Məhkəmə qərarları › İş №2-1(112)-1279/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1279/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1279/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə “Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə qərarın qəbul edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə qərarın qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq vermişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək X3 Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X3 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanındakı yaşayış sahəsinə X1 adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli digər sərəncamı ilə Yasamal rayon İcra hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 7081 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı ünvan 2 ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması barədə rəsmi müraciət olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********88 nömrəli məktubu ilə Mənzil-İstismar İdarəsinin müraciətinə imtina edilərək, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya vətəndaşın bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında mümkün olması bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********22 №li, xx.xx.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışının ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı "Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 224 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 saylı binada yerləşən 20 mənzilə vətəndaşların adına istifadə hüquqlarına dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbi ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. iddia tələbində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, 1 saylı mənzil üzərində X1 istifadə hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidmət fonduna verilməsi” hissəsində mümkün sayılmamasını, qalan hissədə isə rədd edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və üçüncü şəxslər məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın müvafiq olaraq bir hissədə təmin olunmamasını, digər hissədə isə mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İş materiallarında olan: Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının “mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 125 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılsın, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzilə dair vətəndaş X3 ilə daimi icarə müqaviləsi bağlanılsın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 3 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş X1 adına dövlət qeydiyyatına alınması xahiş edilsin. Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14, mənziı 1- yeni qaydalarla ünvan 4 ünvanı daimi istifadə hüququ ilə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısınının 224 nömrəli, xx.xx.2020-ci il tarixli “Yasamal rayon İcra Hakimiyyəti Başçısınının 121, 122, 123, 124, 125, 126, 127, 128,129,130,131,132,133,134,135,136,137,138,139,140 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv edilməsi haqqında” Sərəncamına əsasən, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135,136,137,138,139,140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunsun, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14,15,16,17,18,19,20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilsin. Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilsin. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olan xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 20 may 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, gələcəkdə “Mənzil-İstismar sahəsi” adından Bakı şəhəri, Yasamal rayonu, 6 nömrəli mənzil-İstismar sahəsinin rəisi X5 şəxsində bir tərəfdən və gələcəkdə “İcarəçi” adlanan Seyfəddin Dağlı küçəsi, 14 nömrəli evdə mənzil icarə edən vətəndaş X1 şəxsində digər tərəfdən aşağıdakılardan ibarət müqavilə bağlanılır – 1. İcarəçi, onun ailə üzvləri və mövcud olan qanuna müvafiq icarəçi tərəfindən yaşamasına yol verilən şəxslərin yaşamaları üçün Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 nömrəli evin, 64,38 kv.m sahəli, 3 otaqdan ibarət 1 nömrəli mənzilin təhvil-təslim aktına göstərilmiş qaydada və vəziyyətdə Mənzil-istismar sahəsi icarəyə verir, icarəçi isə icarəyə götürür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 1/731 nömrəli məktubuna əsasən, Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı 01 mart 2019-cu il tarixli, **********11 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən 3 mərtəbəli binaya dair hüquqmüəyyənedici sənədlər təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reystrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar, 8.4cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir, 9-cu bəndinə görə İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 1.3-cü bəndində göstərilmişdir ki, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması tələbi üzrə cavabdehlik daşımalı olan inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsidir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrıayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (“İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır. İddianın digər yəni, mübahisəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi hissəsinə gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tələb üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinə görə sonuncunun vəzifələrinə (səlahiyyətlərinə) aid olmadığından həmin iddiaya cavab verən inzibati orqan deyil, bu səbəbdən iddia bu hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,35, 45, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə qərarın qəbul edilməsi” barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar