Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1276/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixindən hal-hazıra kimi hakim vəzifəsində işləyir. Hakim işlədiyi dövrdə, həmçinin Şuşa Rayon Məhkəməsində müvəqqəti olaraq sədr əvəzi kimi də fəaliyyət göstərmişdir. 2019-cu ilin may ayının 14-dən yaşa görə əmək pensiyası alır. İddiaçı bildiririk ki, ona sonradan məlum olmuşdur ki, pensiyanın hesablanması zamanı səhvə yol verilmiş, ödənilən pul təminatları pensiya məbləğinə daxil edilməmişdir. Belə ki, pensiyanın hesablanması zamanı 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu, səlahiyyətlərin icrası ilə əlaqədar vəzifə maaşının 25 faizi həcmində pul təminatı və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmamışdır. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı pensiyanın hesablanması zamanı cavabdehə yox, ilkin olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Bvundan əlavə, qanunvericiliyin tələbinə əsasən əlavələr pensiya yaşına çatmış və sabiq hakimlərə şamil olunur. Lakin hal-hazırda hakim vəzifəsində işləyən şəxslərə şamil olunmur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və 02.10.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatının və 1 aylıq vəzifə maaşına həcmində vəzifə maaşına əlavənin nəzərə alınmaqla əmək pensiyasının yığılmış pensiya kapitalına əsasən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin etirazda qeyd etdiklərindən fərqli olaraq hazırkı tələblə bağlı müraciəti da cavabdehə mövcud olmuşdur. Belə ki, icraatımda olmuş digər bir iş üzrə iddiaçı hazırkı tələblə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının adi qaydada yaşa görə əmək pensiyaçı statusunda olması müəyyən edildiyindən iddiaçı hazırkı iş üzrə cavabdehə müraciət etməməsi nəzərə alınaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təqdim etmiş və məhkəmənin qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı iş materiallarından da göründüyü kimi 16 aprel 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə dair müsbət cavab verilmədiyindən hazırkı tələblə cavabdehə qarşı 11 iyun 2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Burada, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı cavabdehə müraciət etməsəydi belə, onun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciətinin olması iddianın müraciətlə bağlı mümkünlük şərtinin ödənilməsi kimi qiymətləndirilməlidir. Belə ki, eyni quruma tabe olan hər iki inzibati orqan iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı tələbə dair iddiaya cavab verməli olan inzibati orqanı müəyyən etmək vəzifəsinə malikdirlər. Qeyd olunur ki, iddiaçıdan DSMF-nun hansı sahədə hansı Filialının səlahiyyətli olmasının gözlənilməsi real deyil. Filialların səlahiyyətləri və əsasnamələrinin təhlil edilməsi, hansı Filial hansı məsələdə səlahiyyətli olmasının müəyyən edilməsi müraciət edən şəxsdən gözlənilməməli, aidiyyəti səlahiyyət bölgüsü edilən müraciətə uyğun olaraq ya cavablandırılmalı, ya da aidiyyəti üzrə səlahiyyətli Filiala göndərilməlidir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə müraciəti aidiyyəti üzrə hazırkı cavabdehə göndərməmiş, qeyd olunan səbəbdən də iddiaçı öhdəliyi olmasa belə cavabdehə müraciət etmiş və yenə də hərəkətsizlik göstərildiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, cavabdehin onlara hazırkı tələblə bağlı müraciətinin olmamasını isə əsassız hesab edərək bildiririk ki, iş materiallarında olan xəbərnamə ilə də müraciətin cavabdehə çatdırıldığı, lakin müraciətə cavab verilmədiyi aşkardır. Müraciət olmasa belə, cavabdehin iddia tələbinə etirazda iddianın əsassız və qanunsuz olması ilə bağlı mövqeyi də onu göstərir ki, iddiaçıdan hazırkı tələb üzrə mütləq müraciətin məhkəmə tərəfindən gözlənilməsi də formal olardı. Belə ki, cavabdehin mövqeyi konkretdir və müraciətin hər hansı mövqe dəyişikliyə səbəb olacağı müəyyən edilmir. Beləliklə, iddia hər bir halda müraciətlə və digər əsaslarla bağlı hissədə mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iddia tələbinin mahiyyəti 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və 02.10.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatının və 1 aylıq vəzifə maaşına əlavənin əmək pensiyasının məbləğində nəzərə alınmalı olub-olmamasından asılıdır. İddia tələbinin mahiyyətindən də görünür ki, iddiaçı həmin ödənişləri aldığını nəzərə alaraq pensiyasında nəzərə alınmalı olmasını, cavabdeh isə həmin ödənişləri alsa da halhazırda iddiaçının hakim işlədiyi müddətdə nəzərə alınmamalı olmasını iddia edir. İşin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı hakim işlədiyi dövrdə 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və 02.10.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatının və 1 aylıq vəzifə maaşına əlavəni almış və həmin məbləğlərdən məcburi dövlət sosial sığorta haqqları üzrə tutulmalar da həyata keçirilmişdir. İstər sığorta olunanın hesabından çıxarış, istərsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti arayışlarından da görünür ki, həmin məbləğlər iddiaçı tərəfindən alınmışdır. Qeyd olunur ki, iddiaçının pensiya işi məhkəmə tərəfindən tələb edilmiş və pensiyanın iddiaçıya avtomomatlaşdırılmış qaydada təyini ilə bağlı cavabdehin nümayəndəsi onun pensiya işinə dair elektron sistemdən çıxarış təqdim etmişdir ki, pensiya işinin elektron sistemdən çıxarışından da görünür ki, iddiaçının pensiya məbləğinin müəyyən edilməsi zamanı yuxarıda adıçəkilən ödənişlər edilməsinə və məcburi dövlət sosial sığorta haqqlarına cəlb edilməsinə baxmayaraq əsassız olaraq nəzərə alınmamışdır. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, hazırkı iddianın mahiyyətinə qiymət verilməsi ilə bağlı iddiaçının əmək pensiyaçı kimi statusunun müəyyən edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərinin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2.sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur 1.0.8.fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.9.fərdi hesabın yığım hissəsi -sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınankönüllüsosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır 1.0.10.pensiya kapitalı- müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.12.əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir 1.0.13. əmək pensiyasının yığım hissəsi fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası;
6. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. İşin faktiki hallarından və yuxarıda adıçəkilən qanunvericiliyin müddəalarından da müəyyən edilir ki, iddiaçı güzəştli şərtlərlə hakim kimi pensiyaya çıxmış əmək pensiyaçı olmayıb, Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmiş şəxsdir. Bu səbəbdəndir ki, hazırkı iş üzrə cavabdeh də Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hesab edilir. Bununla bağlı da iddiaçının hazırda tutmuş olduğu vəzifə üzrə əmək pensiyaçı olmadığından adi qaydada yaşa görə əmək pensiyası təyin edilmiş şəxs statusunda olduğundan da həmin şəxsin pensiyası da məhz 6-cı maddənin tələblərinə uyğun olaraq pensiya təyin edilmiş şəxslərlə eyni formada hesablanmalıdır. Yuxarıda adıçəkilən Qanunun: 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Qanunvericiliyin tələblərində də göründüyü kimi yaşa görə əmək pensiyasının məbləğinin hesablanması konkret olaraq tənzimlənmişdir ki, həmin məbləğin yaşa görə əmək pensiyasının sığorta hissəsi ilə yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarət olması təsbit edilmişdir ki, pensiya məbləğinin məbləği müəyyən edilərkən pensiya kapitalında yığılmış vəsaitin də nəzərə alınmalı olması birbaşa olaraq göstərilir. Pensiya kapitalında yığılan vəsaitin isə müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğindən ibarət olması konkret olaraq müəyyən edilmişdir ki, əmək pensiyaçıları üçün əsas hissəsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində artan pensiya kapitalının əmək pensiyasının məbləğinə birbaşa təsir edir. Başqa sözlə, şəxsin pensiya kapitalında toplanılan vəsait nə qədər çoxdursa, yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə ödəniləcək pensiya məbləği də çox olacaqdır ki, cavabdeh iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqlarına cəlb edilmiş, pensiya kapitalında nəzərə alınmalı olan ödənişləri nəzərə almamaması əmək pensiyası məbləğinin artırılması ilə bağlı iddiaçının hüququnun pozuntusuna səbəb olur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun:
106. Hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.
107. Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Göründüyü kimi iddiaçının iddia tələbində də adını çəkdiyi ödənişlərin ona ödənilməli olması qanunvericiliklə də təsbit edilmişdir ki, iş materiallarında olan sənədlərlə də həmin ödənişlərin iddiaçıya ödənilməsi və məcburi dövlət sosial sığorta haqqlarının həmin ödənişlərdən tutulması qeyd edilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərin pensiya kapitalında nəzərə alınmalı olan məcburi dövlət sosial sığorta haqqlarına cəlb edilmiş gəlirinin yaşa görə əmək pensiyasında nəzərə alınmaması iddiaçının pensiya hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Bu zaman iddiaçının hakim vəzifəsində işləməsi və hal-hazırda da hakimlik fəaliyyətini davam etdirməsi də vəziyyəti məhkəmə hesab edir ki, iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, həmin ödənişlərin mütləq qaydada hakim kimi şəxsə pensiya təyini zamanı nəzərə alınmalı olması ilə bağlı təsbit edilən normalar hakimlər üçün hesablamanın xüsusi qaydada həyata keçirilməsi və əmək haqqına münasibətdə müəyyən faizlə pensiyanın ödənilməsi ilə əlaqədardır ki, həmin hala istinad etməklə iddiaçının pensiya kapitalında toplanılmalı olan vəsait nəzərə alınmadan yalnız vəzifə maaşına əsasən iddiaçının pensiya məbləğinin hesablanması qanunsuz və əsassızdır. Belə ki, işlədiyi vəzifədən asılı olmayaraq əgər şəxs adi qaydada yaşa görə əmək pensiyaçı statusundadırsa, bu zaman həmin şəxsə təyin olunacaq əmək pensiyası məbləği də adi qaydada hesablanmalıdır. Adi qaydada təyin edilməli olan əmək pensiya məbləğinin müəyyən edilməsi qaydası isə yuxarıda adıçəkilən Qanunun müvafiq müddəası ilə tənzimlənmişdir ki, iddiaçıya vəzifə maaşına əlavə olaraq digər ödənişlərin məcburi dövlət sosial sığorta haqqlarına cəlb edilməsinə baxmayaraq əmək pensiyasının məbləği müəyyən edilərkən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, cavabdehin hesablama ilə bağlı tətbiq etdiyi qayda “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə aldığı və məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının haqqının təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və 02.10.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatının və 1 aylıq vəzifə maaşına həcmində vəzifə maaşına əlavənin nəzərə alınmaqla əmək pensiyasının yığılmış pensiya kapitalına əsasən yenidən hesablanmasının cavabdehə həvalə edilməsi hissəsində iddia qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, və yaranmış fərq məbləğinin ödənilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının pensiya hüququnun yaranma tarixi 14 may 2019-cu il olduğundan həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və 02.10.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatının və 1 aylıq vəzifə maaşına həcmində vəzifə maaşına əlavənin nəzərə alınmaqla əmək pensiyasının yığılmış pensiya kapitalına əsasən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov