Məhkəmə qərarları › İş №2-1(112)-1272/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1272/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1272/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X6 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni xx xxxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun, müddətli həqiqi hərbi xidmət də daxil olmaqla cəmi 30 ildən artıq iş stajı vardır ki, bunun da 13 ildən çoxu güzəştli iş stajıdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (köhnə redaksiyada) görə 57 yaşına çatmış kişilər azı 25 il sığorta stajına malik oldaqda və bu müddətin 12 il 6 ayını güzəştli işlərdə çalışdıqda yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. DSMF-nin müvafiq şöbələri 28 il 8 ay 7 gün sığorta sajının cəmi 5 il 3 ay 21 günü güzəştli staj kimi təsdiq olunduğunu bildirmiş və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək “xxxx” MMC-də işlədiyi müddət üçün müəssisə tərəfindən Fonda sosial sığorta köçürmələri aparılmadığını bildirmişlər. Buna görə də tərəfindən “xxxx” MMC-yə müraciət olunmuş, lakin, müəssisə ləğv olunduğundan müsbət cavab ala bilməmişdir. “xxxx” MMC-nin işlədiyi dövrdə sosial sığorta haqlarını DSMF-yə ödəməməsi və yaxud DSMF-nin sosial sığorta haqlarının vaxtında yığılmasını təmin edə bilməməsi onu pensiya hüquqlarından məhrum edə bilməz. Son dəfə xx.xx.2020-ci il tarixdə cavabdeh - DSMF-nin X6 İdarəsinə müraciət etmiş, tələb olunan bütün sənədləri (ərizəni şəxsiyyət vəsiqənin surəti, əmək kitabçasını, arxiv arayışını, hərbi bileti, digər məktubları) idarəyə təqdim edib, bütün məsələləri izah etmiş və 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin, müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh idarənin üzərinə ona əmək pensiyası təyin olunması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X6 üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair xx.xx.2020-ci il tarixli **********6 №li yazılı etirazda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələriq, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət, dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. X5 təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-də əmək stajı və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta köçürmələrinin ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi məqsədi ilə İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq həmin müəssisənin xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işçilərinə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə köçürülmələrinin aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən həmin dövrün əmək stajına daxil edilməsi mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 23 gün) təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəqliyyat bölməsinin (21) dəniz, çay donanması bəndində (21.2) üzən heyəti (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34.800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.381,21 manat təşkil edir. İddiaçı vəsatətlə (teleqramla) məhkəməyə müraciət edərək, şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DSMF X6 üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində doğulmuş Nuriyev X3 rayonu Nərimanabad qəsəbəsində qeydiyyatdadır. - NZ seriyal; ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx xxx 1976-cı ildən xx xxxxx 1978-ci ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli xx.xx.1980-cı il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1980-ci ildə SMK-30 “Azkəndtikinti” № 3 trestinə ikinci dərəcəli fəhlə vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xidmət etmişdir. xx.xx.1982-ci ildə Sovet Ordusundan ehtiyata buraxılmışdır. xx.xx.1983-cü ildə N.Nərimanov adına balıq kombinatının "Ulduz“ balıqçı gəmisinə matros qəbul edilmişdir. xx.xx.1983-cü ildə digər iş yerinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1983-cü ildə N.Nərimanov adına b/k həmkarlar komitəsinin klubuna kinomexanik köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986-cı ildə N.Nərimanov adına balıqçılıq kombinatına işə keçməsi ilə əlaqədar vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə N.Nərimanov adına balıqçılıq kombinatının 1 №-li Nərimanabad sexinə mexanizasiya üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü ildə “Xudat” gəmisinə matros keçirilmişdir. xx.xx.1999-cu ildə işdən azad olunmuş və “Kapital-N” firmasının sərəncamına keçirilmişdir. xx.xx.1999-cu ildə DBE “Xudat” gəmisinə matros təyin edilmişdir. xx.xx.1999-cu ildə işdən azad olunmuş və N.Nərimanov adına balıqçılıq kombinatının sərəncamına keçirilmişdir. xx.xx.1999-cu ildə “xxxx” MMC-nin DBE “Xudat” gəmisinə matros təyin olunmuşdur. xx.xx.2000-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci ildə “Kapital A” firmasının DBE “Sevryuqa” gəmisinə kapitan köməkçisi təyin olunmuşdur. xx.xx.2001-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə “xxxx” MMC-nin DBE “Xudat” gəmisinə mexanik köməkçisi təyin olunmuşdur. xx.xx.2003-cü ildə “Pobeda” gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2005-ci ildə “T.İsmayılov” gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2005-ci ildə “Sara” gəmisinə böyük mexanik keçirilmişdir. xx.xx.2006-cı ildə “Yurd” gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2006-cı ildə “Şirvan”gəmisinə böyük mexanik keçirilmişdir. xx.xx.2007-ci ildə “xxxx” gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə “xxxx” MMC-yə qəlibçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli A/167 nömrəli arxiv arayışında göstərilmişdir ki, “xxxx” MMC-nin sənədləri Dövlət Arxivi Lənkəran filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı X8 tərəfndən verilmiş xx.xx.2019-cu il tarixli **********723900 nömrəli məktubda göstərilmişdir ki, “xxxx” MMC xx.xx.2018-ci il tarixdə fəaliyyətini dayandırmış, rəhbəri X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda göstərilmişdir ki, sığortaedən “xxxx” MMC (SUN **********0, VÖEN **********) tərəfindən 2006-cı ilə dair təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) vətəndaş İddiaçı sığortaolunan kimi qeyd edilməmişdir. Sığortaedən tərəfindən 2007-ci ilə dair müvafiq məlumatlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə təqdim edilməmişdir. Məhkəmənin müvafiq sorğularuna cavab olaraq; “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli CF01/02-613 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı işlədiyi yer – “xxxx” MMC ASCO-nun strukturuna daxil deyildir. Eyni zamanda sorğuda qeyd edilən (“Ulduz”, “Xudat”, “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd”, “Şirvan” və “xxxx”) gəmilər ASCO-ya məxsus olmadığından bununla bağlı hər hansı məlumat verilməsi imkanları xaricindədir. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2/xx-xx/1055 saylı cavab məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan “Ulduz”, “Xudat”, “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd”, “Şirvan” və “xxxx” gəmiləri Cəmiyyətə məxsus olmadığından onların hansı kateqoriyaya aid olması barədə Cəmiyyətdə heç bir məlumat yoxdur. Mövcud və arxiv məlumatlarına əsasən vətəndaş İddiaçı Cəmiyyətdə əmək fəaliyyəti göstərməsinə dair hər hansı sənəd müəyyən edilməmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF X6 İdarəsi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıl olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli vs ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayaraq pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaiti qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-də əmək stajının və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta köçürmələrinin ödənilibödənilməməsini dəqiqləşdirilməsi məqsədi ilə filial tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq həmin müəssisənin xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işçilərinə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə köçürülmələrinin aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən həmin dövrün əmək stajına daxil edilməsi mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 23 gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəqliyyat bölməsinin (21) dəniz, çay donanması bəndində (21.2) üzən heyəti (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16381,21 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (26 il 10 ay 29 gün), ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda aşağıdakı peşələr nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod 23003000); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının) gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod 23003010). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan işlədiyi gəmilər “Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının) gəmi heyətinə aid deyillər. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı həddi 34800,00 manat olmalı olduğu halda, cəmi 16.381,21 manat təşkil edir ki, bu da sonuncuya əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar