Məhkəmə qərarları › İş №2-1(112)-12734/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12734/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12734/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xalıq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X1 (Yevlax rayonu rayonunda qeydiyyatdadır, Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaş tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya 52 yaş tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Onun hərbi xidmət etdiyi dövrü, təhsil müddəti və əmək kitabçasında olan illər ilə birgə nəzərə aldıqda məlum olur ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Belə ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (01 il 11 ay 14 gün) orduda xidmət etmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək (05 ay 11 gün) texnikumda “mexanik” ixtisası üzrə təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1983cü il tarixədək (03 il 04 ay 23 gün) Baş-Ələt mexanik vəzifəsində refrijator mexanik vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (17 il 08 ay 18 gün) isə X6 Birliyi üzrə zəhərli kimyəvi maddələr ambarında fəhlə peşəsində işləmişdir. Göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumilikdə 20 ildən çox stajı olmuşdur. Bundan başqa, güzəştli iş stajı ümumilikdə 17 il 07 ay 08 gün təşkil edir ki, həmin illərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kod altında tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislər vəzifələrinə uyğundur. Qeyd olunanları nəzərə alaraq, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə 17 avqust 2022-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuşdur. Cavabdeh müraciətə baxılmasının təxirə salınması ilə bağlı məktub ünvanlamış və əmək kitabçasında xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındaki dövr ərzində işlədiyinə dair aparılmış qeydlərin arxiv arayışları ilə təsdiq olunması barədə sənədlərin təqdim olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən müraciəti üzrə verilmiş cavab məktubu imtina məktubu kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh əmək kitabçasında əks olunan dövrü təsdiq edən arxiv arayışının təqdim olunmasını vurğulayır. Halbuki, o, əmək kitabçasında əks olunan dövrləri təsdiq edən arayışları təqdim etmişdir. Cavabdeh isə buna münasibət bildirməmişdir və onun pensiya təyinatına baxılmasını təxirə salmışdır. Bu hal onun pensiya hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən də hesab edir ki, həmin məktub imtina məktubudur. Mübahisə predmetini təşkil edən iş stajı da (1992-2005-ci illər) qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, onun xx.xx.1987-xx.xx.2005-ci illərdə işləməyi barədə əmək kitabçasında qeydlər mövcuddur. Buna baxmayaraq, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilmədiyi və cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilmədiyi halda, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.1992-xx.xx.2005-ci il dövrlər üzrə sənədlərin təqdim edilməsini xahiş etsə də, o, həmin müəssisədə xx.xx.1992-ci il tarixdən fəaliyyət göstərməyinə başlamışdır. Digər tərəfdən isə, əmrlərin və ya əmək haqqı cədvəllərin olmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Belə olan halda hesab edir ki, onun ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 20 ildən çox təşkil edir. Belə ki, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X6 Birliyi üzrə zəhərli kimyəvi maddələr ambarında fəhlə peşəsində işləmişdir. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X6 Birliyi üzrə zəhərli kimyəvi maddələr ambarında işlədiyi fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00-kod altında göstərilən peşəyə uyğundur. Bundan başqa ona zəhərli kimyəvi maddələr ilə işlədiyi üçün maaşdan əlavə ödənişlər həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən çox təşkil edir ki, bu hal müəssisə tərəfindən verilmiş güzəştli arayış ilə təsdiq olunmuşdur. Beləliklə hesab edir ki, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla bildirmişdir ki, filiala təqdim edilmiş iddiaçının ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra güzəştli şərtlərlə yaşa görə pensiya hüququnuza baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il 530 –VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-ci və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Belə ki, həmin dəyişikliyə görə Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzətli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı,əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının müəyyən etdiyi orqanının (qurumun) təsdiq etdiyi syahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalıdır. “əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə görə yeraltıişlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Belə ki, İddiaçı Filiala təqdim etdiyi 06 iyun 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006cı il tarixinədək ümumi iş stajı 11 il 8 ay 5 gün (xx.xx.1976-xx.xx.1978-ci il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 4 il 4 ay (xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq İddiaçı xx.xx.2022-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 9497,56 manat təşkil edir. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmasına baxmayaraq iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizliyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır Belə ki, iddiaçı tərəfindən öz iddia tələbinin əsaslarını təsdiq edən sübut qismində məhkəməyə malik olduğu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, "xxxx" QSC-nin arxiv arayışı, İZ ******* nömrəli hərbi bileti, cavabdehin xx.xx.2022ci il tarixli imtina məktubu, X6 Birliyinin 20/11 nömrəli xx.xx.2022-ci il tarixli arayışı, 009448 nömrəli əmək kitabçasının surəti təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının cavabdehə müraciəti əsasında başlanmış inzibati icraat materialları təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, X6 Birliyi məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli xx/xx-2022 nömrəli arayışında bildirmişdir ki, İddiaçı Şəbi oğlu xx.xx.1992xx.xx.2005-ci il tarixədək X6 Birliyində zəhərli kimyəvi maddələr ambarında fəhlə peşəsində işləmişdir. İddiaçı həmin dövrdə əmək haqqı alması barədə əmək haqqı cədvəlləri hazırki günədək saxlanılmasa da, müəssisə iddiaçının əmək kitabçasında xx.xx.1992-xx.xx.2005-ci il tarixədək zəhərli kimyəvi maddələr ambarında fəhlə peşəsində işləməsini hazırki arayış ilə təsdiq edilir. İddiaçı Şəbi oğlunun xx.xx.1992-xx.xx.2005-ci il tarixədək X6 Birliyində zəhərli kimyəvi maddələr ambarında işlədiyi fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİ.Kimya istehsalatı bölməsinin 1080A00-kod altında göstərilən peşəsinə uyğundur. Məhkəmə iş materiallarında olan sənədlərdən müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçının xx.xx.2010-cu il tarixdə 52 yaşı tamam olmuşdur, iddiaçının xx.xx.2006-ci il tarixinə 20 ildən çox ümumi əmək stajı, həmin müddətin 10 ildən çox hissəsini o, güzəştli əmək pensiyası hüququ verən kimya istehsalatında işləmişdir. İddiaçı 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən cavabdehin imtinası əsassızdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 9.1-ci maddəsinə (31 may 2022-ci il tarixədək olan redaksiyasına) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. Belə ki, İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 20 ildən çox (25 il 06 ay 6 gün), xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında 1080AOO—17541 kodla nəzərdə tutulan- tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislər vəzifəsində (1080A10- kənd təsərrüfatı) 10 ildən çox (19 il 06 ay 18 gün) olduğundan iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş sənədlər- əmək kitabçası, hərbi bileti, təhsil barədə şəhadətnamə, arayışlar ilə iddiaçının ümumi və güzəştli stajının olması təsdiq edilir. Cavabdehin imtina məktubundan və iddiaya dair etirazından göründüyü kimi cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 11 il 8 ay 5 gün (xx.xx.1976-xx.xx.1978-ci il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 4 il 4 ay (xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) əmək stajı kimi qəbul etmiş, qalan hissəsini isə əmək stajı kimi qəbul etmir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.-ci il bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmaması və ya saxta olmasına dair dəlilləri göstərməmişdir. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən məlumatları mötəbər hesab edir, belə ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2010-cu il tarixdə yaransa da, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası 17.08 .2019-cu il tarixdən ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı isə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə 17 avqust 2022ci ildə müraciət etdiyi üçün ona güzəştli şərtlərlə pensiya təyinatı əvvəlki 3 il üçün, 17 avqust 2019-cu il tarixdən ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 17 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə (pensiyanın xx.xx.2010-cü ildən təyin edilməsi) rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 17 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar