Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1274/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X2 cəlb olunmaqla) «mənziliə hüququn qeydiyyatının ləğv edilməsi və mənzilin təyinatı dəyişdirilərək xüsusi mülkiyyətdən xidməti mənzil fonduna verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənziliə hüququn qeydiyyatının ləğv edilməsi və mənzilin təyinatı dəyişdirilərək xüsusi mülkiyyətdən xidməti mənzil fonduna verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 1 may 2017-cı il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 9 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019-cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək X2 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X2 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanındakı yaşayış sahəsinə X1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 4 sentyabr 2020-ci il tarixli 224 nömrəli digər sərəncamı ilə Yasamal RİH başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı iləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən 23 dekabr 2021-ci il tarixli 7081 nömrəli məktubla cavabdehə ünvan 3 ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 noyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması barədə rəsmi müraciət olunmuşdur. Cavabdehin 18 yanvar 2022-ci il tarixli **********88 nömrəli məktubu ilə Mənzil-İstismar İdarəsinin müraciətində qaldırılan məsələnin həllindən imtina edilərək, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya vətəndaşın bu hüquqdan imtina barədə notarial qaydada təsdiq eilmiş ərizəsi əsasında mümkünlüyü bildirilmişdir. Müdafiə Nazirliyi büdcə təşkilatı olduğundan, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Bakı şəhəri Yasamal RİH başçısının 4 sentyabr 2020-ci il tarixli 224 nömrəli sərəncamı ilə Yasamal RİH başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamının ləğvini nəzərə alaraq, İPM-in 33-cü maddəsini rəhbər tutaraq, məhkəmədən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 16 noyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qərar çıxarılması xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 26 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiası etirazla qarşılanır. İddiaçı “Yasamal RİH başçısının 4 sentyabr 2020-ci il tarixli 224 saylı sərəncamına əsasən Bakı şəhəri, S.Dağlı küçəsi, 14 saylı binada yerləşən 20 mənzilə vətəndaşların adına istifadə hüquqlarına dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbi ilə 23 dekabr 2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, iddia tələbində göstərilən “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi” öhdəliyi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İddia tələbində qeyd olunan Bakı şəhəri, S.Dağlı küçəsi, ev 14, 8 saylı mənzil üzərində X1 istifadə hüququ ********** qeydiyyat nömrəsi ilə 16 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göstərilənlərə və Mülki Məcəllənin 140, 204.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddianın “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb xidməti mənzil fonduna verilməsi” hissəsində mümkün sayılmaması, qalan hissədə isə təmin edilməməsi xahiş olunur. Məhkəmənin qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi (vəkili) gəlmiş, tərəflər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X1 nümayəndəsi (vəkili) Vəkil iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası»nın 1.8-ci bəndinə görə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiasında iki tələb irəli sürür: 1) mənziliə hüququn qeydiyyatının ləğv edilməsi; 2) mənzilin təyinatı dəyişdirilərək xüsusi mülkiyyətdən xidməti mənzil fonduna verilməsi. Məhkəmə ilk növbədə vurğulayır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, iddiada göstərilən 1-ci tələb – mənzilə hüququn qeydiyyatının ləğvi hazırkı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifələrinə aid olsa da, 2-ci tələb, yəni mənzilin təyinatı dəyişdirilərək xüsusi mülkiyyətdən xidməti mənzil fonduna verilməsi tələbi üzrə hazırkı cavabdeh səlahiyyətli orqan qismində çıxış edə bilməz. Çünki, qaldırılan məsələ onun səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1274/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1274/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver