Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12786/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 2023-cü ilin mart ayının pensiyasının - 2234,57 manat pulun (iki min iki yüz otuz dörd manat 57 qəpik) ona birdəfəlik ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən hərbi prokurorluq orqanlarından işdən çıxandan sonra pensiya alır. 2023-cü ilin mart ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən pensiyasının məbləği 4100 manatdan 2234,57 manata endirilmişdir. Bundan başqa Filial guya ona artıq köçürülmüş pul vəsaitin geri qaytarılması məqsədilə 2023-cü ilin mart ayının pensiyasını, cəmi 2234,57 manat pulu tam şəkildə ödəməmişdir. 16 iyun 2023-cü il tarixdə o, həmin Filiala ərizə ilə müraciət edərək ona ödənilməmiş 2023-cü ilin mart ayının pensiyasını, cəmi 2234,57 manat pulun verilməsini xahiş etmişdir. X4 27 iyul 2023-cü il tarixli 3-17-1\2- Ə-1687-2023 saylı məktubu ilə həmin pulun ona ödənilməsinə etiraz etmişdir. Hesab edir ki, qeyd edilən 2023-cü ilin mart ayının pensiyasının, 2234,57 manat pulun güya artıq köçürülmüş pul vəsaitindən silinib ona ödənilməməsi tam qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1 maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. O, 2234,57 manat pulun ondan tutulmasına heç bir razılıq verməmişdir, həmçinin cavabdeh məhkəməyə müvafiq ərizə ilə müraciət etməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş artıq ödənilmiş pensiya məbləği haqqında xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (Qanunun preambulası). Həmin Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına, həmçinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinin 27 mart 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən prokurorluq orqanlarında azı 25 il qulluq stajı olan prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndində zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlər müəyyən olunmuşdur. Göründüyü kimi, həmin bənddə xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasının şamil edildiyi orqanların sırasında prokurorluq orqanlarının əməkdaşları barədə hər hansı bir qeyd yoxdur. Prokurorluq orqanlarında qulluq keçən şəxslərin xidmət illəri “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı və digər normativ hüquqi aktlarla həyata keçirilir. Həmin Qərarda da prokurorluq orqanları əməkdaşlarının xidmət illərinin güzəştli şərtlərlə hesablanması ilə bağlı hər hansı müddəa mövcud deyil. Bununla əlaqədar sizə prokurorluq orqanlarının işçisi kimi əmək pensiyasının hesablaması zamanı güzəştli xidmət illərinizin prokurorluq orqanlarındakı qulluq illərinizə daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquqmühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluq orqanlarına qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndinə əsasən prokurorluq işçisinin iş stajı Azərbaycan Respublikasının Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. Həmin əlavənin 4.3-cü bəndinə uyğun olaraq isə iş stajının müəyyən edilməsi haqqında qərar komssiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Bu səbəbdən də prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisinə pensiya təyinatı aparılarkən prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarı tələb olunur. Bununla əlaqədar sizə prokurorluq orqanlarının işçisi kimi əmək pensiyasının hesablaması zamanı təhsil müddətinizin və Kutaisi Qarnizonunda xidmət illərinizin Azərbaycan Respublikasında prokurorluq orqanlarında qulluq illərinizə daxil edilməsi üçün komissiyanın X3 təqdim edilməlidir. Sizə prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalı olan qulluq illəriniz qanunvericiliklə tələb edilən 25 ildən az - 17 il 11 gün (yuxarıda qeyd olunan komissiya qərarı təqdim edildiyi təqdirdə də 25 ildən az - 22 il 10 ay 12 gün) təşkil edir. Lakin aparılan araşdırma nəticəsində sizə Fondun Nəsimi rayon şöbəsi tərəfindən 1 oktyabr 2013-cü il tarixində (xx.xx.2007-ci il tarixindən hesablanmaqla) prokurorluq orqanlarının əməkdaşı kimi qanunvericiliyə zidd olaraq yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunub. Qeyd olunanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarını və 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarına uyğun olaraq sizə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş 15 aprel 2009- cu il tarixli 58867 nömrəli məlumat vərəqində göstərilən hərbi qulluqçu kimi 37 il 3 ay 12 gün (22 il 11 ay 18 gün təqvimi, 14 il 3 ay 24 gün güzəştli) xidmət illərinizi nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyanız yenidən hesablanaraq sabiq hərbi qulluqçu kimi 2234,57 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilənlərə əsasən sizə son üç il üzrə 70259,17 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı azılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş edilir.”
5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalı olan qulluq illəri qanunvericiliklə tələb edilən 25 ildən az - 17 il 11 gün (yuxarıda qeyd olunan komissiya qərarı təqdim edildiyi təqdirdə də 25 ildən az - 22 il 10 ay 12 gün) təşkil edir. Lakin aparılan araşdırma nəticəsində iddiaçıya Fondun Nəsimi rayon şöbəsi tərəfindən 1 oktyabr 2013-cü il tarixində (xx.xx.2007-ci il tarixindən hesablanmaqla) prokurorluq orqanlarının əməkdaşı kimi qanunvericiliyə zidd olaraq yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunub. Qeyd olunanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarını və 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarına uyğun olaraq iddiaçıya dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş 15 aprel 2009-cu il tarixli 58867 nömrəli məlumat vərəqində göstərilən hərbi qulluqçu kimi 37 il 3 ay 12 gün (22 il 11 ay 18 gün təqvimi, 14 il 3 ay 24 gün güzəştli) xidmət illərini nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq sabiq hərbi qulluqçu kimi 2234,57 manat məbləğində müəyyən edilib. Göstərilənlərə əsasən iddiaçıya son üç il üzrə 70259,17 manat artıq pul vəsaiti ödənilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) F.İsrafilov iddia tələbinin təmin edilməsini xahiş etdilər.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
12. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Hazırkı iş üzrə iddiaçının tələbi əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsidir.
15. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə pensiyasından tutulmalar aparılmışdır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
18. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
19. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də əmək pensiyasından tutulmalar dayandırılmalı və tutulmuş pul vəsaitinin geri ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Məhkəmə nəzərə alır ki, iddiaçı xx.xx.1967-cü il təvəllüdlüdür, xx.xx.2013-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir, əmək pensiyasından tutulmalar nəticəsində iddiaçı bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən pensiyasının itirilməsi ilə üzləşmişdir və məhkəmə iddiaçının həmin dəyişikliyə uyğunlaşmağının perspektivlərinin zəif olduğunu hesab edir. Pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, pensiyanın dayandırılması ilə bağlı inzibati orqan hər hansı qərar qəbul edilmədən faktiki olaraq pensiya ödənişinindən tutulmalar aparmışdır. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.
23. İş materiallarına, həmçinin məhkəmənin sorğusuna pensiyadan tutulmalar aparılmasından öncə cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qəbul edilmiş qərar, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər əlavə edilməmişdir. Həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilməsi - konkret olaraq pensiyadan tutulmaların aparılması barədə qərarın qəbul edilməsi müəyyən olunmur. Bu isə cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın və onun nəticəsinin qanuniliyinə qiymət verilməsini mümkünsüz edir.
24. Məhkəmə bu qərarda ifadə edilmiş yanaşmanı nəzərə alaraq hesab edir ki, işin konkret hallarına əsasən pensiyadan tutmaların aparılması nəticəsində cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmiş və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
25. Məhkəmə qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada pensiyadan tutulmalar aparılmışdır.
26. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının fərdi vəziyyətinə uyğun olaraq əmək pensiyasından tutmaların aparılması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva