Məhkəmə qərarları › İş №2-1(112)-12720/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12720/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12720/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslarla istifadəsində olaraq yaşadığı ünvan 1 ünvanında olan mənzilin mülkiyyətinə verilməsinə dair çıxarışın (qeydiyyat vəsiqəsinin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, keçmiş "xxxx" MTK, indiki "xxxx" MMC tərəfindən 15 oktyabr 2012-cü il tarixində bağlanan “Mənzil Tikintisi Haqqında Müqaviləyə” əsasən, "xxxx" MMC ilə iddiaçının arasında ünvan 1 ünvanında olan mənzilin ona verilməsi barəsində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin iddiaçının mülkiyyətinə keçməsi üçün 25.675 manat pul ödəməli idi. Arayışdan da göründüyü kimi, iddiaçı mənzilin tam dəyərini ödəmiş və heç bir borcu yoxdur. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən həmin mənzil faktiki olaraq mülkiyyətinə keçmişdir. Faktiki olaraq (de fakto) mülkiyyətdə olan mənzilin, hüquqi müstəvidə (de yuro) mülkiyyətinə verilməsi üçün aidiyyətli müvafiq icra hakimiyyəti tərəfindən çıxarış qeydiyyat vəsiqəsi verilməlidir. Ona görə də bu yaxınlarda müvafiq icra hakimiyyəti kimi, aidiyyəti üzrə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2024-cü il tarixində 3-21-5-30/2-N-0284- 8/2024 nömrə ilə qeydiyyatdan keçmiş və **********67 saylı imtina cavabının məzmunundan belə bir nəticə çıxır ki, mənzilin olduğu yaşayış binasının istismara verilməsi barəsində icazə sənədinin İdarəyə təqdim edilmədiyindən mənzilə dair Çıxarışın verilməsindən imtina olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır və təqdim edilmiş müqavilədə mənzilin nömrəsi 300A qeyd olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin eməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçı hazırda ünvan 3 ünvanında yerləşən mənzilə onun mülkiyyət hüququnun qeydə alınmaqla çıxarış verilməsini xahiş edir. Lakin işdə olan xx.xx.2011-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş "xxxx" MMCnin tikilməkdə olan binasında 300A nömrəli mənzili payçı X2 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. İşdə olan xx.xx.2011-ci il tarixli 02/53 saylı arayışdan görünür ki, X3 "xxxx" MMC-dən xx.xx.2011-ci il tarixdə 3-cü giriş, 16-cı mərtəbə, sahəsi 65,0 kv.m olan 300A saylı, 1 (bir) otaqlı mənzil almışdır. Mənzilin dəyəri tam ödənilmişdir və onun Cəmiyyətə heç bir borcu yoxdur. Göründüyü kimi, iddiaçı 300 saylı mənzilin "xxxx" MMC tərəfindən ona verildiyini iddia etsə də, iddia tələbinə bununla bağlı hüquqmüəyyənedici sənədləri deyil, 300A saylı mənzilin X1 verilməsi barədə sənədləri əlavə etmişdir. İddiaçının təqdim etdiyi etibarnaməyə gəldikdə, məhkəmə qeyd edir ki, həmin etibarnamə ilə harada yerləşməsindən və nədan ibarət olmasından asılı olmayaraq S.Şirinova bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan v ə teleqrafdan bütün əsaslar üzrə mənə çalası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt teleqraf, qiymətli v ə digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddivaçıya, cavabdehə, üçüncü şəxsə, zərəı çəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işı sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imlinhfi etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla biıtiin məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi iddiaçı R.Namzaova etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. - Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan normalardan görünür ki, etibarnamə vasitəsilə təmsilçi üçüncü şəxslər qarşısında təmsil edilən adından çıxış edir və onun həmin etibarnamə əsasında etdiyi hərəkətlər bilavasitə özü barəsində deyil, təmsil edilən barəsində hüquqi nəticə yaradır. Buna görə də iddiaçı S.Şirinova ona verdiyi etibarnaməyə istinad edərək, cavabdeh tərəfindən 300 saylı mənzilin ona məxsus olduğunu iddia edə, həmin mənzil ilə bağlı hər hansı bir tələb irəli sürə bilməz. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə isə, iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. Belə ki, iddiaçı, yalnız onun hüququnu pozma ehtimalının mövcud olduğu halda məhkəməyə müraciət edə bilərdi. Başqa sözlə, iddiaçının hazırkı tələb hüququ üçün iddiaçı ən azından iddia etdiyi daşınmaz əmlak üzərində hər hansı bir hüquqa malik olmalıdır. Bu hüququ isə qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində hüquqa malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı). Buna görə də göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı mübahisə predmeti ilə bağlı iddiaçı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar