Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12792/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müvafiq dövrlərin iş stajına daxil edilməsi və pensiya təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. İddiaçıya məxsus НЗ ******* nömrəli Hərbi Biletə əsasən iddiaçı 1978-ci ilin noyabr ayından 1980-ci ilin noyabr ayının 24-dək həqiqi hərbi xidmətdə olmuşdur (2 il). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1985ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur (cəmi 14 il 02 ay 18 gün). M.Ə.Əfəndiyev adına 2 nömrəli B.Ş.K.X. tərəfindən verilmiş epikrizdən görünür ki, X1 (iddiaçının anası) xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək xəstəxanada müalicə almışdır. 023061 nömrəli arayışdan görünür ki, X3 (iddiaçının atası) birinci qrup əlildir və kənar şəxslərin daimi köməyinə ehtiyacı var. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli Arayışına əsasən iddiaçı ünvan 1 ünvanda ata və anası ilə yaşayıb və onlara qulluq edib. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 16 il 2 ay 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bundan sonra-Qaydalar) 4.1.6- cı yarımbəndinin 3-cü abzasına əsasən qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən həyata keçirilir. Qaydaların 4.1.8-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri əsasında sosial sığorta stajına daxil edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən bildiririk ki, qulluq etməyinizə dair sizin və qulluqolunanın qarşılıqlı şəkildə notariat qaydada təsdiq olunmuş ərizələrinizi və ya ona xx.xx.2003-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək qulluq etdiyinizi təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında yaşa görə əmək pensiyası hüququnuza qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq sizə xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2024-cü ilin iyul ayının 28-də təyin edilmiş yaşa görə sosial müavinət barədə qərarın ləğv edilməsi və 2024-cü ilin iyul ayının 28-dən yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki tələbi ilə yanaşı 1975-1978-ci illərdə zavodda işlədiyi, bundan başqa xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilə qədər birinci qrup əlil olan atasına qulluq etdiyi, həmçinin xx.xx.2003-cü ildən xx.xx.2019-cu ilə qədər xəstə anasına qulluq etdiyi dövrləri sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2024-cü ilin iyul ayının 28-də cavabdeh təşkilatın rəhbərliyi yaşa görə sosial müavinət təyin edilməsinə dair qərar qəbul edib. Hesab edir ki, ona təyin edilmiş yaşa görə sosial müavinət barədə qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, əvəzində yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, cavabdeh təşkilat onun 1975-1978-ci illər ərzində “Azerelektrosvet” zavodunda işlədiyini, bundan başqa 1995-ci ilin noyabr ayının l-dən 2003-cü ilin noyabr ayının 29-na kimi İ qrup əlil olan atasına qulluq etdiyini, həmçinin 2003-cü ilin dekabr ayının 21-dən 2019-cu ilin mart ayının 2-nə qədər xəstə anasına qulluq etdiyini nəzərə almayıb. Halbuki, Konstitusiyanın 149-cu maddənin 7-ci bölməsi buna şərait yaradır. Eyni zamanda iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın direktoru cənab Mail Məmmədov barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın direktoru cənab Mail Məmmədovun xx.xx.2024-cü il tarixli məktubunu gözdən keçirərək, korrupsiya hüquq pozmalarını aşkar etmişdir. Belə ki, cənab M.Məmmədov Qaydanın 4.1.6-cı yarımbəndinin 1 və 2-ci abzaslarının məzmununu məktubda qeyd etməmişdir. Lakin orada müəyyən edilən sənədləri təqdim etmədiyinə görə ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Halbuki, 2007-ci ilə qədər qulluq olunanların pensiya və təqaüdlərini almaq üçün notarius xidməti tələb olunmayıb. Çünki o vaxt poçtalyonlar pensiya və təqaüdləri normativ hüquqi akta əsasən qulluqolunanların çarpayısına qədər etibarnaməsiz gətirirdi. Hesab edir ki, cənab M.Məmmədovun əməllərində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.8, 9.3.9 və 9.3.12-ci maddələrinin tərkibi var. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti üzrə xx.xx.2024-cü il tarixli 3-17-1/2-T- 228217/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçıya ünvanlanan imtina məktublarında qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İş materiallarında olan ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən sənədlərin surətlərinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 16 il 2 ay 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bundan sonra-Qaydalar) 4.1.6-cı yarımbəndinin 3-cü abzasına əsasən qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən həyata keçirilir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun 1975-1978-ci illər “Azerelektrosvet” zavodunda işlədiyi illər, 1995-ci ilin noyabr ayının 1-dən 2003-cü ilin noyabr ayının 29-a kimi İ qrup əlil olan atasına qulluq etdiyi dövrlər və 2003-cü ilin dekabr ayının 21-dən 2019cu ilin mart ayının 2-ə qədər xəstə anasına qulluq etdiyi dövlər nəzərə alınmamışdır. Bununla bağlı bildirilir ki, Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə aşağıdakı sənədlərə əsasən sosial sığorta stajına daxil edilir:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; (müraciətə ərizələr əlavə olunmamışdır)
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; (iddiaçı barəsində bu təqaüd növünü alması barədə MEİS-in “Sosial ödənişlər” altsistemində məlumat aşkar olunmadı)
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda - məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüd MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən İddiaçı ödənilməmişdir. Qaydaların 4.1.8-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri əsasında sosial sığorta stajına daxil edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən bildirilir ki, İddiaçı qulluq etməsinə dair onun və qulluqolunanın qarşılıqlı şəkildə notariat qaydada təsdiq olunmuş ərizələrini və ya ona xx.xx.2003-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək qulluq etməsini təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını DOST Mərkəzlərinə təqdim etməklə onun təkrar müraciəti əsasında yaşa görə əmək pensiyası hüququnuza qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq İddiaçı xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Eyni zamanda cavabdeh xüsusi qərardad çıxarılması barədə vəsatətə dair yazılı etiraz təqdim edərək iddiaçının vəsatətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 9.3-cü maddəsinə əsasən vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır: - Qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək; - Qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək; - Fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq. Belə ki, Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə aşağıdakı sənədlərə əsasən sosial sığorta stajına daxil edilir: 1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda - məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan sənədlərə əsasən həmin dövrlər staja daxil edilir. Bu da aydın şəkildə göstərir ki, qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatlar və sənədlər iddiaçıdan tələb edilməmişdir. Cavabdeh tərəfindən göndərilən məktubda İddiaçı qeyd etdiyi korrupsiya hüquq pozmaları aşkar olunmamışdır və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun heç bir maddəsinin tərkibi mövcud deyildir. Bu kimi iddia tamamilə əsassız, sübutsuz və faktiki hallara istinad etməyən ittihamdır. Heç bir hüquqi və faktiki sübutla təsdiqlənməmişdir.
Tərəflərin iştirakı və izahatları:
İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi və xüsusi qərardad çıxarılması barədə vəsatətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi və vəsatətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia olmaqla mümkünlük şərtlərinə cavab verir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. ... Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Bənd 4.1.6. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; ... 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; … İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun 1975-1978-ci illərdə zavodda işlədiyi, bundan başqa xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilə qədər birinci qrup əlil olan atasına qulluq etdiyi, həmçinin xx.xx.2003-cü ildən xx.xx.2019cu ilə qədər xəstə anasına qulluq etdiyi dövrlərin sığorta stajına daxil edilməsi, ona yaşa görə sosial müavinət təyin edilməsi barədə qərarın ləğv edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd edilən iş stajı (cəmi 16 il 2 ay 18 gün) cavabdeh tərəfindən nəzərə alınmışdır. Cavabdeh tərəfindən nəzərə alınmayan və iddiaçı tərəfindən mübahisələndirilən dövr onun 1975-1978-ci illərdə zavodda işlədiyi, bundan başqa xx.xx.1994-cü ildən xx.xx.2003cü ilə qədər birinci qrup əlil olan atasına qulluq etdiyi, həmçinin xx.xx.2003-cü ildən xx.xx.2019-cu ilə qədər xəstə anasına qulluq etdiyi dövrlərdir. İddiaçı 1975-1978-ci illərdə zavodda işlədiyini, xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilə qədər birinci qrup əlil olan atasına qulluq etdiyini, həmçinin xx.xx.2003-cü ildən xx.xx.2019-cu ilə qədər xəstə anasına qulluq etdiyini iddia etsə də, bunları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi inzibati icraat materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun 1975-1978-ci illərdə zavodda işləməsi öz əksini tapmamış, o cümlədən əmək kitabçasında iddiaçının əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixdən başlaması və həmin tarixədək heç bir yerdə işləməməsi qeyd edilmişdir. Məhkəmə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilə qədər birinci qrup əlil olan atasına, xx.xx.2003-cü ildən xx.xx.2019-cu ilə qədər xəstə anasına qulluq etməsi ilə bağlı qeyd edir ki, müvafiq sübutetmə vasitələri ilə təsdiq edilməli olan həmin hallara dair iddiaçı tərəfindən qeyd edilən dövrləri təsdiq edən və mövcud qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər (müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş akt, iddiaçının bu faktların təsdiqi ilə bağlı ümumi məhkəməyə müraciəti və s.) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının valideynlərinin xəstə və əlil olması barədə, o cümlədən iddiaçının valideynləri ilə birlikdə yaşamasına dair arayışlar iddiaçının həqiqətən əlil olan valideynlərinə qulluq etdiyi nəticəsinə gəlməyə imkan verən mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 1975-1978-ci illərdə zavodda işləməsi, xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilə qədər birinci qrup əlil olan atasına qulluq etməsi, həmçinin xx.xx.2003-cü ildən xx.xx.2019-cu ilə qədər xəstə anasına qulluq etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından və müvafiq olaraq 25 ildən çox iş stajı olmadığından, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələbləri nəzərə alınmaqla pensiya hüququ yaranmamış olur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, iddia təmin edilməməlidir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə hər hansı şəxsin əməllərində cinayət əlamətləri olmadığından iddiaçının xüsusi qərardad çıxarılması barədə vəsatəti də təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva