Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12779/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran statusunun tanınması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq “Veteran” statusunun tanınmasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmasına qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1966-ci ildə Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olmuşdur. Hal-hazırda qeyd olunan ünvanda yaşayır. 1992-ci ilin avqust ayında “Bakı fəhləsi” maşınqayırma zavodunda işləyən zaman Hərbi Komissarlıqdan 3 aylıq hərbi toplanışa çağırılmışdır. xx.xx.1992-ci il tarixdə 831 saylı h/h-yə göndərilmişdir və həmin gündən komandirin əmri ilə bölmə komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibədə iştirak etsə də Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinə müraciət etsə də müsbət cavab ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. O, 3 aylıq hərbi toplanışa çağırılsa da, vətənin müdafiəsi üçün dərhal cəbhə bölgəsinə göndərilmiş və 3 ayı tamam olduqdan sonra geri dönmüşdür. Qanuni əsaslar olmasına baxmayaraq “Müharibə veteranı” status verilməsinə dair xahişinin rədd edilməsi onun Konstitusion hüquqlarını pozur. Veteran adlarının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsasnamə”-nin və “Əsasnamə”-nin Silahlı Qüvvələrində tətbiqinə dair Müdafiə Nazirliyinin xx.xx.1998-ci il 1 nömrəli əmri ilə təsdiq olunmuş “Təlimat”-ın tələblərinə uyğun olaraq yerinə yetirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. - xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Hərbi Xidmətinin vəsiqəsinin surətindən görünür ki, Gülərov X1 Rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N №-li h/h-nin İ rota İİ vzvod bölmə komandiri kimi xidmət etmiş, silahının nömrəsi ******* olmuşdur. - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin baş zabiti-Arxiv rəisinin müavini tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-4879 №-li məktubun surətindən görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 18 №-li əmrilə (əsas: səh 40 §2) bölmə komandiri vəzifəsinə təyin edilmişdir. İcazəsiz olaraq hərbi hissəni tərk etdiyi üçün İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 32 №-li əmrilə (əsas: səh 71) ştatdan xaric edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 97 №-li əmrində (əsas: səh 24, §3, sıra 26) üç ay müddətində hərbi xidmətə çağırılsalar da, Müdafiə Nazirinin əmrini pozaraq oktyabr və noyabr aylarında ştatdan xaric edildiklərinə görə Füzuli ərazi Prokurorluğuna verilmiş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin baş zabiti-Arxiv rəisinin müavini tərəfindən iddiaçıya deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin rəisinə ünvanlanmış iddiaçının hərbi xidməti ilə bağlı arxiv məlumatları qeyd edilmiş məktubdur. İddiaçı cavabdehə iddia tələbinə uyğun müraciət edərək müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtinanı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-12779/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12779/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver