Məhkəmə qərarları › İş №2-1(112)-12754/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12754/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12754/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vakant vəzifəyə qəbul edilmə və s.” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Həm onun, həm də ölkə üzrə müəllimlərin işə qəbulu üçün şərt qoyulmadan onların Qubanın İspik kənd orta məktəbində illərdir vakant olan müəllim ixtisasına qəbul edilmə, bu və ya digər aidiyyəti qurumların saxta imtahan keçirmə əməllərinə görə, 2. ƏƏSMN-in bütün dövlət qurumlarında şirkətləri təhvil alması, vakansiyalar bölməsinin ölkə üzrə onlayn aktivləşdirməsi, 3. SOCAR-ın üzərinə hələ də Ali Məhkəmədən gəlməyən cavab iddia tələbinin icra olunmasına yenidən baxılmasına şərait yaradılması öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, üç ildir hər ikisi özlərini Qubanın İspik kənd orta məktəbində vakant olan informatika müəllimliyində sınamaq istədikləri üçün müəllimlərin işə qəbulunda onlayn sənəd vermişdirlər, lakin onlara sənədləri uyğun gəlməməsi əsası ilə imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu iddiaçıların məlum yaşayış ünvanına göndərilərək onlara hüquqi yardım göstərilmiş və iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. (poçt xəbərnaməsinə əsasən çatdırılmışdır.) Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yazılı münasibətində göstərmişdir ki, ƏƏSMN-nin tabeliyində X1 Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinin 2.1.6-cı bəndinə əsasən işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edildiyindən ƏƏSMN mövcud iddia üzrə cavabdeh qismində çıxış edə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və digər cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçılar və digər cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi yazılı vəsatətə uyğun izahat verərək təmsil etdiyi orqanın cavabdeh orqan kimi çıxış etmə səlahiyyəti olmadığından iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia onun ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması prosesini belə son dərəcə çətinləşdirən formada yazılmış, iddiaçıların hansı ümumi məqsəd əsasında, hansı inzibati orqandan konkret və ya dolayı yolla nə tələb etdiyi anlaşılmayan iddiadır. İddianın məzmunundan iddiaçıların müəllim peşəsində işləmək istədikləri başa düşülür, lakin iddia ərizəsi, xüsusilə də onun üç bənddən ibarət tələb hissəsi azərbaycan dilinin qrammatik və leksik normalarının tələblərinə cavab vermədiyindən iddiaçıların nə tələb etdiyi anlaşılmaz olaraq qalır. Qeyd edilən çatışmazlıqların müəyyən qədər aradan qaldırılması üçün iddiaçılara hüquqi yardım məktubu göndərilmiş, lakin məhkəmə iclasının vaxtınadək məhkəməyə heç bir ərizə daxil olmamışdır. Bundan əlavə, iddiaçılar məhkəmə iclasında iştirak etmədiyindən şifahi olaraq da onların tələbinin nə olduğunun öyrənilməsi mümkün olmamışdır. Bununla belə, iddia ərizəsindən zahirən görünən müəyyən məsələlərə münasibət bildirilməli və iddianın mümkün sayılmamasının əsasları göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iki müxtəlif cavabdehə qarşı yönəlmiş və bir-biri ilə əlaqəli olmayan üç iddia tələbi bir iddiada birləşdirilmişdir. İddia ərizəsinin məzmunundan o nəticəyə gəlmək olar ki, tələbin birinci bəndində vakant müəllim vəzifəsinə qəbul olunmaqdan, ikinci tələbdə bütün vakansiyaların onlayn aktivləşdirilməsindən və üçüncü tələbdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hansısa iddia tələbinin icrasına yenidən baxılmasından söhbət gedir. Tələblərin ifadə tərzi nə qədər anlaşılmaz olsa da, bir-biri ilə əlaqəli olmayan tələblər olduğu aşkar görünür. Digər tərəfdən cavabdehlər nöqteyi-nəzərindən baxıldıqda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarıda göstərilən tələblərdən heç birinə cavab verməli olan orqan deyil. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə gəldikdə isə vakant müəllim ixtisasına qəbulla bağlı məsələlər müəyyən qədər onun və qurumlarının fəaliyyət istiqamətinə uyğun olsa da, digər tələblərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aidiyyəti anlaşılan deyildir. Həmçinin qeyd olunur ki, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. İPM-in: 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırkı iddia ərizəsi üzrə tələblər inzibati məhkəmə icraatında baxılmağa yol verilən formada təqdim edilmiş olsa idi belə, müştərək hüquqi maraqlara malik olmadıqları üçün iddiaçıların birgə iddiaçı kimi iştirakı yolverilməz olardı. İddiaçılar iddia ərizəsində müştərək hüquqi maraqlarının nədən ibarət olmasını əsaslandırmamışdırlar. Onların ailə üzvü olması birgə iddiaçı olmalarına əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların iddia ərizəsində qeyd etdikləri ölkə üzrə bütün müəllimlərin işə qəbuluna şərt qoyulmaması, vakansiyaların onlayn aktivləşdirilməsi və s. tələbləri subyektiv hüququn mahiyyəti çərçivəsindən kənara çıxır. Belə ki, tələblər fərdi olaraq məqbul olsa idi belə, bütün müəllimlərin işə qəbulu və ya digər formada maraqlarına toxunan məsələ ilə bağlı tələb irəli sürülməsi, eyni zamanda inzibati orqanların üzərinə ümumi fəaliyyətləri ilə bağlı hər hansı göstərişin verilməsi nəinki hazırkı iddia üzrə iddiaçıların, eləcə də inzibati icraat çərçivəsində istənilən iddiaçının subyektiv hüququnun olmadığı məsələlərdir. İddiaçıların müəllim fəaliyyəti ilə məşğul olmaqla bağlı iddia verməyə hüququnun olub-olmaması, bununla bağlı lazımı prosedur qaydalara riayət edilib-edilməməsi (iddia ərizəsinə əlavə olunmuş sənədlərdən ancaq İddiaçı2 müraciəti görünür) isə hazırkı iddia çərçivəsində araşdırılmır. Çünki iddia ərizəsi ilə tələb dəqiqləşdirilib yeganə tələb olaraq “vakant müəllim vəzifəsinə qəbul edilmək” göstərilsə idi belə, hazırkı iş üzrə iddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçılar tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ müzakirə olunmalı olardı. İPM-in: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. ... Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, istənilən iddiaçı tərəfindən “vakant müəllim vəzifəsinə qəbul edilmək” tələbinə dair iddia ərizəsi ilə doğru cavabdehə qarşı iddia irəli sürülsə də, cavabdeh ilə iddiaçı arasında hər hansı inzibati münasibət yaranmadığını, beləcə də inzibati mübahisənin törəməmiş olduğunu qeyd etmək olar. Belə ki, hüquq münasibəti subyektlərindən birinin inzibati orqan olması özlüyündə bu münasibətin ümumi (publik) olmasına dəlalət etmir. Konkret olaraq hazırkı mübahisə üzrə, qeyd edilməlidir ki, iddiaçılar vakant müəllim vəzifəsinə qəbul edilmək istəyirlər. İddiaçıların iddia etdiyi müəllim vəzifəsi “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. İddiaçılarla doğru cavabdeh (inzibati orqan olsa da) arasında yaranması tələb olunan münasibət işçi ilə işəgötürən arasında yaranan əmək münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “a”, “b” və “k” bəndlərinin tələbinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi; 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Sadalanan normalarına tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında yaranan fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçıların ehtimal etdikləri hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vakant vəzifəyə qəbul edilmə və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar