrəli Qərarına əsasən İddiaçı 19 yanvar 1999-cu il tarixdə vəfat etmiş atası - X4 04 avqust 1993-cü il tarixli, 62 nömrəli orderlə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kvadrat metr “39b” saylı bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi atası - X2 tərəfindən hasarlanmış və oğlu - İddiaçı ailəsi tərəfindən 32 ilə yaxın müddətdə ailəsinin istifadəsində olmaqla hər hansı bir 3-cü şəxs tərəfindən həmin torpaq sahəsinə iddia olmamışdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanlara istinad etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə mərhum arasında əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1496 saylı sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən: 2.Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahələrinin ayrılması qərara alınmışdır: 2.62.X4 - Ləhic BTK № 241 bağ sahəsi ayrılmışdır. - 241 nömrəli BTK tərəfindən verilmiş 62 nömrəli orderdən görünür ki, X4 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1993-cü il tarixli 1496 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 39b nömrəli bağ ayrılmışdır. - Ölüm haqqında V-JQ 342886 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.1999cu il tarixində ölmüşdür. -Abşeron rayonu 2 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli 95 nömrəli məktubundan görünür ki, X3 adından Bakı şəhər 22 saylı Notariat ofisi tərəfinindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 7E-3805 Reyestrli etibarnaməyə əsasən İddiaçı müraciətinə əsasən 19 yanvar 1918- ci ildə Ermənstan SSR-də anadan olmuş və 19 yanvar 1999-cu il tarixdə vəfat etmiş mərhum X2 adma vərəsəlik işi açılmışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, göstərilən sahə hasar daxilindədir. Ümumi sahəsi 2480.0 kv.m təşkil edir. Ümumi sahəyə 39b və 39v saylı bağ sənədinin sürəti təqdim edilmişdir. Ümumi sahə tikinti materialların saxlanc yeri kimi istifadə olunur. Sahədə köməkçi tikililəri var. Ümumi sahə Kürdəxanı-Bilgəh yolundan 7.4-9.2 metr kənarda yerləşir. Ümumi sahənin və ümumi sahədən nümayəndə tərəfindən 39b saylı sahə kimi şərti olaraq göstərilən sahənin koordinatları əlavə olunmuşdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, arxiv cizgisi yoxdur. Sahənin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-43488/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1248 ha təşkil edir. Sözügedən bağ sahəsi ümumi 0.248 ha olan hasardaxili sahədə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 39 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə təqribi uyğun gəlsə də, hasarlanma sxematik xəritəyə tam uyğun aparılmamışdır. Bu səbəbdən sahənin bir hissəsinin digər bağ sahələrin ərazisinə düşüb-düşməməsini təyin etmək mümkün olmadı. Qeyd olunan bağ nömrəsi sxematik xəritə və BTK sxemində aşkar edilməyib. Həmçinin torpaq sahəsinin yaxınlığından diametri 530.0 mm-lik orta təzyiqli açıq qaz xəttinin keçdiyi müəyyən olunmuşdur. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, sahəsi 0,12 ha olan 36b saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və orderi təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 39b saylı bağ sahəsinin mərhum M.Tahirova ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə sərəncamdan çıxarışı, iddiaçı isə orderin surətini məhkəməyə təqdim etmişdir, hansı ki, bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: - order barədə idarənin arxivində məlumat aşkar edilməmiş, təqdim olunmuş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır; - elektron kadastr məlumatına əsasən sahənin yerləşdiyi ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamış, qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməmişdir. - idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir; -iddiaçı ilə mərhum arasında əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu) təqdim edilməmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birincisi, qanunverici icarə müqaviləsi, sərəncam və ya orderin hamsının eyni anda deyil, bunlardan birinin təqdim edilməsini hüququn qeydə alınması üçün kifayət hesab etmişdir. İkincisi, orderin arxivdə olmaması, hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması və ya torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi iddiaçının təqsiri deyil və buna görə iddiaçının hüququ pozula bilməz. İşdən də görünür ki, 241 saylı BTK-nın üzvlərinin siyahısı və həmin siyahıya uyğun olaraq üzvlərə ayrılan bağ sahəsinin yerləşmə cizgisi xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş, iddiaçıya mübahisəli bağ sahəsi həmin tarixdən sonra, xx.xx.1993-cü il tarixdə ayrılmış, buna uyğun 241 saylı BTK-nın bağ sahələrinin yerləşmə sxeminə dəyişiklik edilməsi sxemi tərtib edən şəxslərin vəzifəsi olmuşdur. Bundan əlavə, torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi hüququn qeydiyyatında imtina üçün əsas ola bilməz. Həmçinin iddiaçı ilə mərhum arasında əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan 39b saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövalət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar