Məhkəmə qərarları › İş №2-1(112)-12755/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12755/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12755/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digərlərinə qarşı “kompensasiya və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun millət vəkilliyinə namizədliyinə və seçicilərin şəxsən səsi ilə seçilərsə, millət vəkili olarsa qadağa qoyulmamaq şərt və tələbi ilə mədəniyyət naziri təyin edilməsini, bu tələb qoyula da bilməz çünki mədəniyyət və turizm nazirliyi artıq ayrı-ayrı qurumlardır, biznes qurum deyil. Müqəddəs tarixi abidənin, yəni sədd barəsində dünya xalqlarına hələ də çatdırılmadığı siyasiləşdirilməsi hələ də davam etdirilidiyi üçün yəni necə olur ki, Kəhf surəsində adı keçən Naxçıvanda yerləşən Əshabu- Kəhf abidəsi müqəddəs tarixi abidəyə çevrilə bilir, amma əsas daha öncə tarixə aid olan Quranın eyni surəsində adı keçən ən üstün müqəddəs mədəni abidə hələ də siyasiləşdirilir və ən azı şikayətindən sonra da dəqiqləşdirilmədiyi üçün 100 ********* (yüz milyard) əsas hissəsi Quba rayonunun və Azərbaycanın Yol Mədəniyyətini və tarixi abidələr mədəniyyətin və s. bərpa olunması üçün nə vəziyyət olmasından asılı olmayaraq silah və s. alınmamaq şərt və tələb qoyulmaqla Mərkəzi Seçki dairələrində namizədliyi qeydə alınmış, aktiv seçki hesabı olan namizədlərə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun Mədəniyyət Naziri təyin olunmağı və elan edilməsi barəsində və başqa iş taparsa və ya Millət Vəkili olarsa bu işinə qadağa qoyulmadan müddətsiz təyin olunmağı (bu tələb qoyula da bilməz, çünki illərlə Mədəniyyət və Turizim Nazirliyi birgə qurum olsa da artıq ayrı-ayrı qurumlardır və ya biznes qurumu deyil) barəsində və müqəddəs tarixi abidənin, yəni Sədd barəsində Dünya Xalqlarına hələ də məlumat çatdırılmadığı, siyasiləşdirilməsi hələ də davam etdirildiyi üçün yəni necə olur ki, Quranı Kərimin KƏHF sürəsində adı keçən Naxçıvanda yerləşən Əshabu Kəhf abidəsi Müqəddəs tarixi abidəyə çevrilə bilir, amma əsas ondan daha öncə tarixə aid olan, Quranın eyni sürəsində adı keçən ən üstün Müqəddəs Mədəni abidə hələ də siyasiləşdirilir və ən azından şikayətindən sonra da, elan edilmədiyi üçün 100.000.000.000 (yüz milyard) əsas hisssəsi Quba rayonunun və əsas hissəsi Azərbaycan Yol Mədəniyyətinin və tarixi abidələr Mədəniyyətinin və s. bərpa olunması, hər nə vəziyyət olmasından asılı olmayaraq silah sürsat alınmamaq şərt və tələbi qoyulmaqla Mərkəzi Seçki Komissiyasında aktiv seçki hesabı olan əsl seçilmək istəyən Namizədlərə ödənilməsi barəsində qanunvericiliyin tələblərinə riayət olunmaqla və cavabdehlərin hələ də heç bir etiraz və şikayətləri olmadığı üçün və cavabdehlərə ilk öncə şikayət və tələblərinə əsasən ədalətli tam aydın, ağlabatan və cavabdehlərin üzərinə öhdəlik qoyulması barəsində qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı müxtəlif cavabdehlərə qarşı müxtəlif iddia tələblərini bir iddia ərizəsində birləşdirmiş, iddiaçıların hər birinə qarşı yönələn tələbi göstərməmiş, iddia ərizəsinin başlığında cavabdeh kimi göstərilməyən şəxslərə qarşı tələbləri də iddia ərizəsinin xahiş hissəsinə daxil etmiş, ümumiyyətlə iddiaçının tələbinin nədən ibarət olması, cavabdeh kimi göstərilən inzibati orqanların hansı hərəkət və hərəktsizlikləri nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərilən tələblərlə əvvəlcə cavabdeh kimi göstərilən inzibati orqanlara müraciət etməsi müəyyən edilməmişdir. İPM-in 13-cü madəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, İPM-də məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsi əsas prinsiplərdən biri kimi göstərilsə də, yuxarıda qeyd edilən səbəblərdən iddiaçının iddia tələbinin məhkəmənin yardımı ilə düzəldilməsi mümkün deyildir. Bu səbəbdən iddia tələbi qeyri-mümkün hesab edilməlidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digərlərinə qarşı “kompensasiya və digər” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar