Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1278/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinə dair müraciət etmişdir. Cavabdeh inzibati orqan (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixədək 20 ildən (18 il 2 ay 2 gün 3 (xx.xx.1983-xx.xx.1985-ci il və xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 10 ildən az (4 il 11 gün (xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonunda doğulmuşdur, 1982-ci ildə Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuş, 1983cü ildə hərbi xidmətə getmiş və 1985-ci ildə hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən sonra 1985-ci ildə təhsilini davam etdirərık 1989-cu ildə həmin təhsil müəssisəsini bitirmişdir. 1989-cıı ildən 2006-cı ilədək X8 Qazma İşləri İdarəsində işləmişdir. İddiaçı qeyd edir ki, onun ümumi iş stajı 20 ildən çox təşkil edir. Güzəştli iş stajına gəldikdə isə, o, istehsalatda texniki mühəndis kimi suyun içində dənizdə işləmişdir. İdarə dənizdə yerləşdiyindən, o, sağlamlığını itirmişdir. Göstərilənlərə əsaslanaraq və «Əmək pensiyaları haqqında» Qanunun, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müvafiq müddəalarını rəhbər tutaraq, ona (iddiaçıya) 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 05 avqust 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, iddiaçı iddia ərizəsində kifayət qədər güzəştli staja malik olduğunu əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Mərkəzi Filial hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 20 ildən az (18 il 02 ay 02 gün (xx.xx.1983 - xx.xx.1985-ci il və xx.xx.1989 - xx.xx.2006-cı il tarixlər arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (04 il 11 gün (xx.xx.1989 - xx.xx.1991-ci il və xx.xx.1991 xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxan məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.1, 9.8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə əsaslanaraq, İddiaçı iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırarq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə doğulmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 9 iyun 2021-ci il tarixli 01-659 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1982-ci ildə təhsil müəssisəsinin Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyuların qazılması” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olunmuş və 1983-cü ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmış və 1985-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa edilmiş və 1989-cu ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İş materiallarında olan 051709 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 10 may 1983-cü il tarixdən 27 aprel 1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 6 oktyabr 1989-cu il tarixdən əmək fəaliyyətinə başlamış və 31 dekabr 2018-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan ARDNŞ (SOCAR) “Kompleks qazma işləri tresti” tərəfindən verilmiş arxiv arayışından görünür ki, xx xxxx 1965-ci il tarixdə doğulmuş İddiaçı 6 oktyabr 1989-cu il tarixdən 10 mart 2006-cı il tarixinədək “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Neft Daşarı” X10 İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 14 may 1992-ci il tarixli 183 saylı əmri ilə “Neft Daşları” X10 İdarəsi "xxxx" X5 Birliyinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Neft Sənaye Nazirliyinin 3 mart 1994-cü il tarixli 48 saylı əmri ilə "xxxx" Dövlət Konserni Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adlandırılmışdır və “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin “Neft Daşları” X10 İdarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 saylı 8 aprel 2003-cü il tarixli əmri ilə X11 X4 yenidən təşkil olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi adlandırılmışdır və “Neft Daşları “ X10 İdarəsi onun tərkibinə verilmişdir. SOCAR 51 saylı 12 mart 2007-ci il tarixli və 60 saylı 14 mart 2007-ci il tarixli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Neft Daşları” Dəniz Qazma İdarəsi onun tərkibinə verilmişdir. ARDNŞ (SOCAR) 27 dekabr 2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin “Neft Daşları” Qazma İşləri İdarəsi ləğv olunaraq “Neft Daşları” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İş materiallarında olan ARDNŞ-nin (SOCAR) məhkəməyə müvafiq sorğuya cavab olaraq ünvanlanmış 20 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş X2 1 avqust 1994-cü il tarixdən 10 mart 2006-cı il tarixədək “Neft Daşları” X10 İdarəsində dəniş şəraitində Texniki istehsalar şöbəinin rəisi vəzifəsində işləmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasında, hərbi biletdə və arxiv arayışında qeyd olunanlarda onun 1982-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyuların qazılması” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olunduğu, 1983-cü ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırıldığı, 10 may 1983-cü il tarixdən 27 aprel 1985-ci il tarixədək hərbi xidmətdə olduğu, 1985-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa edildiyi, 1989-cu ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirdiyi, bundan sonra 6 oktyabr 1989-cu il tarixdən 12 dekabr 1995-ci il tarixədək “Neft Daşları” X10 İdarəsində qazmaçı köməkçisi, texnoloq, mühəndis-texnoloq, rəis, 18 dekabr 1995-ci il tarixdən 10 mart 2006-cı il tarixədək “Neft Daşları” X10 İdarəsində Texniki istehsalat şöbəsinin rəisi vəzifələrində çalışdığı və əmək fəıaliyyətini 2018-ci ilin dekabr ayının 31 davam etdirdiyi göstərilmişdir. İddiaçı «Əmək pensiyaları haqqqında» Qanunun 9-cu maddələrinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az, güzəştli iş stajının 10 ildən az təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İPM-in 8.1.4-cü maddəsinə görə digər (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın yerləşdiyi yerin (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, qaldırılan iddia “məcburetmə haqqında” iddiaya aid olsa da, iddia ərizəsi 1 oktyabr 2021-ci il tarixdən əvvəl, yəni 16 iyun 2021-ci il tarixdə daxil olduğundan, iddiaya münasibətdə İPMin 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri tətbiq oluna bilməz. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir (maddənin birinci hissəsi). Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır (maddənin ikinci hissəsi). İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti (maddənin üçüncü hissəsinin “v” bəndi), ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti (maddənin üçüncü hissəsinin “ğ” bəndi). Həmin Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Sözügedən Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” a) fəhlələr bölməsində 1100000a- 11297 kodu ilə müəyyən edilən “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları”, b) rəhbərlər və mütəxəssislər bölməsində 1100000b-222477 kodu ilə müəyyən edilən “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər” peşələri daxil edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə ilk növbədə növbədə qeyd edir ki, mövcud qanunvericilik normaları 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» Qanunun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Bu səbədən Məhkəmə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranıbyaranmamasının müəyyən edilməsində onun ümumi və güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajlarının qanunvericilikdə nəzərdə tutulan həddə toplanıb-toplanmadığını müəyyən etməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (xx.xx.1983-xx.xx.1989; xx.xx.1989-xx.xx.2006 = 22 il 05 ay 11 gün) çox təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərti ödənilsə də, onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı ilə bağlı şərti ödənilməmişdir. Məhkəmənin qənaəti belədir ki, İddiaçı 6 oktyabr 1989-cu il tarixdən 17 yanvar 1991-ci il tarixədək “Neft Daşları” X10 İdarəsində qazmaçı və qazmaçı köməkçisi vəzifəsində, həmçinin 1 noyabr 1991-ci il tarixdən 1 avqust 1994-cü il tarixədək mühəndis-texnoloq vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olsa da, həmin illər əsasında iddiaçının güzəştli iş stajı cəmi 4 il 11 gün təşkil edir. İddiaçının 17 yanvar 1991-ci il tarixdən 1 iyun 1991-ci il tarixədək işlədiyi mühəndis-texnoloq, 1 avqust 1994-cü il tarixdən 12 dekabr 1995-ci il tarixədək işlədiyi rəis, 18 dekabr 1995-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi rəis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (B) bəndində sadalanmış vəzifələrə aid oluna bilməz. Çünki, həmin bənddə vəzifələrin adları konkret olaraq səciyyələnmiş, iddiaçının həmin illərdə işlədiyi müvafiq vəzifələr həmin bənddə nəzərdə tutulmuşdur. İddiaçının rəhbər şəxs kimi işlədiyi qurum “Texniki istehsalat şöbəsi” olmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixədək 20 ildən artıq ümumi stajı toplansa da, o, 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı toplamamaşdır. Belə olan halda, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iddiası əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə həmin pensiya təyinatı üzrə öhdəlik qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1278/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1278/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver