Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12719/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “yeni sürücülük vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “yeni sürücülük vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona yeni sürücülük vəsiqəsinin verilməsinə dair cavabdehə etdiyi müraciət təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yeni sürücülük vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli, 3(007)-575/2014 nömrəli İnzibati xəta haqqında iş üzrə qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat miqdarda cərimə edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 3(007)-575/2014 nömrəli Baş X1 İdarəsinə ünvanladığı nəqliyyat vasitələrini idarə etmək hüququnun 2 (iki) il müddətinə məhdudlaşdırılması barədə məktubuna əsasən 01 dekabr 2014-cü il tarixli, 3(007)- 575/2014 nömrəli qərar 2014-cü il dekabrın 01-dən qanuni qüvvəyə minməsi əks olunmuşdur. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 3(007)-575/2014 nömrəli Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanladığı 400 manat miqdarda cərimə edilməsi barədə məktubuna əsasən 01 dekabr 2014-cü il tarixli, 3(007)-575/2014 nömrəli qərar 2014-cü il dekabrın 01-dən qanuni qüvvəyə minməsi qeyd olunmuşdur. Səhhətində yaranmış ciddi problemlərlə əlaqədar olaraq ona məxsus AC 324966 seriya nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsini yeniləyə bilməmişdir. Bundan sonra ona yeni sürücülük vəsiqəsinin verilməsi məqsədilə tərəfindən Baş X1 İdarəsinə Ərizə ilə müraciət olunmuşdur. Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13- 16/2-A-79916 nömrəli cavab məktubu ilə yeni sürücülük vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, DİN-in Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AC 324966 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müddətinə Nizami Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməyib. İddiaçı sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli, 3(007)-575/2014 nömrəli İnzibati xəta haqqında iş üzrə qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat miqdarda cərimə edilmişdir. Qərar 2014-cü il dekabrın 01-dən qanuni qüvvəyə minmişdir. İddiaçı sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən yeni vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 04 noyabr 2014-cü il tarixli, 3(007)-575/2014 nömrəli qərarın icrası zamanı iddiaçı tərəfindən sürücülük vəsiqəsinin təqdim edilməməsi əsası ilə məhdudlaşdırılma müddəti axımının dayandırıldığını bildirmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 152. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərarın icrası 152.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. … Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması müddətinin hesablanması 153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. 153.2. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. 153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. 153.4. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. 153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. 153.6. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması .... Vİ hissə. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; 2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; 4) onun yararsız hala düşməsi; 5) onun itirilməsi; .... Xİİİ hissə. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli, 3(007)-575/2014 nömrəli İnzibati xəta haqqında iş üzrə qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat miqdarda cərimə edilməsi, qərar 2014-cü il dekabrın 01-dən qanuni qüvvəyə minsə də, iddiaçının sürücülük vəsiqəsini cavabdeh orqana təqdim etməməsi səbəbindən həmin qərarın hazırkı vaxtadək icra edilməməsi işin mübahisəsiz hallarıdır. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi aidiyyəti orqana təqdim etməli, müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Məhkəmə hesab edir ki, sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımının dayanmış olmasına əsaslanmaqla cavabdeh inzibati orqan yeni sürücülük vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuş, bu zaman inzibati orqanın hərəkətləri yuxarıda sadalanan qanunvericliyin tələblərinə uyğun olmuşdur. Hazırkı mübahisə üzrə işin hallarından görünür ki, müvafiq məhkəmə qərarına əsasən iddiaçının nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmışdır. Lakin əvvəlki məhkəmə iclasında verdiyi izahata əsasən o, sürücülük vəsiqəsini aidiyyəti orqana təqdim etməmiş və nəqliyyat vasitəsini idarə etməyə davam etmişdir. Bu hərəkətsizliklə iddiaçı qanunun tələbini pozmuşdur. Belə ki, o, vəsiqəni təqdim etməməklə məhdudlaşdırma üçün nəzərdə tutulan müddətin axımının dayandırılmasına səbəb olmaqla sonradan öz hüquqi vəziyyətini çətinləşdirəcək hərəkətsizliyə yol vermişdir. Qanunvericiliyin tələbinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün sürücülük vəsiqəsi qaytarılır. Belə ki, iddiaçının bu hüququ iki il müddətinə məhdudlaşdırıldığından o, mütləq şəkildə təcrübi imtahandan keçməli idi. Başqa sözlə, iddiaçı barəsində qəbul edilmiş qərar sürücülük vəsiqəsi alınmaqla icra olunsaydı belə, həmin müddətin sonunda təcrübi imtahandan keçmədən vəsiqəsini geri ala bilməzdi. Qeyd edilənlər onu deməyə əsas verir ki, hazırda iddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsdir. Belə olan halda iddiaçının hüququ olmadan istifadə etdiyi sürücülük vəsiqəsinin dəyişdirilməsini tələb etməyə hüquqi əsası yoxdur. Cavabdeh də, öz növbəsində, yol verilmiş pozuntunun davam etdirilməsinin qarşısını alaraq yeni sürücülük vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “yeni sürücülük vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-12719/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12719/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver