Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12732/2023 04.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin mərhum X4 məxsusluğuna dair arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı ilə X6 tərəfindən tikilmiş 6x4 kv.m ölçüdə olan fərdi qaraja dair texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı tikilmiş, sahəsi 19,7 kv.m olan qarajın (qeyri-yaşayış sahəsinin) mərhum X4 məxsusluğuna dair arayışın verilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası X4 Lökbatan qəsəbəsində 6x4 ölçüdə qaraj tikintisi üçün torpaq sahəsi ayrılmış və qarajın tikintisinə icazə verilmişdir. İddiaçının mərhum atası tərəfindən sözügedən qaraj tikilmiş və istifadəsində olmuşdur. X7 03 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisində vərəsəlik işi açılmış və hüquqmüəyyənedici sənədin verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı məktub göndərilmişdir. Yuxarıda qeyd edilən qaraja texniki pasportun alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq 25 iyul 2023-cü il tarixli məktubla bildirilmişdir ki, qeyri yaşayış binasına (qaraja) dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. İddiaçı bildirir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qanuni əsaslarla inşa edilmiş qaraja texniki pasportun verilməsi üçün müraciət etmişdir. Həmçinin vaxtilə iddiaçıya verilmiş yerləşmə cizgisini də, cavabdehə təqdim edilmişdir. Cavabdeh isə məlum olmayan səbəblərə görə əsassız olaraq imtina etmişdir.
4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, qeyri yaşayış binasına (qaraja) dair təqdim edilmiş yerləşmə cizgisi qeyrimüəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri yaşayış binasına (qaraj) dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmaması barədə iddiaçıya **********03 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, qarajın tikintialtı sahəsi 22.7 kv.m, qarajın sahəsi 19.7 kv.m təşkil edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
6. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “fərdi qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əsasən Lökbatan qəsəbəsi 28 may küçəsi 45 №-li ev 4 №-li mənzil sakini X4 Lökbatan qəsəbəsində 6x4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir.
7. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “fərdi qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əlavə edilmiş qaraja dair cizgi iş materiallarına əlavə edilmişdir.
8. AZ-İİ 168473 qeydiyyat nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
9. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər ərazi idarəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, xx.xx.1948-ci il tarixdə anadan olmuş xx.xx.2021-ci il tarixdə ölmüş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 128/2021 nömrəli vərəsəlik işi açılmışdır. X3 vəfat etməsi ilə əlaqədar 2021-ci ildə onun vərəsələrindən X8, İddiaçı, X5 notariat ofisinə müraciət etmişdirlər. Azərbaycan Respublikası Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli 445 nömrəli sərəncamına əsasən mərhum X4 Lökbatan qəsəbəsində ayrılmış 6x4 m ölçüdə qaraja və qarajın yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənəd (çıxarış, texniki pasport) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.
10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, obyekt qaraj cərgəsində yerləşir. Qaradağ rayon icra hakimiyyəti tərəfindən verilmiş yerləşmə sxemində göstərilən elektrik yarımstansiyası və 45 nömrəli yaşayış binası faktiki vəziyyətə uyğundur. Yerləşmə sxemində qarajlar cərgəsi tam göstərilməmişdir və uşaq bağçası faktiki yerində mövcuddur. Cizgidə qaraj uşaq bağçasına bitişik göstərilsə də, faktiki qarajla uşaq bağçası arasında 1.8 x 5.9 m ayrı tikili mövcuddur. Kadastr: q/y binasına (qaraja) dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. Verilmiş koordinatlara əsasən qaraj qərbdə yerləşən uşaq bağçasından (təxmini) 2 m aralıdadır.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
15. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
20. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
24. Mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olaraq iddiaçı tərəfindən Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “fərdi qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamı və Sərəncama əlavə edilmiş cizgi (qaraja dair) məhkəməyə təqdim edilmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktına əsasən cizgidə (Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 saylı Sərəncamına əlavə edilmiş cizgi) qaraj uşaq bağçasına bitişik göstərilsə də, faktiki olaraq qarajla uşaq bağçası arasında 1,8 x 5,9 m ayrı tikili mövcuddur. Qeyri-yaşayış sahəsinə (qaraja) dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır və verilmiş koordinatlara əsasən qaraj qərbdə yerləşən uşaq bağçasından (təxmini) 2 m aralıdadır. Belə ki, yerli icra hakimiyyəti tərəfindən tərtib olunan cizgidə qarajın yeri uşaq baxçasına bitişik sağ tərəfdə yerləşməli olsa da, faktiki yerləşmə vəziyyətinə əsasən tərtib olunmuş cizgidə qaraj əks istiqamətdə yerləşməklə arada ayrı tikili mövcuddur.
26. Odur ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əlavə edilmiş cizgi və qeyri-yaşayış sahəsinin (qarajın) faktiki vəziyyətini əks etdirən cizgi arasında əhəmiyyətli uyğunsuzluq olduğundan icra hakimiyyəti tərəfindən iddiaçının mərhum atasına tikinti üçün icazə verilmiş qarajla hazırda tələb edilən qaraj arasında eyniliyi müəyyən etmək mümkün deyil. Məhkəmə eyni zamanda nəzərə alır ki, bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva