Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1278/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, iddiaçı -İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, N №-li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 80 №-li əmri ilə mühəndis istehkamçı tağımına istehkamçı vəzifəsinə təyin olunub və komandirin xx xxxxx N2-ci il tarixli 136 №-li əmri ilə posta təyin edilmişdir. N №li hərbi hissə komandirinin xx xxx N3-cü il tarixli N №-li şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək, tank bölüyündə tank komandiri vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda o, müharibə veteranı adının və vəsiqəsini almaq istəyir. Bunun üçün də müvafiq sənədləri toplayıb cavabdehə müraciət etmişdir. Cavabdeh imtina məktubu ilə bildirmişdir ki, “xidmətnizi təsdiq edən sənədlər (hərbi hisssəyə daxil və xaric olmağınız barədə) olmadığı üçün Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir”. Cavabdehin cavabı qanunsuz və əsasızdır. Belə ki, onun topladığı bütün sənədlərdə məlumatlar öz əksini tapıb və möhürlə təsdiqlənmişdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli 11/3163 saylı iddiaya dair etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, N2-N3-cü illər ərzində 806 N №-li hərbi hissələrin tərkibində döyüşlərdə iştrak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edərək cavabdeh bildirmişdir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və ““Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının x xxxxx 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ““Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün xx xxxxxxxx N5-ci il tarixli 216 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “N88-ci il fevralın 1-dən N1-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistənlə həmsərhəd inzibati ərazi vahidlərində-keçmiş DQMV ərazisində...aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə.... -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9-dan N4cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir”. Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”. Müdafiə Nazirliyinə “veteran adlarının verilməsi ilə bağlı” diskresion səlahiyyət verilmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi normanın tətbiqi özünün qiymətlədirməsinə əsasən müəyyən olunduğu üçün İPM-nin 73.3.1-ci maddəsində əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Nazirlər Kabineti xx xxxxxxxx N5-ci il tarixli 216 №-li Qərarı ilə “veteran adlarının verilməsi ilə bağlı” Müdafiə Nazirliyinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Müdafiə Naziri x xxxxxx N8-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş ““Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı şərtləri müəyyən etmişdir. Yuxarıda göstərilən sənədlər müvafiq komissiyaya təqdim edilməli olduğu açıq şəkildə göstərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 80 №-li əmrilə iddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. Sonradan xx.xx.N3cü ildə N №-li əmrlə N №-li hərbi hissəyə daxil edilmişdir. Lakin bundan sonra xidmətinin davamı məlum deyil. Qanuni əsaslarla ehtiyata buraxılması barədə subut yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli 216 №- li Qərarına xx xxxxxxxx 2018-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişiklikə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim ediliyi halda mötəbərdir. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanının vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2-1 (102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. İddiaya dair etirazda göstərilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı- İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki; İddiaçı xx.xx.N67-ci ildə Zəngilan rayonu Alıbəyli kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır (AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus Zəngilan rayon Hərbi komissarlığı tərəfindən xx.xx.N85-ci il tarixdə verilmiş NZ seriyalı ******* №li hərbi biletində (notarial qaydada təsdiq edilmiş surəti) aparılmış qeydlərə əsasən iddiaçı xx.xx.N85-ci il tarixdən xx.xx.N87-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək atıcı kimi N saylı hərbi hissənin 6-cı batalyonunun tərkibində döyüşmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X2 Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanmış xx.xx.2018-ci il tarixli 9/2-13049 №-li məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 80 №li əmri ilə İddiaçı mühəndis istehkamçı tağımına istehkamçı vəzifəsinə təyin olunmuş və komandirin xx xxxxx N2-ci il tarixli 136 №-li əmri ilə İddiaçı posta təyin edilmişdir. Nizami RHK-dan gəlmiş, N67-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxx N3-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək tank bölüyündə tank komandiri vəzifəsinə təyin olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1/A- 8669 №li məktubda müraciətçiyə bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2018-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/2- 13049 nömrəli arayışına əsasən hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Bu səbəbdən də iddia sübüta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1278/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1278/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver