Məhkəmə qərarları › İş №2-1(112)-1273/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1273/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1273/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və və vəkili X5, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlarında yerləşən iki tikilinin bir ünvanda birləşdirilməsi, həmin mənzilə fərdi yaşayış evi statusunun verilməsi, evlərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Cavabdeh qismində göstərməklə, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 56/58 mənzil 17 və ünvan 2 ünvanlarında yerləşən iki tikilinin bir ünvanda birləşdirilməsi (hər ikisi onun mülkiyyətindədir), həmin mənzillərə fərdi yaşayış evi statusunun verilməsi, evlərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, faktiki ona məxsus 5,7 sot torpaq sahəsində Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 56/58 mənzil 17 və Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 56/58 mənzil 18-də iki fərdi yaşayış evi mövcuddur. Həmin yaşayış evləri digər qonşuluqda yerləşən evlərdən ayrı yerləşir. Hər hansı binanı xatırladacaq xarici və ya daxili quruluşa malik deyildir. Ərizəsinə əlavə etdiyi faktiki layihə planından da bu aydın görünür. Lakin Daşınmaz Əmlakın Reyestr Xidməti həmin evin mənzil satatusunu saxlamaqdadır. Bu evin mənzil statusunda qalması tamamilə yanlışdır. Ərizə ilə müraciət etsə də, imtina cavabı almışdır. Eyni zamanda əmlakının, hər iki mənzilinin yerləşdiyi torpaq sahəsi sərhədləri bəlli olmaqla onun istifadəsindədir. Reyestr xidməti xx.xx.2020-ci il tarixli məktubunda bir daha qeyd etmişdir ki, həmin torpaq sahəsini qeydə almaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X10 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; AZE 16993761 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı ildə Ermənistan, Amasiya rayonunda doğulub, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b. 56/58, 17 saylı mənzil **********62-05101-093018 reyestr nömrəsi ilə Yusif Əli oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b 56/58, 18 saylı mənzil **********62-05101-093019 reyestr nömrəsi ilə Yusif Əli oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 56/58, 17 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2515 nömrəli reyestr kitabının 234182 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 56/58, 18 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2515 nömrəli reyestr kitabının 234163 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 717/5 №li sərəncamından müəyyən olunur ki, Ceyhun Hacıbəyli küçəsindəki 56/58 №-li evdə yerləşən yaşayış sahəsi 27,0 kv. metr olan, 2 otaq, 18 nömrəli mənzilin kirayəçisi X11 1984-cü ildə ölmüşdür. Həmin mənzildə 1979-cu ildən etibarən 2 nəfər ailə üzvü ilə kirayəçinin oğlu X7 yaşamışdır. Vətəndaş V.İ.Splyayev rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək, kirayəçinin ölümünü nəzərə alaraq, göstərilən mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən MM-nin 85-ci maddəsinə əsaslanaraq: Ceyhun Hacıbəyli küçəsindəki 56/58 nömrəli evdə yerləşən, yaşayış sahəsi 27,0 kv. metr olan, 2 otaqlı 18 nömrəli mənzilin kirayə müqaviləsinin 2 nəfər ailə üzvü ilə vətəndaş X3 adına keçirilməsi və həmin mənzilin kirayəçisi hesab edilməsi, vətəndaş V.İ.Splyayevin adına yeni şəxsi maliyyə hesabının açılmasının 35 nömrəli MİKS-ə tapşırılması qərara alınmışdır. Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 509/3 №li sərəncamından müəyyən olunur ki, Ceyhun Hacıbəyli küçəsindəki 56/58 №-li evdə yerləşən yaşayış sahəsi 37,5 kv. metr olan, 3 otaq, 17 nömrəli mənzilin kirayəçisi A.D.Şaluxin 1983-cü ildə ölmüşdür. Həmin mənzildə order verilən tarixdən kirayəçinin arvadı B.Q.Şaluxina 2 nəfər ailə üzvü ilə yaşayır. Vətəndaş B.Q.Şaluxina rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək, kirayəçinin ölümünü nəzərə alıb, göstərilən mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 85-ci maddəsinə əsaslanaraq: Ceyhun Hacıbəyli küçəsindəki 58 nömrəli evdə yerləşən, yaşayış sahəsi 37,5 kv. metr olan 3 otaqlı 17 nömrəli mənzilin kirayə müqaviləsinin 2 nəfər ailə üzvü ilə vətəndaş X4 adına keçirilməsi və həmin mənziin kirayəçisi hesab edilməsi, vətəndaş B.Q.Şaluxinanın adına yeni şəxsi maliyyə hesabının açılmasının 35 nömrəli MKİS-ə tapşırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-2742 nömrəli 1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X12 Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda 26.İİ.97-ci il tarixində təsdiq edilib, 3/M-A7-İİ83 reyestr nömrəsi ilə qeydiyyatı aparılmış alqı-satı müqaviləsinə əsasən Bakı şəhəri, C.Hacıbəyli küçəsi 58 nömrəli evdə yerləşən, 3 otaqlı yaşayış sahəsi 37,5 kv. metr olan 17-ci mənzili almışdır. Lakin BT və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin rəisi özünün 30/14506 nömrəli, 28.İİ.97-ci il tarixli yazılı cavabı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 876 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına istinadən ərizəçinin Bakı şəhərində 5 illik pasport qeydiyyatında olmadığına görə ona qeydiyyat vəsiqəsi verilməkdən imtina etmişdir. Ərizəçi ona rədd cavabı vermiş vəzifəli şəxsin qeyri-hüquqi hrəkətlərindən məhkəməyə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini təmin edərək, Bakı şəhəri, TM və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi rəisinin Qarayevə qeydiyyat vəsiqəsi verməkdən imtina etməsinin qeyrihüquqi hərəkət hesab edilməsi və Bakı şəhəri, C.Hacıbəyli küçəsi 58 nömrəli evdə yerləşən 3 otaqlı, yaşayış sahəsi, 37.5 kv. metr olan 17-ci mənzilin hüquqi qeydiyyatının X8 adına aparılması və ona qeydiyyat vəsiqəsinin verilməsini qət etmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********47 №li xx xxxx 2021-ci il tarixli məktuba əlavə olunmuş; X13 (satıcı) ilə X15 (alıcı) arasında bağlanmış AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 58, mənzil 17 ünanda yerləşən ümumi sahəsi 51.2 kv. metr, yaşayış sahəsi 37,5 kv. metr olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən qeyd olunan hissəni satıcı X13 (tam hissə 51,2 kv/m, 3 otaq) alıcı İddiaçı mülkiyyətinə vermişdir. - X2 (satıcı) ilə X15 (alıcı) arasında bağlanmış AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 27 kv. metr, 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən qeyd olunan hissəni satıcı X2 ( tam hissə 27 kv/m, 2 otaq) alıcı İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********99 №li xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən 17-18 saylı mənzilin fərdi yaşayış evinə keçirilməsi və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməlidir. Həmçinin istifadədə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli **********04 nömrəli məktubla ətraflı məlumat verildiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı iddia ərizəsində özünə məxsus olan ünvan 6 ünvanında yerləşən 17 və 18 saylı mənzillərin fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. -4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İlkin hüquq müəyyənedici sənədlərə əsasən mübahisəli daşınmaz əmlakların Daşınmaz əmlakın Dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçdiyini nəzərə alaraq, cavabdeh inzibati orqan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq iddiaçının bununla bağlı müraciətini təmin etməkdən imtina etmiş və bu zaman iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır. İddiaçı iddia ərizəsində həmçinin özünə məxsus olan mübahisəli mənzillərin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar