Məhkəmə qərarları › İş №2-1(112)-12776/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12776/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12776/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ailə üzvləri ilə birlikdə qeydiyyata alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək onu ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanı üzrə pasport qeydiyyatına alınmağına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü ildən Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 11-də ailəsi ilə birlikdə yaşayırdı. 1989-cu ildə doğulmuş qızı Talıbova Arzu anadangəlmə İİ qrup əlil olduğu üçün yaşadığı evin mühiti ağır olduğuna görə həkimlərin məsləhəti ilə həmin evdən çıxıb, ailəsi ilə Yeni Suraxanıda kirayə qalmağa köçmüşdür. Sonradan məlum olmuşdur ki, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının evi boşaldılmış va İcra Hakimiyyəti tərəfindən hansısa ailəyə verilmişdir. İddiaçını və ailəsini pasport qeydiyyatından çıxarmışdılar. Bu isə xx.xx.2010-cu ilə təsadüf edir. Bundan sonra o, Yeni Suraxanda yuxarıda göstərilən ünvanda məcburiyyət qarşısında iddiaçı torpaq alıb 2002-ci ildə ev tikmişdir. Evinin sənədi olmadığı üçün onları bu ünvana qeydiyyata salmadılar. xx.xx.2010-cu il tarixdə iddiaçını 7 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin X8 pasport qeydiyyatına saldılar. xx.xx.2022-ci il tarixdə ona məlum oldu ki, yaşadığı yer üzrə həmin rayonun X8 pasport qeydiyyatına düşməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin qeydiyyat şöbəsinə müraciat etdmişdir. Qeydiyyat şöbəsi ona bildirmişdir ki, yaşadığın qəsəbədən, qəsəbə İcra nümayəndəsindən neçənci ildə orda yaşadığın haqqında arayış alıb və birdə şəxsiyyət vəsiqələrinin sürətini gətirməklə onları Suraxanı rayon Polis İdarəsinin İnzibati binasına salacaqlarını demişdirlər. İddiaçı həmin sənədləri qeydiyyat şöbəsinin rəisinə təqdim etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə ona zəng edib bildirdilər ki, onun qeydiyyata düşməyi barədə rəy gəlibdir. Həmin rəyi iddiaçı götürüb Sabunçu rayonunda yerləşən ASAN xidmətə yaxınlaşmışdır. 10 gün müddətində onlara yeni çıxan şəxsiyyət vəsiqələrini təqdim etdilər. 2022-ci ilin 30 dekabrda iddiaçıya məlum olmuşdur ki, Daxili İşlər Nazirliyinin göstərişi əsasında bütün ailə üzvləri ilə birlikdə yenidən bizi pasport qeydiyyatından çıxarıb havada saxladılar. xx.xx.2023-cü il tarixda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport qeydiyyatı və miqrasiya dairəsi tərəfindən ona cavab göndərildi. Bildirilmişdir ki, iddiaçının evinin sənədi yoxdur. Özü isə 1978-ci ildən arvadı Səlimova Sərfinaz isə 1980-ci ildən Bakı şəhərində pasport qeydiyyatındadırlar. X2 şəkər xəstəsi kimi va qızı X3gəlmə İİ qrup əlildir. İddiaçı bunların heç birinə hal-hazırda dövlət tərəfindən pulsuz verilən dərmanlar ala bilmir. X1 va X6 oxuduğu məktəbdə həkimdən tələb olunan arayışları taqdim edə bilmir. Bir sözlə bütün ailə üzvləri içində iddiaçı olmaq şərti ilə bütün imtiyazlardan məhrum olmuşdurlar. Nə təbibə, nə işə, də lazım olan heç bir işə müraciət edə bilmirlər. Bunun da səbəbi pasport qeydiyyatının olmamasıdır.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında .daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən həyata keçirilir. Qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərlə birlikdə istənilən "ASAN xidmət” mərkəzinə müraciət edəcəyi təqdirdə yeni yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilərlər.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən qeydiyyata əsas verən sənədlərdən birini (mülkiyyət hüququnun-dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi) və ya yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə istənilən “ASAN xidmət” mərkəzindəki regional qrupa təqdim etməklə yeni yaşayış yeri üzrə qeydiyyata alına bilər. Qeyd edilmişdir ki, yaşadığı ev müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunauyğun qaydada sənədləşdirildikdən sonra iddiaçının həmin evə qeydiyyata alınmağı məsələsinə baxılacaqdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iştirak etmiş və iddianın təmin olunmasını xahiş etmişdir.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

7. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçıya hüquqi yardım göstərilərək iddia ərizəsində qeydiyyata alınmasını istədiyi hər bir ailə üzvü ayrılıqda iddiaçı qismində göstərilməli (iddia ərizəsi hər bir iddiaçı tərəfindən imzalanmaqla), eləcə də aidiyyəti üzrə Suraxanı rayon Polis İdarəsinə müraciət ünvanlanmalı, qeydiyyata alınma tələbinin təmin olunmasından imtina oldğu təqdirdə (müvafiq imtina ilə birlikdə) həmin şəxslər tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

8. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmiş, eləcə də tələblə bağlı səlahiyyətli inzibati orqana müraciət və imtina yoxdur.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar