Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12763/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs onun xüsusi mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatdadır. Hazırkı vəziyyətdə qeyd olunan şəxsin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxsin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına (zəruri cəlbetmə) cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 33, mənzil 92 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, giriş 133, M9, m.5) ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X4 Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 33, mənzil 92 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, giriş 133, M9, m.5) ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1646/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən və xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X2 ünvan 3 ünvanında yerləşən 92 saylı mənzildən 7000 manat kompensasiya ödənilməklə, mənzildən çıxarılması, iddiaçı X1 müvafiq kompensasiya məbləğinin alınıb cavabdeh X3 verilməsi ilə onun mənzildən çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1646/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələb borclu və tələbkar tərəfindən tam şəkildə icra olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 33, 92 saylı mənzilində X2 istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni ünvan göstəricilərinə malik hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması (ümumiyyətlə heç bir zaman mövcud olmaması və ya əvvəllər mövcud olmuş hüququn sonradan itirilməsi) müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. İşin faktiki hallarından isə müəyyən edilir ki, üçüncü şəxsin istifadə hüququnun mövcud olub-olmaması mülki icraat qaydasında işə baxan məhkəmə araşdırmasının predmeti olmuş, həmin mübahisənin nəticəsi olaraq X2 ünvan 3 ünvanında yerləşən 92 saylı mənzildən 7000 manat kompensasiya ödənilməklə, mənzildən çıxarılması, iddiaçı X1 müvafiq kompensasiya məbləğinin alınıb cavabdeh X3 verilməsi ilə onun mənzildən çıxarılmasının eyni vaxtda icra olunması qərara alınmış, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tədbirlər görülmüş və son olaraq məhkəmə qərarının icrası tam təmin edilmişdir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarın qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması, yəni itirilmiş hesab edilməsi baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 33, mənzil 92 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, giriş 133, M9, m.5) ünvanında yerləşən yaşayış sahəsindən X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-12763/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12763/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver