Məhkəmə qərarları › İş №2-1(112)-1272/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1272/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1272/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, Filial xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə- 45390/2023 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 27 dekabr 1993-cü il tarixli ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasında xx.xx.1993-cü il tarixinə aid qeyd həmin tarixdə mövcud olmayan SSRİ-yə aid möhürlə təsdiqlənmişdir. Bu şəbədən də xx.xx.1984xx.xx.1993-cü il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (12 il 7 ay 5 gün (xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1994- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 52 yaşın tamam olduğu xx.xx.2019-cu il tarixinə 41280,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21939,96 manat təşkil edirdi. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərmiş və ona 55 yaşdan, yəni xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbinin dəyişdirilməsi qəbul edilməklə iddia tələbi “İddiaçı 55 yaşdan, yəni xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində müəyyən edilmişdir. İddiaçı daha sonra yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə Cəbrayıl rayonu Mehdilli kəndində anadan olmuşdur. 03 yanvar 1984-cü ildən 28 dekabr 1993-cü ilə kimi Cəbrayıl rayonun X7 adına kolxozda kolxozçu işləmiş, 14 aprel 1994-cü ildə Bakı şəhərlərarası telefon stansiyasına işə qəbul olunmuşdur və hazırda da işləyir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əmək kitabçası və digər sənədlərlə cavabdehə müraciət etmiş və həmin orqandan ona 20 il müddət tamamlanmadığına görə imtina cavabı vermişdir. Belə ki, imtinaya səbəb kimi 03 yanvar 1984-cü ildən 28 dekabr 1993-cü ilə kimi Cəbrayıl rayonun Mehdili kənd İnqlab adına kolxozda işləməyini təsdiq edən əmək kitabçasında keçmiş SSRİ-yə aid olan möhürlə təsdiqlənməsidir. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, Mərkəzi Filiala təqdim edilən 27 dekabr 1993-cü il tarixli ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr уaranmışdır. Belə ki, əmək kitabçasında xx.xx.1993-cü il tarixinə aid qeyd həmin tarixdə mövcud olmayan SSRİ-yə aid möhürlə təsdiq edilmişdir. Bu səbəbdən xx.xx.1984xx.xx.1993-cü il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi ş stajı 20 ildən аz (12 il 7 ay 5 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə kimi 41280,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21939,96 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, onun 52 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. İşdə olan 788469 saylı diplom və Peşə Təhsili üzrə Dövlət Agentliyininxx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixində 88 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Şəhərlərarası telefon rabitəsi telefonçusu” ixtisasına qəbul olmuş və xx.xx.1986-cı il tarixində həmin ixtisası əyani formada bitirmişdir (10 ay 19 gün). İddiaçıya məxsus xx.xx.1993-cü il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1984-cü ildə Cəbrayıl rayon X7 adına kolxoz üzvlüyünə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə ərizəsinə əsasən azad edilmişdir. Həmin əmək kitabçasına əsasən Cəbrayıl rayon X7 adına kolxozda 1984-cü ildə minimum adamgün norması 160, 1987- 1993-cü illərdə isə 140 gün olmuş, iddiaçı 1984-cü ildə 161, 1987-ci ildə 154, 1988-ci ildə 166, 1989-cu ildə 189, 1990-cı ildə 201, 1991-ci ildə 152, 1992-ci ildə 145 və 1993-cü ildə 117 gün adam günü işləmişdir (cəmi stajə - 7 il 10 ay 2 gün). İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ №0274874 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü ildə Bakı şəhərlərarası telefon staniyasında telefonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə Bakı şəhərlərarası telefon qovşağı ləğv edildiyindən əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2001-ci il tarixə "xxxx" İB-nin Beynəlxalq Avtomat telefon stansiyasına telefonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə qəbul edilmişdir (cəmi staj - 11 il 8 ay 18 gün). Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək iş stajını təsdiq edən əsas sənəd şəxsin əmək kitabçası olmuşdur. İddiaçının əmək kitabçasında xx.xx.2006-cı il tarixədək olan qeydlərə əsasən müəyyən olunur ki, onun həmin tarixə 20 il 5 ay 10 gün ümumi iş stajı mövcuddur. Lakin işdən görünür ki, cavabdeh iddiaçının stajının 20 ildən az olduğunu bildirmiş, bu zaman 27 dekabr 1993-cü il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1993-cü il tarixinə aid qeydin həmin tarixdə mövcud olmayan SSRİ-yə aid möhürlə təsdiqləndiyini bildirərək, xx.xx.1984-xx.xx.1993-cü il tarixləri arasındakı dövrü əmək stajına daxil etməmişdir. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iş üzrə məhkəmə kompleks texniki və xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və kkspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur

1. xx.xx.1993-cü il tarixli AZE №0108857 nömrəli əmək kitabçasının 42 və 43-cü səhifələrində olan xx.xx.1993-cü il tarixli qeyddəki imza ilə əmək kitabçasının 58 və 59-cu səhifələrində olan qeyddəki imza eyni şəxs tərəfindən icra edilmişdirmi?

2. xx.xx.1993-cü il tarixli AZE №0108857 nömrəli əmək kitabçasının 42, 43, 58 və 59-cu səhifələrindəki qeydlər xx.xx.1993-cü ildə, yaxud sonradan icra edilmişdir? Sonradan icra edilmişsə, təxminən hansı taxrixlərdə icra edilmişdir?

3. xx.xx.1993-cü il tarixli AZE №0108857 nömrəli əmək kitabçasının 42 və 43-cü səhifəsində olan xx.xx.1984-cü il tarixli qeyd və əmək kitabçasının 58 və 59-cu səhifəsində olan qeydlər eyni şəxs tərəfindən, həmçinin eyni diyircəkli qələmlə icra edilmişdirmi?

4. xx.xx.1993-cü il tarixli AZE №0108857 nömrəli əmək kitabçasının xx.xx.1984-cü il tarixli qeydindəki imza və həmin səhifələrdə olan xx.xx.1993-cü il tarixli qeyd eyni diyircəkli qələmlə icra edilmişdirmi? Həmin qərardadın icrası məqsədilə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 4/257-5/190 saylı ekspert rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş, xx.xx.1993-cü il tarixli AZE №0108857 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrində olan xx.xx.1993-cü il tarixli qeyddə “T.Hüseynov” qrafasındakı imza ilə əmək kitabçasının 58-59-cu səhifələrində olan qeyddə “T.Hüseynov” qrafasındakı imza - Eyni şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, 27xx.xx.1993-cü il tarixli AZE №0108857 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrində “1. xx.xx.1984” rəqəmləri və həmin rəqəmlər qarşısındakı əlyazmalar ilə əmək kitabçasının 58-59-cu səhifələrində olan əlyazmalar - Eyni şəxs tərəfindən icra olunmuşdur.

3. Tədqiqata təqdim edilmiş AZE №0108857 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrində olan “1.xx.xx.1984” rəqəmlər, həmin rəqəmlər qarşısındakı əlyazmalar və əmək kitabçasının 58-59-cu səhifələrində olan əlyazmalar kimyəvi tərkibinə görə eyni rəngləyici ilə icra olunmuşdurlar.

4. Tədqiqata təqdim edilmiş AZE №0108857 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrində xx.xx.1984-cü il tarixli qeyddə olan imza və həmin səhifələrdə xx.xx.1993-cü il tarixli əlyazmalar kimyəvi tərkibinə görə müxtəlif rəngləyici ilə icra olunmuşdurlar.

5. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş AZE №0108857 nömrəli əmək kitabçasının 42, 43, 58 və 59-cu səhifələrindəki qeydlərin icra olunmasının müddətini müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, ekspert tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasında xx.xx.1984-cü ildə aparılmış və İ.Xankişiyevin imzası ilə təsdiq edilmiş qeydlə əmək kitabçasının 58-59-cü səhifələrində olan T.Hüseynovun imzası ilə təsdiq edilmiş qeyd eyni şəxs tərəfindən, eyni rəngləyici ilə icra edilmişdir. Bundan əlavə işdə olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonun Mehdili kənd sakini İddiaçı işğaldan əvvəl üzv olduğu Cəbrayıl rayonu “İnqilab” kolxozunun yerləşdiyi Mehdili kəndi Arazboyu ərazidə yerləşdiyi üçün 23 oktyabr 1993-cü ildə işğal olunmuşdur. Həmin tarixdə Mehdili kəndi “İnqilab” kolxozuna məxsus iribuynuzlu qaramal və qoyun-keçilərin bir qismi işğal zonasından çıxarılaraq Sabirabad rayonu ərazisinə gətirilmiş və 1994-cü ilin birinci yarısına kimi orada saxlanılmış və sözü gedən kolxoz həmin tarixə kimi qismən fəaliyyət göstərmişdir. Kolxozun sədrinə gəlincə isə xx.xx.1984-cü ildə X6, xx.xx.1993- cü ildə isə X1 idarə heyətinin sədri işləmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçıya məxsus AZE №0108857 nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1984-cü ildə Cəbrayıl rayonu “İnqilab” kolxozuna üzv qəbul edilməsi ilə bağlı qeyd Kolxozun idarə heyətinin sədri kimi “İ.Xankişiyev” tərəfindən imzalansa da, həmin tarixdə İ.Xankişiyev deyil, X6 idarə heyətinin sədri olmuş, qeydi imzası ilə təsdiq edən şəxsin belə bir səlahiyyəti olmamışdır. Bundan əlavə, əmək kitabçasından görünür ki, əmək kitabçası xx.xx.1993-cü il tarixdə doldurulmuşdur. İşdə olan Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayon xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon X7 adına kolxozun mühasibat sənədləri və əmək haqqı cədvəlləri işğal zonasında qalmışdır. Lakin Arxivdə mühafizə olunan Arxiv sənədlərinə baxış keçirərkən kolxozçunun stajı və qazancının uçot kitabında İddiaçı Firudun qızının əmək haqqı alması və işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi əmək kitabçası Cəbrayıl rayonunun işğalından sonra, xx.xx.1993-cü il tarixdə doldurulmuş, həmin tarixdə rayon artıq işğal olunduğundan kolxoza dair sənədlər işğal zonasında qalmışdır. Belə olan halda əmək kitabçasındakı qeydlərin hansı sənədlərə əsasən aparılması müəyyən edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, istinad olunan hallar iddiaçıya məxsus AZE №0108857 nömrəli əmək kitabçasındakı qeydlərin sonradan hər hansı bir sənədə istinad edilmədən aparıldığını, qeydi imza ilə təsdiq edən şəxslərin səlahiyyətli olmadığını, bu səbəbdən həmin qeydlərin qeyri-mötəbər olduğunu deməyə əsas verir. Buna görə də cavabdeh həmin dövrləri iddiaçının ümumi əmək stajına daxil etməməkdə haqlı olmuşdur. Bu isə iddiaçının xx.xx.2006-cı il tarixə ümumi sığorta stajının 20 ildən az təşkil etdiyini, yəni iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla nəzərdə tutulan birinci şərtin ödənilmədiyini göstərir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının 55 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə artıq qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixə 57 yaşının tamam olması tələb olunur (həmin tarixə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 63 yaşdır), hansı ki, iddiaçının 57 yaşı xx.xx.2024-cü il tarixdə tamam olacaqdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün ilk şərt, ümumi sığorta stajı tələbi ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 52 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. İş üzrə 126 (bir yüz iyirmi altı) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar