Məhkəmə qərarları › İş №2-1(112)-12771/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12771/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12771/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi və s. tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. Yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 3000 manat pulun cavabdehdən onun xeyrinə tutulması;

2. Ona dəyən mənəvi zərərin 6999 manat hesablanaraq cavabdehdən onun xeyrinə tutulması;

3. Ümumilikdə 9999 manat pulun cavabdehdən onun xeyrinə tutulması;

4. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair qərar qəbul edilməsi, yəni Binəqədi rayon İcra Hakimiyyəti hündürlüyü 2 metr, 20 santimetrdən az olan hasarın tikilməsi ilə bağlı qanunsuz müdaxiləsindən müdafiəyə, yəni hasarın yenidən tikintisində mane olmasından çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyə iclasının xx.xx.2012-ci il tarixli 11 saylı protokolunun 34 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidə fərdi yaşayış evi tikmək məqsədi ilə ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi X3 ilə alqı-satqı müqaviləsi bağlanması qərara alınmışdır. Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2inz (81)-1131/2012, 16 may 2012ci il tarixli qətnaməsi ilə alqı-satqı müqaqviləsi bağlanması Rəsulzadə qəsəbə bələdiyyəsinin üzərinə qoyulmuşdur. Bunun əsasında X1 08 sentyabr 2006-cı il tarixli bələdiyyəyə müraciəti, Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2012-ci il tarixli qətnaməsi, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin iclasının xx.xx.2012-ci il tarixli 11 saylı protokolunun 34 saylı qərarına əsasən aralarında torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib edilmiş və Binəqədi RİH ilə razılaşdırılmışdır. X3 notarial ərizə verərək həmin torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmiş və 27 yanvar 2021-ci il tarixdə ona (iddiaçıya) etibarnamə verərək Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin iclasının xx.xx.2012-ci il tarixli 11 saylı protokolunun 34 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidə fərdi yaşayış evi tikmək məqsədi ilə ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi üzrə bütün hüquqlarını tanımışdır, (sənədləşdirmə etmək, tikinti aparmaq, çıxarış almaq və s) O, 2023-cü ildə həmin torpaq sahəsini hasarlamaq üçün işlər görüb və 3000 manat pul xərcləyib. (1900 daş, 30 sement, usta və fəhlələrin əmək haqqısı) Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları qanunsuz və əsassız olaraq həmin ərazini 23 iyun 2023-cü il tarixdə sökdülər, hasarı aşırdılar. Ona 3000 manat maddi zərər vurdular. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçı məhkəmə iclasında iddianın mümkünıüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının iş üzrə cavabdeh inzibati orqana 3000 manat maddi, 6999 manat mənəvi, ümumilikdə 9999 manat kompensasiyanın ödənilməsi ilə bağlı, eyni zamanda iddia tələbinin 4-cü hissəsində qeyd edilən halla bağlı cavabdehə müraciəti sübut olunmur. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Bundan başqa iddiaçının tələbinin 1-3 hissəsi, İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş vurulmuş ziyana görə kompensasiya tələbinə dair iddia növünə, tələbin 4-cü hissəsi isə məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı hər iki tələbin bir icraatda birləşdirilməsinin mümkünlüyünü də əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə ...tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan başqa iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə suyektiv hüquqa da malik deyil. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə Bələdiyyəsinin iclasının xx.xx.2012-ci il tarixli 11 saylı protokolun 34 saylı qərarına əsasən X2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidə fərdi yaşayış evi tikmək məqsədi ilə ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi ilə bağlıdır. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi və ya istifadəçisi deyildir. O, A.Kərimovanın verdiyi etibarnamə əsasında hərəkət edir. Mülki Məcəllənin 152.8-ci maddəsinə görə, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı, A.Kərimovanın ona verdiyi etibarnamə əsasında hərkət edən şəxsdir. Belə olan halda A.Kərimovaya bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi ilə bağlı hər hansı tələbi irəli sürmək hüququ (subyektiv hüquq) iddiaçıya deyil, A.Kərimovaya məxsusdur. İddiaçı yalnız A.Kərimovanın əmlakını onun mənafeyi naminə idarə edən şəxsdir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi və s. tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar