Məhkəmə qərarları › İş №2-1(112)-12774/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12774/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12774/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 57 yaşdan hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 8 ay 5 gün (xx.xx.1980- xx.xx.1982ci il, xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1999-cu il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 2 ay 5 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, Mərkəzi Filiala xx.xx.1979-xx.xx.1980-cı il tarixləri arasındakı dövr üzrə təhsil aldığı müddətlərin əyani olub-olmamasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 29 iyun 2022-ci il tarixdə təyin edilmiş əmək pensiyasının yenidən - 57 yaşdan olmaqla 15 dekabr 2018-ci il tarixdən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuş, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Texniki peşə məktəbində oxumuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Təcrübə Sınaq zavodunda elektirik qaynaqçısı peşəsində işləmişdir. O, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək elektirik qaynaqçısı peşəsində, xx.xx.1993-cü il tarixdə tikintidə mühafizəçi işləmiş, xx.xx.1996-cı il tarixdə yaşıllaşma təsərrüfatına keçirilmiş, xx.xx.1999cu ildən işdən azad edilmişdir. xx.xx.2004-cü ildən xx.xx.2004-cü il ilədək Xəzər Fabrikası Xidmətləri MMC-də qaynaqçı, xx.xx.2004-cü ildən xx.xx.2005-cı ilədək A&D-də qaynaqçı, xx.xx.2005-ci ildən xx.xx.20026-cı ilədək Azəreloktronik ASC-də qaynaqçı, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Texniki Menecment MMC-də qaynaqçı, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək Azəreloktronik ASC-də qaynaqçı, xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilədək Azəreloktronik ASC-də qaynaqçı işləmiş və xx.xx.2011-ci ildən "TECH-MACH” şirkətinə qaynaqçı vəzifəsinə təyin edilmişdir və hazırda orada işləyir. "xxxx" ASC tərəfindən xx.xx.2021 və xx.xx.2022-ci il tarixdə "Güzəştli şərtlərlə iş haqqında" arayış verilmişdir. Həmçinin "TECH-MACH” LTD Azərbaycan Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə arayış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır . İddiaçıya əmək pensiyası 29 iyun 2022-ci il tarixdən hesablanmışdır, halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq ona 57 yaşdan hesablanaraq təyin edilməli idi. Göründüyü kimi, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 25 il iş stajı və 12 il 6 aydan çox güzəştli iş stajı vardır və bununla bağlı olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan hesablanmalıdır.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddiaçıya ünvanlanmış imtina məktubundakı dəlillərə istinad etmiş və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etdi.

7. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

9. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

10. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən 1 iyul 2020-ci ildən etibarən kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi 65 yaş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi isə 60 yaş müəyyən edilmişdir.

11. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, onun 60 yaşı xx.xx.2021-ci ildə tamam olmamışdır.

12. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-6073/2023 saylı Əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ƏPQ-nin 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

13. İddiaçı hazırda bu qərarla razılaşmayaraq ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir.

14. Məhkəmə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQnin 9.1-ci maddəsində nəzərdə tutulurdu.

15. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi üzrə:

16. Belə ki, qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı isə 25 ildən az olmamalıdır.

17. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (şəxsiyyət vəsiqəsinin, hərbi biletin, əmək kitabçasının surətləri) əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, xx.xx.1979-xx.xx.1980-ci illərdə 86 nömrəli peşə məktəbində təhsil almış (7 ay 16 gün), xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuş (2 il 1 ay 21 gün), xx.xx.1982-xx.xx.1985-ci illərdə Bakı Təcrübə Sınaq Zavodunda əl ilə elektrik qaynaqçısı (2 il 5 ay 1 gün), xx.xx.1985-xx.xx.1999-cu illərdə Azərelektroterm İB-də əl ilə elektrik qaynaqçısı, fəhlə, mühafizəçi (14 il 4 ay 22 gün), xx.xx.2004-xx.xx.2004-cü illərdə Xəzər Fabrikasiya Xidmətləri MMC-də qaynaqçı (5 ay 20 gün), xx.xx.2004-xx.xx.2005-ci illərdə "xxxx" MMC-də qaynaqçı (5 ay 12 gün), xx.xx.2005-xx.xx.2006-cı illərdə "xxxx" ASC-də qaynaqçı (1 il 3 ay 1 gün) vəzifələrində işləmişdir.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;...

19. Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

20. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət, təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixədək 21 il 4 ay 1 gün ümumi sığorta stajı olmuşdur.

21. Belə olan halda isə aydındlr ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin ona tətbiqi üçün ilkin şərti, 25 il ümumi sığorta stajının olması tələbini ödəmir (burada da iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci tələbə, güzəştli iş stajına qiymət verilmə zərurəti aradan qalxır).

22. Deməli, iddiaçı ona xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edə bilməz. xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsi üzrə:

23. ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

24. Normanın məzmunundan aydın olur ki, iddiaçıya ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün isə onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur.

25. Lakin iddiaçı bu tələblərdən ilkini, yəni yaş tələbini ödəmir. Belə ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olduğundan ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası da tətbiq oluna bilməz (burada da iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci və üçüncü tələbə qiymət verilmə zərurəti aradan qalxır). 26.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 27.Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 57 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 28.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 29.Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar