Məhkəmə qərarları › İş №2-1(112)-12768/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12768/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12768/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 24 avqust 2024-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; 30 aprel 2024-cü il tarixli vəsatətini təmin edərək qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İraq vətəndaşı və Dialli şəhərinin sakinidir. Etnik mənsubiyyətinə görə sünnüdür. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. Ərizəçi 33 yaşlı kişi cinsinə aid İraq vətəndaşıdır, etnik mənsubiyyətinə görə Sünnidir. O sünni təriqətinin üzvüdür. İraqda şiələr tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Uzun müddətdir Şiə qrup üzvləri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. O, 2024-cü ildən İraqı tərk etmişdir. Ərizəçi 8 aprel 2024cü ildən Azərbaycana gəlib. 30 aprel 2024-cü il ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini qeydiyyata alıb və onunla müsahibə aparıb. Təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 24 iyul 2024-cü ildə DMX İQ-49/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, şəxs müsahibə zamanı şiə məzhəbindən olan şəxslər tərəfindən təqibə məruz qaldığını bildirsə də, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Bundan başqa iddiaçı daxili yerdəyişmədən istifadə etmiş və bu yerdəyişmədən sonra heç bir təqib və ya təzyiqə məruz qalmamasına baxmyaraq, ölkəni tərk edərək Azərbaycana gəlmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ölkəyə gəlmiş, xx.xx.2024-cü il tarixdə olduğu yer üzrə qeydiyyata düşmüş, yalnız qeydiyyat müddətinin bitməsinə 5 gün qalmış qaçqın statusunun alınması üçün müraciət etmişdir. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli-ci il tarixli qərarı mübahisələndirir və xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək iddia müddətinə riayət edilmişdir. Məhkəmə tərəfələrin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 iyul 2024-ci il tarixli, İQ- 49/1 nömrəli qərarının surətindən görünür ki, “İraq Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 1 iyun 1990-cı il təvəllüdlü X4 Mahmood (Pasport: № A********) 30 aprel 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 69-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin ksero sürətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. X4 Mahmoodun müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki. o. İraqda heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyetinə və dini etiqadına görə ciddi şəkildə təqib olunmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra X4 Mahmoodun şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azerbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər •Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “‘Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası'nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İraq Respublikasının vətəndaşı X1çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.” İddiaçı hazırda cavabdehin 24 iyul 2024-cü il tarixli, İQ-49/1 nömrəli qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, vətəndaşı olduğu və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İddiaçının problemi ilə bağlı söylədikləri mənşə ölkəsi barədə məlumatlarla təsdiqini tapsa da, onun ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı müsahibə zamanı onun restoranını dağıdıldığını, ondan pul tələb edildiyini bildirsə də, bu hallarla bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar