Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12725/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə qarşı aylıq ödəncin ödətdirilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti özəlləşdiyi vaxtdan 3-cü qrup əlil kimi aldığı zərərə görə aylıq ödəncin 2002-ci ildən orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb hazırki günə kimi ödətdirilməsi öhdəçiliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 26 yanvar 1988-ci il tarixdə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında istehsal sahəsində 5-ci dərəcə elektrik çilingər vəzifəsində işləmişdir. Həmin müəsissədə işlədiyi zaman idarənin günahı nəticəsində ağır bədbəxt hadisə baş vermişdir. Nəticədə həkim komisiyasının rəyinə görə 60 faiz iş qabiliyyətini itirmişdir və bunun nəticəsində ona həkim tibbi komisiyanın rəyi ilə 3-cü qrup əmək əlillik dərəcəsi müəyyən edilmişdir. Müəsissə özəlləşənə kimi ona hər ay əmək haqqının (orta əmək haqqının) 60%-ni zərərə görə ödənc kimi ödənilmişdir. Müəsissə özəlləşdirildikdən sonra 2002-ci ildən başlayaraq ödəncin ödənilməsi əmək qanunvericiliyində göstərilən qanun və qaydaları müəsissə rəhbərliyi tərəfindən kobud pozularaq minumum əmək haqqına uyğun olaraq zərərə görə hesablanmışdır. O bu barədə Azərbaycan Respublikası Prezidentinə və digər dövlət nəzarət orqanlarına müraciət etmişdir, oradan isə araşdılması üçün əmək müfəttişliyinə göndərilsə də heç bir tədbir görülməmişdir. Müəssənin direktoruna yazılı ərizələri olmuşdur. Müəsissənin rəhbəri cavab olaraq şifahi qaydada bildirmişdir ki, yuxarı orqan Holdinq Şirkətlər qrupunun rəhbəri İsmayıl müəllim icazə verərsə, ödəniləcək, yox icazə verməsə, o öz başına ödəyə bilməz. O bu cavabdan ali orqanlara çoxsaylı müraciətlər etmişdir. Müraciətləri Əmək və Dövlət Sosial Müdafiəsi Nazirliyinin yanında X3 yönəldilmişdir. Onun müraciətləri ardıcıl olaraq 21 aprel 2022-ci ilə qədər davamlı surətdə öz yerini tutmuşdur. Ona hər dəfə X4 tərəfindən standart cavablar göndərilmişdir. Belə ki, ona əsaslar (l. 1988-ci ildən hazırkı dövrə qədər, ona nə qədər zərər görə aylıq ödənc təyin olunmuşdur və ödənilmişdir? 2. X4 tərəfindən zərərə görə ödənc haqqında maliyyə araşdılması aparılıb ona cavablandırılması və s.) cavab ünvanlamadan məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. O da son zamanlar X3 gedib açıqlama vermişdir. Belə ki, o onlara bildirmişdir ki, onlar müəsissədən ona aid olan maliyyə sənədlərini müəsisədən alıb ona ünvanlamalıdırlar ki, o da prosedura uyğun məhkəmədə özhüquqlarını bərpa edə bilsin. Sonda nəhayət olaraq xx.xx.2022-ci il tarixli, **********2 saylı cavab məktubu ünvanlamışlar. Məktubda göründüyü kimi idarənin direktoru Abbasov Əkrəm haqqında protokol tərtib edilərək inzibati icraata başlamışlar. Bu da onu sübut edir ki, həqiqətən onun və iş yoldaşı X1 hüquqları kobudcasına pozulduğu müəyyən edilmişdir. Daha doğrusu məktubda qeyd edildiyi kimi zərərə görə aylıq ödənc əmək qanunvericiliyinə görə düzgün hesablanmamış və düzgün ödənilməmişdir. O bu qanunpozuntusu barədə davamlı surətdə şikayətlər etdiyinə görə qərəzli surətdə ona ödəmələr tamamilə dayandırılmışdır. 21 aprel 2022-ci il tarixli məktubda hüquqlarının pozulduğu açıq aşkar qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının çatmaq istədiyi hüquqi marağı işçisi olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti özəlləşdiyi vaxtdan 3-cü qrup əlil kimi aldığı zərərə görə aylıq ödəncinin 2002-ci ildən orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb ona ödənilməsi ilə bağlıdır və o bunun cavabdeh kimi qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən həyata keçirilməsini istəyərək bunu inzibati icraat qaydasında mübahisələndirir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında Əsasnamənin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. - 3.1-ci maddəsinə əsasən bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək vəzifələri vardır. Məhkəmə qeyd edir ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən vəzifəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılmış və İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 №-li qərarının tələbləri pozularaq xəsarətə görə ödəncin ödənilmədiyi müəyyən edildiyindən "xxxx" ASC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Bundan əlavə iddiaçının müraciətləri cavabdeh tərəfindən araşdırılaraq müvafiq qaydada cavablandırılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi iddiaçıya münasibətdə səlahiyyətlərinə aid olan hərəkətləri həyata keçirmişdir. Hazırki mübahisə üzrə, yəni aylıq ödəncin 2002-ci ildən orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb hazırki günə kimi ödətdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi qanunvericilikdən irəli gələn vəzifələri daxilində cavabdehlik daşımır. İddiaçı hüquqi marağının təmin edilməsi üçün işəgötürənə qarşı mülki məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürə bildiyi halda inzibati orqana qarşı inzibati məhkəmə icraatında mübahisə qaldırmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi üzrə cavabdeh qismində qeyd olunmuş inzibati orqan iş üzrə cavabdehlik daşımadığından, bununla da həmin inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları müəyyən edilmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Ona görə də İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə eyni zamanda İddiaçı "xxxx" ASC-yə qarşı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququna malik olduğunu da izah edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-12725/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12725/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver